Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 21:08

Tələbələr təcrübə əvəzinə məcburi olimpiada könüllüsü olmaq dilemması qarşısında


Arxiv fotosu
Arxiv fotosu

-

“Universitetdə bizi məcburi könüllü kimi qeydiyyata alırlar. Bir aylıq yay təcrübəsi ləğv edilir, əvəzində Avropa Oyunlarında könüllü kimi çalışmalıyıq.”

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Muxtar Qənibəy (tələbənin istəyi ilə adə şərtidir- Azadlıq Radiosu) deyir ki, onun həmkarları qarşısına belə bir şərt qoyulub: ya Avropa Oyunlarında könüllü kimi çalışmaq, ya da yay təcrübəsindən yayınmış kimi qeyd edilmək.

Tələbələrin çoxu bu barədə bizə danışmaq istəmədilər. Bildirdilər ki, 3 il təhsil alandan sonra universitetlə aralarında problem yaranmasını istəmirlər.

PEŞƏ HARA, OYUNLAR HARA...

AzadlıqRadiosuna danışan universitet tələbəsi isə bildirir ki, dekanlıq bir neçə gün əvvəl tələbələri yığıb və onlara durumu izah edib. Tələbələrin yay təcrübələri Avropa Oyunlarında iştirakları ilə əvəzlənir. Özü də bu məcburidir. Əgər kim könüllü olaraq qeydiyyatdan keçməkdən imtina etsə, bu, yay təcrübəsindən yayınma kimi qeyd olunacaq:

“Heç kim 16 günlük könüllülüyə görə 3 illik əziyyətini heyf etmək istəmir. Ona görə də razılaşıb qeydiyyatdan keçdik. Məndən soruşdular ki, hansı idman növündə könüllü olmaq istəyirsən. Bildirdim ki, fərq etməz. Hələ bir həftə təlimə getməliyik. İşimizin nə olacağını bilmirəm. Ixtisasızmız üzrə təcrübə qazanmaq hara, gedib könüllü olmaq hara... ”

Tələbə qeyd edir ki, bəhs edilən məslə 3-cü kurs tələbələrinə aiddir.

İqtisad Universitetindən AzadlıqRadiosuna bildirdilər ki, 3-cü kurs tələbələrinin yay təcrübəsi ləğv edilməyib. Məcburi könüllülüyə qeydiyata alınmaq söhbəti də yoxdur:

“Avropa oyunlarına könüllü kimi qatılanlar yay təcrübəsindən azad olunurlar. Bu, onlar üçün təcrübəni keçmiş hesab olunacaq.

Başqaları isə yay təcrübəsinə gedəcəklər. Qeydiyyatdan keçmək üçün heç bir məcburiyyət yoxdur.”

AzadlıqRadiosu məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu göndərib. “İnformasiya əldə etmək haqqında” qanununa görə, informasiya sorğusuna ən qısa müddətdə, lakin 7 iş günü ərzində cavab verilməlidir. Amma martın 19-da göndərdiyimiz sorğuya hələlik Nazirlikdən cavab almamışıq.

Bakı 2015 Avropa Oyunları iyunun 12-dən 28-ə qədər, ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Təşkilati işlərə 12 000 könüllünün cəlb olunması nəzərdə tutulur.

Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının iştirak etməsi gözlənilir.

XS
SM
MD
LG