Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:00

"Dəli kişi"nin hayqırtısı


Bilal Həsənov
Bilal Həsənov

-

Murada qarşı etdiklərimiz məni içəridən boğurdu.

Sanki indicə əlimə yekə samuray qılıncı alıb balaca, iri gözlü pişik balasını tikə-tikə doğrayıb itlərə yedizdirmişdim...

Bilal Həsənov

DƏLİ KİŞİ

Mənim heç zaman “dəli” sözündən xoşumgəlməyib.

Səbəbin özüm də tam bilmirəm. Amma qəlbim bu sözü həzm edə bilmir. Bu söz qulaqlarımı kəsir. Əsəbiləşdirir məni. Cinlədir. Nə bilim, incidir. Qabadır.

Sanıram ki çox iyrəncdir. Ruhi xəstə, əqli cəhətdən qüsurlu insanlara qarşı sanki bir ədəbsizlikdir bu söz.

Sanki onların haqqın tapdalayır. Alçaldır. Təhqir edir. Mənə elə gəlir ki, bu sözlə cəmiyyət onları özündən ayırır, xətt çəkir üstlərindən, mağaralara qovur, tənhalıqa sövq edir, cılızlaşdırır.

Elə dəlixana sözünün özü də.

Əcdadlarımız tənbəlliyin dərdindən hər sözün axırına bir “xana” kəlməsi atıb dilimizi yola veriblər. Kitabxana, toyxana, çayxana, xəstəxana, qəhbəxana, dəlixana...

(fikir verməyin, müəllif özü də sizin kimi bir dəlidir)

Ona bu ayamanın kim tərəfindən, nə vaxt verildiyi məlum deyildi. Yalnız uzun illər sonrası oğlundan dürüst adını öyrənə bilmişdim. O mənim uşaqlıq dövrümün ən qorxulu yuxusu, ən dəhşətli kabusu, poltrqeysti, qulyabanisi, damdabacası, nə bilim lap elə çupakabrası idi. Əbası hər zaman, hər fəsildə eyni, dəyişməz idi. Əzik-üzük “ayradrom” papaq,illərnən ütülənməmiş, yamaqlı, yuyulub-sərilməkdən qısalmış şalvar, üstü ləkəli, ətəkləri açıq, bir neçə düyməsi itirilmiş köynək.

Çəkmə əvəzinə rezin şəp-şəpi geyinərdi. Xırda gözləri bir an belə dayanmadan kimisə axtarar,soyuq küləkdən çatlamış dodaqları altında nə isə mızıldanardı. Mən heç zaman onun üzünü təraş edilmiş görmədim.

O bizim binayla üzbəüz binanın birinci mərtəbəsində yaşayırdı. Səhər hələ dan yeri ağarmamış küçəyə çıxar, düz eyvanının qarşısında, bir neçə kubikdən tikilmiş daşskamyada əyləşərdi. Əlində həmişə qalın budaqdan yonulmuş çomaq olardı. Arabir çomağı qırağa qoyub, yoğun, qaralmış, qaba barmaqları ilə təsbeh çevirərdi.

Düzəltdiyi skamya arxasında taxtadan hasara alınmış balaca bağçası var idi. Əgər buna bağ-bağça demək olardısa. Eni-uzunu dörd addımlıq olan yerdə yalnız bir söyüd ağacı vardı. Həmin ağacaçox diqqətlə baxdıqda ağaca bənzətmək olardı. Çünki ilk baxışdan bu ağac adi taxta dirəyə bənzəyirdi.

Dəli kişibu ağacın bütün budaqlarını sellofana, əskiyə, parçaya bürümüşdü. Ağac kökündən ən uca yarpağına qədər bürünmüş, qurumuş mumiyaya bənzəyirdi. Dəli kişi onu qoruyurdu, sanki donmaqdan, soyuqdan, quşların nəcisindən, insanların qəzəbindən, uşaqların dəcəlindən, küləyin əcəlindən qoruyurdu o ağacı. Yatdığı otağın pəncərəsinə çöl tərəfdən dəmir barmaqlıqlar vurulmuşdu. Çox nadir hallarda, əsasən qış aylarında, çovğunlu, qarlı-boranlı, tozlu-torpağlı, tərs küləkli havalardaonun xırda gözləri həmin dəmir barmaqlıqlar arasındanmumiya-ağacın keşiyini çəkirdi.

Günlərin bir günü həmin binada beşinci mərtəbədə yaşayan bir kişi, məndən ona siqaret almağımı istədi. O zamanlar böyüklərin sözündən çıxmamaq hələ dəbdə idi. Biz futbol oynayırdıq. Qonşu məni səsləyib eyvandan “şpilkayla” bərkidilmiş pulu mənə atdı.

O saat yerimdən tərpəndim. Tez yaxınlıqdakı köşkdən bir qutu siqaret alıb ildırım sürəti ilə “bloka” girdim. Eşidəcəyim tərif mənə dəli kişini unutdurmuşdu. Yanından şütüyəndə fikirləşdim ki, qayıdanbaşı mənə dəyməz. Bir də ki mən ona neyləmişəm ki, bir dəfə də olsun onu nə cinlətmişəm, nə də çomağını oğurlamağa cəhd etmişəm. Düşünürdüm bunlar onun yadında qalar.

Qonşuya siqareti verib aşağı düşəndə, ikinci mərtəbənin şüşəsiz pəncərəsindən aşağı baxdım. Dəli kişi yerində yox idi. Sevindim, tələsik pilləkənləri iki-iki hoppanaraq aşağı düşdüm. Amma demə dəli kişi məni qapısının arxasında gözləyirmiş. Gözləmədiyim anda qapının arxasından göründü. Çomağıynan mənim belimi divara sıxıb, digər əli ilə gözlərimi basmağa başladı. Gözümü çıxartmaq istəyirmiş. Çox güclü idi. On bir-on iki yaşım olardı, ona müqavimət göstərmək gücündə deyildim. Diqqətlə kirli dırnaqlarına baxırdım. Barmaqları üfünət iyi verirdi. Macal tapıb əlindən çıxa bildim. Bərkdən qışqırdım.

Qonşu qapıdan bir qadın çıxdı, o da qorxub çığırdı. Beşinci mərtəbədən səsə bayaq siqaret aldığım qonşu düşdü, məni dəli kişinin əlindən aldı. Doğrusu, çox qorxmuşdum, bir neçə ay yolum dəli kişinin yanından keçirdisə də, yolumu dəyişirdim. Yuxuda sayıqlayırdım. Gecələr məni soyuq tər basırdı. İndi düşünürəm ki, yaxşı ki sarılıq tutmamışam. Bir neçə dəfə başqa uşaqların onun əlindən qaçdığını görmüşdüm. Amma belə hisslər keçirəcəyimi gözləmirdim. Əl qərəz, sözün əsl mənasında dəli kişi məni sıçızdırmışdı. Amma adrenalin qəbulu kefimə təsir etmişdi. Dəli kişinin əlindən çıxandan sonra bilmirdim ağlayım, yoxsa gülüm.

Bu üzdən dəli kişi bizim uşaqlıq illərimizin əyləncəsi idi. Dəli kişi bizim planşetimiz, ayfonumuz, kompyüterimiz idi. Bəli, bu belə idi. Bu o dövrün, o zamanın reallığı, acı da olsa həqiqəti idi. Zatən o səbəbdən dəli kişibizə, bu məhlənin uşaqlarına nifrət edərdi.

O bizə qənim kəsilmişdi. Sakitcə, dinməzcə öz yerində skamyasında oturardı. Bir yaşlı insan binanın girəcəyinə yaxınlaşardısa dəli kişi susar, heç bir reaksiya verməzdi. Amma di gəl ora bir uşaq girə, vay onun halına. Birini boğar, o birisinin gözün çıxartmağa cəhd edərdi. Qarşı tərəf də borclu qalmazdı.

Birisi dəli kişinin çomağını oğurlayar, digəri onun ağzını yamsılayardı, kimisi ustünə daş atar, kimisi ağacını yandırmağa cəhd göstərərdi. Bir tərəfdən aclıq, arxa tərəfdən vətəndaş müharibəsi, o biri yandan Qarabağ, yəsizlik millətin uşaqlarına da təsirsiz ötüşməmişdi. Erməni azərbaycanlıya, vəhşi məhəllənin vəhşi sakinlərinin vəhşi balaları isə ruhi xəstə bir qocaya qarşı müharibə elan eləmişdilər.

Ara günlər hərbi hospitalın həyətinə enən helikopter, Qarabağdan yaralı əsgərləri gətirərdi.Adətən öncə yaralıları boşaldar, sonda meyitləri çıxardardılar. Meyitləri boşaldandabir neçə uşaq qaçıb sanitarlara kömək göstərməyə can atardı. Meyitlərin yarısı əlsiz, ayaqsız, gözsüz, başsız idi. Qan iyi, insan sidiyi qoxardı helikopterin içi. Canlı olaraq ölümün üzünə baxmaq da bir əyləncə idi uşaqlar üçün.

Bizdən cəmi-cümlətanı otuzcakilometr aralı olan hələ kasıb, götü genəlməyən Bakıda isə kimisi “oturmayan ermənidi” deyər, kimisi “dahi rəhbər”i köməyə çağırar, kimisi vətəni satardı. Biz isə hospitalın həyətindən qayıdıb top qovardıq. Axşamlar növbədə çörək davası edərdik, Van-Damdan, Bryus Lidən, Ceki Çandan danışardıq.

İsti, tərli, boğanaq yay günlərindən biri başa çatmaq üzrə idi. Artıq günəş batmışdı. Dənizdən əsən mülayim meh tərli bədənlərimizi sığalladıqca, ruhumuza bir rahatlıq gətirirdi. Top qovmaqdan yorulmuş, əldən düşmüş bir topa məhəllə uşağıhələ sovetdən qalma, taxtadan düzəldilmiş sınıq-salxaq skamyada uzanmışdılar. Nəzərlər, firiklər, axşamı şən və məzəynən başa vurmaq üçün dəli kişiyə yönəlmişdi.

Dəli kişi özü də artıq narahat idi. Məhlədə inanılmaz süküt var idi. Hamı kulminasiya anının yaxınlaşdığını anlayırdı. Sanki indi nə isə baş verməli idi, nə isə olacaq idi. Dəli kişinin çomağını oğurlamaq, ələ keçirtmək böyük hünər tələb edirdi.

Bu çomağı əldə edən o saat nüfuz, avtoritet sahibi olurdu. Dəli kişi bu neçə illər davam edən müharibədə öz çomağını cəsarətlə, dəqiq və sərrast atmağı öyrənmişdi. Neçə-neçə oğlanların belində bu çomaq qanlı iz buraxmışdı, başında çapıq qoymuşdu. Yüz kilometrlərlə uzaqda erməni-azərbaycanlı müharibəsi ilə bərabər bu balaca məhəllədə də mini müharibə davam edirdi. Bu müharibədə də itkilər verilir, qələbələr qazanılırdı.

Qəfildən uşaqlardan birigözlənilmədən bağın arxa tərəfindən düz dəli kişinin qarşısına hoppandı. Onun qabağında oynamağa başladı. Skamyada oturan uşaqlara canlanma gəldi, qışqırıq, fit, söyüş, gülüş səsləri məhəlləni bürüdü. Şou başlamışdı.

Dəli kişi bir anlıq çaşdı, gözləmirdi, sanki dondu və o saat bir anı belə gecikdirmədən çomağını balaca düşməninə tərəf atdı. Amma təəssüf, bu dəfə dəli kişinin əli büdrəmişdi və balaca düşmən çevik çomağın üzərindən tullandı, çomaq isə fırlanaraq toy-yas mərasimləri üçün nəzərdə tutulmuş tikilinin divarına dəyib yerə düşdü. Uşaqlardan biri cəld onu götürərək, sanki qalib kimi, sanki Roma qladiatoru olmuş kimi, tez tikilinin üzərinə dırmaşıb sevincdən boğaz damarları şişənə kimi hayqırdı. Dəli kişi məğlub durumda idi. Silahsız, çomaqsız,sözlərini ifadə etməyi belə bacarmayan ruhən xəstə insanı vəhşi uşaqlar dairəyə almışdılar.

O zamanlarbiz uşaqlar bütün bəlaların ermənilər tərəfindən gəldiyinə tam inanırdıq. Gah ermənilər “turbo” saqqıızına donuz dırnağı atır (azərbaycanlıların çoxala bilməməsi üçün), gah Araza kimyəvi maddə tökürdülər. Kimsə də demişdi ki, dəli kişi erməni əsirliyində olub, onu orda döyüb dəli eləyiblər.

Biz də buna inanmışdıq. Baxmayaraq ki, o hələ bu müharibə başlamazdan çox-çox əvvəl bu məhəllədə məskən salmışdı. Nə isə, əl qərəz, indi həmin o qoca ruhi xəstə erməni əsirliyindən çıxıb, öz məmləkətində öz millətinəəsir düşmüşdü. Sonluğun nə iləbitəcəyini heç kim anlamırdı. Heç kim gözləmirdi. Dəli kişi anlaşılmaz sözlər deyir, əllərin yelləyir, sanki yalvarırmış kimi belini əyirdi. Bunu görən uşaqlar sanki daha da vəhşiləşmişdilər, sanki daha da qızışırdılar. Kimsə onun papağını əli ilə başından vurub yerə saldı.

Başladılar papaqla futbol oymağa. Sonra bezib, çomağını ona verirlərmiş kimi uzadır, dəli kişi əlin uzatdıqda bir-birlərinə ötürürdülər. Və ən nəhayət uşaqlardan birisi çomağı sındırdı və atdı dəli kişinin üzərinə. Qəhqəhə, gülüş, fit, səs-küy, qışqırıq səsləri aləmi bürüdü. Zəifi əzmək, onunla məzələnmək və bundan həzz almaq, orqazma gəlmək, eyforiyaya düşmək, nirvanaya çatmaq.Ən məşhur insan xisləti özünü göstərmişdi.

Bayaqdan bütün baş verənləri dinməz-sakitcə izləyən məhəllə sakinləri artıq araya girməyin vaxtı olduğunu deyəsən anlamışdılar. Sakinlərin bəziləri baş verənləri öz eyvanından, digərləri isə elə qıraqdaca izləyirdilər. Tükürpədici tamaşanın sonu yaxınlaşırdı, kimsə cürət tapıb özünü bu dairənin içinə atıb tamaşanı bitirməli idi. Bu kəs isə elə dəli kişinin özü oldu.

Dəli kişi bütün bədəni ilə dizləri üstə yerə çöküb, aylarla qırxılmayan, tük basmış başını yerə döyərək insana xas olmayan səslə qışqırmağa başladı. Bu, insan səsi deyildi, heç hər hansı heyvana da məxsus səsə oxşamırdı. Bu nə qışqırtı idi, nə də hayqırtı.

Dəli kişi sanki lap bərkdən, daha ucadan qışqıraraq boğazında genəlmiş damarlarını partladıb onu dairəyə alan uşaqları öz qanına qəltan etmək istəyirdi. Dəli kişi hönkürtü ilə ağlayırdı, başından gələn qan onun göz yaşlarına, ağız suyuna, burun firtığına qarışmışdı. Onun başından axan qan asfalt döşəmənin içində ilişib qalmış xırda çay daşlarını qara rəngə boyamışdı.

Tamaşçıların hamısı uşaqlar içi qarışıq donub qalmışdılar. Sanki bu bir qəlbin mübarizəsi, müqaviməti, inqilabı idi. O səs, o qışqırıq, o qan xəstə bir insanın bütün ətrafda baş verənlərə, müharibəyə, yiyəsizliyə, dərəbəyliyə, vicdansızlığa, insafsızlığa, insansızlığa, cəmiyyətə, zamana, dövlətə, bəşəriyyətə yönəlmiş bir inqilabı, mübarizəsi idi. O səs ağır qurğuşun tək qulaqrlarımıza sırğa olmuşdu.

O səs Allah tərəfindən əqli alınmış bir insanın kökündən xəstə olan bir cəmiyyətə yönəlmiş şilləsi idi. O səs xəstə insan bir kənara, sağlama belə hörmət bəsləməyən, biri-birinin ətini didib yeməyə hazır olan, zəifi bas, güclüyə baş əy ənənəsi ilə uşaqlarını böyüdən debil, manyak, vəhşi insan yığınına yönəlmiş bir yumruğ idi. O səs bayaqdan ətrafda baş verən hadisəyə apatik baxan qonşuların üzünə tüpürülmüş lopa tüpürcək, götlərinə dəymiş təpik idi. O səs ta bu günəcən qulağımda cingilti verir, uşaqlığımı bu günümlə nazik simkimi birləşdirir.

Nəhayət, dəli kişinin oğlu işdən qayıdarkən bu mənzərəni görüb dairəyə girdi. Hamı donub qalmışdı. Qonşulardan bir-ikisioğlanla köməkləşib kişini ayağa qaldırdılar. Oğul atasının papağını yerdən götürüb çırpdı, təmizlədi, atasının başına qoydu. Atasının əlini boynuna atıb belindən ehmalca yapışaraq evlərinə sarı sürüdü. Dəli kişi sanki ölü idi. Qanı quruyub üzünün yarısını örtmüşdü. Əlləri əsirdi. Dodaqları titrəyirdi. Tüklü çənəsinin altından tüpürcək sallanırdı.

Hamı buz heykəl kimi onların arxasınca baxırdı. Artıq hava qaralmışdı. İsti, boğanaq, tərli, ağcaqanadlarla bol yay gecəsi bitməkdə idi. O hadisədən sonra dəli kişi bir müddət öz yerində görünmədi. Sanki qeybə çəkildi. Sanki onu yad planetlilər bir gecədə aparmışdılar.

Mülayim aprel günlərindən biri idi. Mən artıq tələbə idim. Elə avtobusdan düşüb təzəcə məhləyə girmişdim. Məhlədə qəribə bir süküt vardı. Qulaqbatıran sakitlik. Belə sakitlik adətən qəbiristanlıqda olur. Xeyir-şər evinin qapısı açıq idi. Qapının yuxarısında qaz borusuna qara yaylıq bağlamışdılar. Anladım ki, dünyasını dəyişən yaşlı adamdır.

Paslanmış dəmir qapının önündə söhbət edən bir-iki kişiynən salamlaşıb içəri keçdim. İçəridə adam az idi. Molla nə isə danışırdı. Keçib bir qıraqdan məhlə uşağının yanında əyləşdim. Başımı qaldırıb molla tərəfə baxanda gördüm mollanın başı üzərində, rəngi qaçmış, toz basmış xalçada dəli kişinin “ramkaya” salınmış şəkli.

Dəli kişi göy səma fonunda qəribə baxışnan hüzürdə oturanları seyr edirdi. Mənə elə gəlidi ki, o düz mənə baxırdı. Dəli kişi bu günə kimi təmiz yadımdan çıxmışdı. Uşaqlıq illəri geridə qalmışdı. Başım qarışmışdı. Estafet indi cavanlığın əllində idi. Cavanlıq da məni boynuna mindirib sürətlə şütüyürdü.

Kim isə çay gətirdi. Qarşıma açıq sarı rəngdə, nəlbəkidə bərkimiş halva qoydu. Qaynar çaydan qalxan buxar əcaib formalar yaradıb qarşımda oturan yaşlı kişinin siqaretinin tüstüsünə qovuşub qeybə çəkilirdi. Ətrafıma göz gəzdirdim. Dəli kşinin ölümü məclisdə oturanların heç vecinə də deyildi. Adətən cavan insan öləndə süni də olsa üzlərinə kədər maskası taxırlar. Bu dəfə maskaya ehtiyac yox idi. Yağlı plovdan yemiş məclis əhli öz kefində idi.

Cavanlar maşından, telefondan, qızlardan, lotulardan, yaşlılar siyasətdən, hökümətdən, lap qocalar da pensiyanın azlığından danışırdılar. Molla artıq susmuşdu. Çayım soyumuşdu. Yerimdən qalxıb dəli kişinin oğluna yaxın oturdum. Salamlaşıb başsağlığı verdim. Qonşular gic-gic suallar verirdi, o da atası haqda danışırdı.

Demə, dəli kişinin əsl adı Murad imiş. Kökləri qərbi Azərbaycandan imiş. Beş qardaş olublar. Murad sonbeşik idi. Murad tam sağlam uşaq kimi doğulub. Məktəbə gedib. Ağıllı, dərrakəli olub.

Anasını-atasını çox istəyirmiş. Atası indiki terminlə desək, fermer olub. Murad atasına çox köməklik edirmiş. Hər işində əl tuturmuş. Amma Muradın on yaşı olanda anası ağır xəstəlikdən dünyasının dəyişir. Muradın dərdi yerə-göyə sığmır. Ana deyib dururmuş. Torpaq soyuqdur. İnsan tez yaddan çıxır. Amma Muradın ürək ağrısı soyumurmuş. Uşaq bir gün evdən qaçır anasının qəbri üstə.

Bir xeyli hönkürtü vurub ağlayır. Tam qüvvədən düşür, elə anasının qəbri üstündəcə yatır. Ayılanda isə görür gecə düşüb. Ətrafda heç kim yox, qaranlıq qəbiristanlıq, çaqqallar ulaşır. Muradı səhər qardaşları kənd əhliylə birlikdə qəbiristanlıqda anasının qəbrinə sığınmış tapırlar. Murad qorxudan bütün gecəni yatmayıbmış. Uşağı tapanda rəngi dümağ imiş. Murad o gecədən sonra daha danışmadı. Ağlını itirmışdı.

Sonralar qonşular danışırdı ki, Muradın arvadını aldadıb ona alıblar. Yazıq arvad heç bilmirdi onu kimə verirlər. Görəndə isə artıq gec idi. Deyirdilər ki, Muradın cavanlıqda tutması yox idi. Qocaldıqca aqressiv olmuşdu. Bir də görürsən heç nədən baltanı götürüb cumurmuş evdəkilərin üstünə. Oğlu, ya qardaşı onu sakitləşdirib baltanı əlindən alırmış.

Oğlu danışırdı ki, qonşulardan, qohum-əqrabadan utanıb onu heç bir xüsusi müalicə mərkəzinə göndərmirdilər. Birdən kimsə deyər ki, atasını dəlixanaya basıb. Eləcə Muradın otağından bütün mebeli götürüb, divarları matrasla döşəyib, yatmaq üçün bir çarpayı saxlamışdılar. Pəncərəsinə də dəmir barmaqlıqlar qaynaq etmişdilər. Bir neçə dəfə gecə it hürəndə, Murad pəncərəni qırıb əli qanlı-qanlı qaçıbmış küçəyə.

Muradın həkimlərə, xüsusi müalicəyəehtiyacı olduğu bir zamanda, onu o pirdən bu pirə, bir falçıdan digərinə, şarlatandan-fırladana sürüyüb axırda əldən-həvəsdən düşüb birtəhər evləndirmişdilər. Deyirlər onun ailəsi köç eləyəndə Murad bərk əsəbiləşir və qaçıb gedir anasının qəbrinin keşiyini çəkməyə. Bir neçə gün evə gəlmir, elə oradaca qalır. Sonda birtəhər onu dilə gətirə bilirlər. Amma Murad qəbrin yanında bitən söyüd ağacının budağını və bir ovuc torpağı özüynən götürür. Onun hər-tərəfdən hasara aldığı bağçasında, sellofana, əski-üsküyə büküb qoruduğu ağac həmin budağ idi. Həmin bir ovuc torpağda əkilmış budağ.

Yasdan çıxıb paslanmış qapının yanında duruxdum. Düzü, çox sarsılmışdım. Əgər siqaret çəkən olsaydım, mütləq bir siqaret yandırıb fikrə dalardım. Amma siqaretsiz də beynimdə fikir burulğanı tüğyan edirdi. Qulaqlarım qızarmışdı. Elə bilirdim qızdırmam var. Bir anlıq balaca Muradı nəm torpağa qısılmış gördüm. Başdaşı əvəzinə qoyulmuş kubik, həmin kubikə düyünlə bağlanmış qırmızı yaylıq, süni güllər, təzə qəbri əhatəyə almış kol-kos, hamısı canlandı gözlərim qarşısında.

Bir anlıq başım gicəlləndi, ürəyim bulandı, dəmir qapının arxasına keçib qaytarmaqdan özümü güclə saxladım. Arxaya keçib yasxananın tualetində soyuq su ilə əl-üzümü yudum. Bir az özümə gəlmişdim. Muradın ölümü mənə təsirsiz ötüşmədi. Belə baxanda o nə mənim yaxınım, nə də qohumum idi. Və mən bu insanın həyatdan köçməsinə o dərəcədə kədərlənməli deyildim. Amma yalnız mən bilirdim ki, bu gün Muradla birlikdə mənim uşaqlığımı da torpağa basdırmışdılar.

O onsuz da boz olan uşaqlığımın son xatırəsi, axır nəfəsi idi. İnsan yaşa dolduqca, onu uşaqlığıyla birləşdirən yalnız nazik tellər qalır. O tellər xatirələrdən və həmin xatirələrdə baş rolda olan insanlardan ibarətdir. O insanlar yox olduqca isə tellər qırılır. Uşaqlıq əldən gedir. İnsana isə ancaq soyuq reallıq və həmin soyuq dayanacaqda ölüm qatarını gözləmək qalır. Uşaqlığından bir addım irəli adlamış, artıq ölümünə bir addım irəliləmiş olur. Bir də ki, Murada qarşı etdiklərimiz məni içəridən boğurdu. Sanki indicə əlimə yekə samuray qılıncı alıb balaca, iri gözlü pişik balasını tikə-tikə doğrayıb itlərə yedizdirmişdim.

Yox, dəli kişi ilə Murad arasında fərq çox idi. Muradı adi qadın, ana dünyaya gətirmişdi. Normal uşaq kimi, ağlı başında, əqli cəhətdən qüsursuz. Amma dəli kişini əri tərəfindən döyülən, qaynana tərəfindən didilən, qonşu tərəfindən minilən, cəmiyyət tərəfindən zorlanan Azərbaycan adlı bir qadın doğmuşdu.

Özü də ilk dəfədən yox, bir neçə dəfə qız uşağını abort elətdirəndən sonra doğmuşdu. Doğub, tez-tələsik göbəyini kəsib qanlı-qanlı atmışdı küçəyə. Özü kimi dəlilərin arasına. Dəlixanada yaşamağa məhkum olunmuşların məmləkətinə. Bu anda “Parfümer” filmindəki səhnə yadıma düşdü. Qadın piştaxtanın arxasında balıq təmizləyərkən doğuş sancısı onu yaxalayır. O elə oradaca doğub ayağıyla körpəni piştaxtanın altındakı zibilliyə itələyir. Kəsilmiş qanlı balıq başları, balıq içalatı, balıq pulcuqları, üfünət, nəcis və yeni doğulmuş körpə. Dəhşətli səhnədir.

Yenə ürəyim bulandı. Bu dəfə artıq özümü saxlaya bilməyib elə yerimdəcətualetin qapısı qarşısına qaytardım. Başımı qaldıranda dəli kişinin balaca nəvəsi, yasxananın künc divarına sıxılıb iri gözləri ilə məni güdürdü. Bir vaxtlar babası məni yuxularımda güdürmüş kimi.

P.S: Ölümündən bir neçə ay sonra Muradın bağçasınısökdülər. Ağacı da kəsib tulladılar. Bağçanın yerinə bir maşın kubik töküb eyvanı artırdılar. Muradın pəncərəsındən dəmir barmaqlıqları çıxartdılar, taxta pəncərəni plastiklə əvəz etdilər. Deyilənlərə görə oğlu borca-xərcə girib atası üçün iki metrlik qara mərmərdən başdaşı da qoydurmuşdu. Başdaşının üstündə iki sətir şeir yazdırıb, altından “oğlundan yadigar” sözlərini döydürmüşdü.

XS
SM
MD
LG