Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:27

Erməni əsgəri: «Vuruşmaq istəmirəm, yaşamaq istəyirəm»- [video]


Andranik Grigorian
Andranik Grigorian

-

«Video səhnələşdirilib. Əsgər təzyiq altında o ifadələri deyib»​

Bunu Dağlıq Qarabağdakı separatçı rejiminin sözcüsü David Babayan AzadlıqRadiosunun erməni xidmətinə deyib. David Babayan martın 22-də Azərbaycan tərəfinə keçən erməni əsgərinə təzyiq edildiyini bildirib:

«Ona görə belə düşünürük ki, həmin əsgərin əynindəki geyim dəyişdirilib. O buna məcbur edilib. Sözləri də məcburiyyət altında deyib».

Martın 23-də Azərbaycanın Müdafiə nazirliyi Ermənistan hərbçisinin Azərbaycan tərəfinə keçməyinin görüntüsünü yayımlayıb. Görüntülərdə hərbi geyimdə, əlində ağ yaylıq yelləyən şəxs obyektivə getdikcə yaxınlaşır. Görüntülərin fonunda həmin şəxsə doğru atəş açmamaq tələb edilir.

ERMƏNİ ƏSGƏR DÖYÜLDÜYÜNÜ DEYİR

Azərbaycan Müdafiə nazirliyi həmin şəxsin Ermənistan silahlı qüvvələrində hərbi xidmət keçən Andranik Araratoviç Qriqoryan olduğunu deyir.

Nazirliyin məlumatında deyilir ki, Qriqoryan martın 22-də öz hərbi hissəsini tərk edərək Azərbaycan tərəfinə keçib:

«Həmin şəxs 1991-ci ildə Xocavənd rayonunda doğulub».

Nazirlik Andranik Araratoviç Qriqoryanın dindirilmə zamanı dediyi ifadələri də yayıb. Qriqoryan deyir:

«Mən postda durmuşdum. Buramdan vururdular (qulağının dibini göstərir). Döyürdülər məni, mən də qaçıb gəldim. Kim güclüdür o yaxşı yaşayır, kim zəifdirsə pis yaşayır. Biz iki nəfər idik, Mkrtumyan və mən. O da bura keçmək istəyirdi. Vuruşmaq istəmirəm, yaşamaq istəyirəm»

DANIŞIQLAR GEDİR

Ermənistanın Qızıl Xaç nümayəndəsi Zara Amatuni AzadlıqRadiosunun erməni xidmətinə faktı təsdiqləyib. Zara Amatuni məsələ ilə bağlı danışıqlar getdiyini bildirib:

«Əsgərin silahı buraxıb qarşı tərəfə keçməsi faktı var. Biz indi rəsmilərlə danışıqlardayıq. Lakin hər hansı detal açıqlaya bilmərəm».

Azərbaycan müdafiə nazirliyinin məlumatındasa bildirilir ki, Qriqoryanın təhlükəsizliyi təmin edilib, onunla beynəlxalq insan hüquqları normaları daxilində rəftar edilir.

XS
SM
MD
LG