Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Əlil arabasında olan şəxsi avtobusa kim mindirməlidir?


Arxiv foto
Arxiv foto

-

«Sürücülər bir-birlərinə xəbər veriblər ki, bir əlilliyi olan şəxs avtobusa minmək istəyir, bunu da çəkirlər. Eynulla kişi də bunu bilib. Amma onunla da kobud rəftar olunub».

Bunu Bakıda «Xaliq Faiqoğlu» MMC şirkətinin istismar rəisi İbrahim Quliyev AzadlıqRadiosuna müsahibəsində deyir.

Bir neçə gün əvvəl əlliliyi olan Orxan Adığözəl bloqçu Mehman Hüseynovla birgə birinci Avropa Oyunları ərəfəsində Bakıya gətirilən, əlilliyi olan şəxslərin də istifadə edə biləcəyi avtobusları sınaqdan keçirmək istəyiblər. Bir neçə avtobusda sürücülər buna şərait yaratsa da, birində problem yaranıb. Olayla bağlı yayılan videoda sürücü təklif edir ki, Orxan Adıgözəl avtobusa özü minsin. Mehman Hüseynov və Orxan isə pandusu sürücünün açmalı olduğunu bildiriblər. Sürücü Eynulla Həşimov isə onun belə bir öhdəlik daşımadığını deyir.

Sürücü Eynulla Həşimov
Sürücü Eynulla Həşimov

Bu videosüjet sosial şəbəkələrdə geniş müzakirə doğurub, sürücünü işdən çıxarılmağı isə müzakirə iştirakçılarını iki yerə ayırıb.

«ÇƏKİLİŞ OLMASAYDI DA...»

İbrahim Quliyev deyir ki, yeni gətirilən avtobusların təlimatında əlilliyi olan şəxslərə xidmət də ayrıca göstərilib. Onun sözlərinə görə, təlimatda yazılıb ki, əgər ətrafda, avtobusda adamlar varsa, pandusu açıb arabadan istidafə edən şəxsi mindirirlər. «Əgər kimsə olmasa, dayanacaqdakı əlilliyi olan şəxsi mindirmək üçün sürücü düşüb kömək edə bilər,» - İbrahim Quliyev deyir. Onun sözlərinə görə, əllə açılıb-bağlanan pandusu istənilən adam asanlıqla açıb-bağlaya bilər, bunun üçün isə sürücünün hər dəfə sükanı buraxıb avtobusdan düşməsi düzgün olmazdı:

«Çəkiliş olmasaydı da, sürücülər bu xidməti göstərəcəkdilər. Əgər kənarda əlilliyi olan şəxsi avtobusa mindirən adamlar olmasaydı, sürücü düşüb kömək edərdi. İndiyə kimi heç bir bir əlilliyi olan şəxslə problem yaranmayıb. Düzdür, Bakıda əlil arabasından istidafə edən şəxslər bir o qədər də ictimai nəqliyyatdan istifadə etmirlər. Yəni, kütləvi müraciət olmayıb. Hər avtobusa bir-iki əlilliyi olan şəxs minib-düşüb».

Əgər 65 saylı marşrutun sürücüsü Eynulla Həşimov təlimatı pozmayıbsa, şirkət onu niyə dərhal işdən çıxarıb?

İbrahim Quliyev deyir ki, sosial şəbəkələrdəki müzakirələr, sürücünün cəzalandırılması tələbləri onları belə bir addım atmağa vadar edib. Ancaq İbrahim Quliyev onu da əlavə edir ki, əslində anlaşılmazlıq baş verib və onlar da məsələni həll ediblər.

«MƏNDƏ GÜNAH YOX İDİ»

Mehman Hüseynov və Orxan Adıgözəl
Mehman Hüseynov və Orxan Adıgözəl

Sürücü Eynulla Həşimov isə olayın yaranmasında özünü günahkar bilmir, deyir ki, əslində Mehmanla Orxan onunla kobud danışıb:

- O, içəri jurnalist kimi girmədi. Qəfildən salona girdi, bircə kamerasından bildim ki, çəkir. Nə istədiyini də sonra anladım.

- İndiyə kimi avtobusunuza əlil arabasında istifadə edən şəxs minib?

- Yox, bu avtobusda rastıma çıxmayıb. Əvvəl idarə elədiyim avtobuslarda olub, onda da sərnişinlər kömək edib minməyə. Bu avtobusda birinci dəfəydi ki, belə bir şey baş verdi.

- Əlillik arabasından istifadə edən şəxs avtobusa minmək istəsə, buna necə şərait yaradırsız?

- Onun yanında uşaq da olsa, o pandusu açıb adamı mindirə bilər. Orda çətin bir şey yoxdur. Qrafiklə, 3 dəqiqə intervalla işləyirik, tıxaclar da bir yandan. Gərək vaxtında çıxasan ki, intervalı pozmayasan. Özü də axşam idi. Tərpənirdim ki, əlilliyi olan şəxs yaxınlaşdı ki, minsin. Mən də orta qapını açdım, onlar da dedi ki, «düş, kömək elə». Mübahisəmiz burda yarandı. O çəkən oğlan istəsəydi, kömək edərdi.

- Bəs sizi işdən çıxaranda bunları demədinizmi?

- Müdiriyyətim mənə inanır. Avtobusda da kamera var, çıxarıb baxa bilərsiz ki, məni şantaj edirlər. Müdiriyyətim bildi ki, məndə günah yoxdur.

Bloqçu sadəcə problemi ictimailəşdirdiyini deyir

Bloqçu Mehman Hüseynov isə AzadlıqRadiosuna deyir ki, o, sürücünü şantaj etməyib, sadəcə, ondan vəzifəsini yerinə yetirməyi istəyib: «Biz baş verənləri çəkib ictimailəşdirdik».

Hərçənd, mən orda jurnalistdən çox vətəndaş kimi mövqeyimi göstərmişəm...

Onun sözlərinə görə, hadisədən sonra şirkətdən onunla əlaqə saxlayıblar. «Mən sürücünün işdən çıxarılmasını yox, problemin həllini istəyirdim. Şirkət rəsmilərinə də dedik ki, «sürücünü işə qaytarın, əsas odur ki, əlilliyi olan şəxslərə ictimai nəqliyyatdan istifadəsinə şərait yaradılsın» edirik ki, biz jurnalistlərin bir də belə mövzuları çəkməyinə ehtiyac qalmayacaq. Hərçənd, mən orda jurnalistdən çox vətəndaş kimi mövqeyimi göstərmişəm», - Mehman Hüseynov deyir.

Azərbaycanda əhalinin 5,2%-i, yəni, 535 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir. Dünya əhalisinin isə 15 faizi əlilliyi olan şəxslərdir, yəni dünyada 650 milyondan artıq əlil yaşayır.

XS
SM
MD
LG