Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

«Əbəs yerə onları həbsdə saxlayırlar»


Hüseyn Arabul «Barmek»də ciddi qanun pozuntusu aşkarlanmadığını deyir
Hüseyn Arabul «Barmek»də ciddi qanun pozuntusu aşkarlanmadığını deyir

Yaxın vaxtlarda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi «Barmek-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri barədə aparılan cinayət işinin istintaqını məhkəməyə vermək niyyətindədir. Baş prokurorun müavini Rüstəm Usubov deyir ki, bu istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı ən sanballı işlərdən hesab etmək olar.


Hazırda «Barmek-Azərbaycan» şirkətinin 11 vəzifəli işçisi və bir keçmiş meneceri həbsdədir


Cənab Usubovun sözlərinə görə, indiyə qədər korrupsiya və rüşvətxorluq halları ilə bağlı 40-dan çox cinayət işi məhkəməyə verilib. Bir çox vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin hökmü ilə cəzalandırılıblar.


«Barmek-Azərbaycan» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabul «Azadlıq» radiosuna bildirib ki, şirkət və onun vəzifəli şəxsləri ilə bağlı iş aparan qurumların heç biri ciddi qanun pozuntusuna dair hər hansı dəlil tapa bilməyiblər. Ona görə də qərarı ləngidirlər:


«Gözləyirlər ki, biz əks təhvil-təslimi edək, vəziyyət sakitləşsin. Xalqın diqqəti bu işdən kənarlaşandan sonra həbsdəkiləri buraxacaqlar. Ancaq, öz səhvləri ucbatından əbəs yerə onları həbsdə saxlayırlar».


Hazırda «Barmek-Azərbaycan» şirkətinin 11 vəzifəli işçisi və bir keçmiş meneceri həbsdədir.


Baş Prokurorluq Bakı və Sumqayıt şəhərlərinin enerji şəbəkəsini idarə edən «Barmek-Azərbaycan» şirkətinə qarşı korrupsiya və mənimsəmə faktları üzrə 2006-cı ilin mart ayında cinayət işi qaldırıb. Baş Prokurorluğun açıqlamasında «Barmek» şirkətinin investisiya üzrə müqavilə öhdəliklərini yerinə yetirmədiyi, şirkətin dövlət əmlakını mənimsədiyi, maliyyə pozuntularına yol verdiyi qeyd edilir.


Baş Prokurorluq Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən oğurluq) maddələri üzrə cinayət işi açıb. Təhqiqat işini Baş Prokurorluq yanında Antikorrupsiya İdarəsi aparıb.


XS
SM
MD
LG