Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:26

“Bəyanat və ya hesabatlarla Azərbaycandakı problemləri həll etmək mümkün deyil”


Avropa Birliyi və Azərbaycanın bayraqları
Avropa Birliyi və Azərbaycanın bayraqları

.

“Avropa Komissiyasının son hesabatını ümumilikdə müsbət qiymətləndirmək olar, amma təəssüflər olsun ki, Azərbaycan hökuməti o həddə çatıb ki, bu cür hesabatlar ona yetərli təsir göstərmir. Hesab edirəm ki, Avropa Komissiyası, Avropa İttifaqı və digər beynəlxalq qurumlar Azərbaycan hökumətinə qarşı daha təsirli vasitələrə əl atmalıdır”.

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Avropa Komissiyasının Avropa yaxın qonşuluq proqramına daxil olan ölkələrlə bağlı martın 25-də yayılan növbəti hesabatını şərh edərkən belə deyir.

Həmin hesabatın Azərbaycana aid hissəsində ötən il ölkədə demokratiyaya keçid, insan haqları və fundamental azadlıqlar sahəsində kəskin geriləmə olduğu bildirilir.

Oqtay Gülalıyev deyir ki, əslində Azərbaycandakı vəziyyət hesabatda əks olunandan daha bərbaddır:

“Təbii ki, qeyd olunanlar Azərbaycandakı ümumi vəziyyəti əks etdirir, amma düşünürəm ki, yumşaq formada əks olunur. Vəziyyət hesabatda göstəriləndən daha bərbad və kəskindir. Xüsusən də, insan haqları və demokratiya, siyasi məhbuslar, icra hakimiyyətlərindən tam asılı vəziyyətdə olan məhkəmələr, korrupsiyanın səviyyəsi baxımından vəziyyət bərbaddır”.

Avropa institutlarının Azərbaycana qarşı istifadə etməli olduğu daha təsirli vasitələrə gəlincə, hüquq müdafiəçisi bir neçə variantı qeyd edir:

“Mən hesab edirəm ki, bu vasitələr müxtəlifdir. Ən azından hökumətə qarşı öhdəliklər, müəyyən tələblər irəli sürülə bilər, sanksiyalar tətbiq edilə bilər və digər addımlar atıla bilər ki, bunlar ölkədə vəziyyətin yaxşılaşmasına təsir göstərə bilər. Hesab edirəm ki, bəyanat və ya hesabatlarla Azərbaycanda köklü problemləri həll etmək mümkün deyil. Avropa Komissiyası, Avropa İttifaqı Azərbaycan hökumətinə qarşı daha ciddi addımlar atmalıdır, çünki ölkədə vəziyyət pisləşməyə doğru gedir və bunun qarşısını alan hər hansı mexanizm yox səviyyəsindədir”.

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“RƏSMİ BAKI İLƏ MÜNASİBƏTLƏRİN DONDURULA BİLƏCƏYİ BƏYAN OLUNMALIDIR”
Siyasi şərhçi Azər Rəşidoğlu da hesab edir ki, hesabatdakı tənqidi ton daha kəskin ola bilərdi. Bununla yanaşı Azər Rəçidoğluna görə də, problemləri göstərmək yox, həll etmək lazımdır:

“Əslində sənəddə göstərilənlər hamının bildiyi və dediyi həqiqətlərdir. Cəmiyyət bu faktların sadalanmasının dəfələrlə şahidi olub. Artıq vəziyyəti dəyişdirməyin zamanıdır. Bu barədə istər Avropa Komissiyası, istərsə də digər qurumlar daha dərindən fikirləşməlidirlər. Artıq konkret tələblər irəli sürülməli, siyasi məhbuslar azad edilməli, müxalifət və mətbuatın fəaliyyəti üçün şərait yaradılmayana qədər rəsmi Bakı ilə münasibətlərin dondurula biləcəyi bəyan edilməlidir”.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

“REPRESSİYALARA GÖZ YUMAN AVROPA...”
İctimai fəal, iqtisadçı Zöhrab İsmayıl isə ümumiyyətlə Avropa Komissiyasının hesabatını “gecikmiş hesabat” adlandırır:

“Keçən il Azərbaycanda vətəndaş cəmiyyəti repressiyalara məruz qaldığı dövrlərdə Avropa Birliyinin buna adekvat reaksiyasının şahidi olmadıq. Əksinə Avropa Birliyi demokratiya və insan haqları ilə müqayisədə qaz layihəsi danışıqlarına daha böyük önəm verməklə repressiyalara göz yummuş oldu. İndi bu hesabatdakı tənqidlərin nəyisə dəyişəcəyini düşünmək sadəlövlük olardı...”

Natiq Cəfərli
Natiq Cəfərli

“HÖKUMƏTDƏN ƏNƏNƏVİ İNKAR REAKSİYASI GÖZLƏYİRƏM”
REAL Hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərliyə görə, Avropa institutlarının Azərbaycandakı olaylara bu cür reaksiyası təbii və gözlənəndir:

“Avropa institutları ölkədə baş verən prosesləri diqqətlə izləyirlər, təbii ki, sivil toplumun, müxalif düşüncənin, medianın vəziyyətinin getdikcə ağırlaşması heç kimdə şübhə doğurmur. Ona görə də hesabatda Azərbaycanın bu cür tənqid olunması təbiidir. Bundan başqa Şərq Tərəfdaşlıq proqramına bizimlə bir vaxtda qoşulmuş digər ölkələrdə bu sahələrdə müəyyən irəliləyişlər olanda Azərbaycan onların fonunda daha pis vəziyyətdə görünür. Məsələn, Gürcüstan, Moldova və Ukraynada bu sahələrdə atılan pozitiv addımların fonunda Azərbaycanda pisləşən vəziyyət daha aydın gözə çarpır. Ona görə də belə bir reaksiyanın olması təəccüblü deyil”.

Natiq Cəfərli də bu cür hesabatların ölkədəki duruma hər hansı təsir göstərəcəyi fikrində deyil. O, sözügedən hesabata hökumətin ənənəvi reaksiya verəcəyini gözləyir:

“Ümid edək ki, Azərbaycan hökuməti ənənəvi inkar taktikasından əl çəkərək müəyyən dərəcədə problemlərin olduğunu heç olmasa təsdiq edib bunlar üzərində Avropa institutları ilə birgə işləyərək müəyyən irəliləyişlərin əldə olunmasına çalışacaq. Amma çox təəssüf ki, ənənəvi bir reaksiya gözləyirəm və çox güman ki, XİN səviyyəsində hesabatda olanlar inkar ediləcək və Azərbaycanın vəziyyətinin yaxşı olması barədə ənənəvi çıxışların olacaq. İnanmıram ki, hökumət hesabata fərqli, daha ciddi bir reaksiya versin”.

Rəsmilərin sözügedən hesabatla bağlı mövqeyi hələ ki bəlli deyil. Amma Azərbaycan hakimiyyət rəsmiləri bir qayda olaraq beynəlxalq qurumların hesabatlarında deyilənləri qəbul etmir, onların mövqeyini qeyri-obyektiv və qərəzli adlandırır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu yaxınlarda bir çıxışında insan haqlarına dair "daha az əhəmiyyətli məsələlər”dən danışır, bu məqamın Azərbaycanın Avropa və Birləşmiş Ştatlarla daha yaxın münasibətlər qurmaq səylərinə ziyan vurduğunu deyirdi.

XS
SM
MD
LG