Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:06

Həbsdə olan iş adamı: "Həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar"


Abdulla Abdullayev, AMAY-ın rəhbəri
Abdulla Abdullayev, AMAY-ın rəhbəri

-

“Azərbaycanda hamı qanun qarşısında cavadeh olmalı və yalnız qanundan qorxmalıdır. Ancaq bu, belə deyil... Hakim prokurordan, prokuror hakimdən qorxur. Jurnalistlər həqiqəti yazıb mənim günümə düşməkdən qorxurlar. Mən üzəduranlardan qorxuram... Hamı qorxur... Mən isə mübarizə aparacam və mütləq bəraət alacam”.

Martın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində çoxlarının A.M.A.Y. ticarət mərkəzinin sahibi kimi tanıdığı işadamı Abdulla Abdullayevin və onunla birlikdə mühakimə olunan keçmiş işçilərinin məhkəməsi davam edib. Məhbus bu məhkəmə iclasında da həbsinin qanunsuz olmasından, hüquqları bərpa olunana qədər mübarizə aparacağından danışıb. Deyib ki, onunla bərabər həbs olunan adamlar günahsızdırlar.

"BUNLAR MÜSTƏNTİQİN QABAĞINDA ƏSİBLƏR"

Məhkəmə “Birlikbank”ın sədr müavini olmuş Heydər Hüseynovu dindirib. O, ifadəsində göstərib ki, Abdulla Abdullayev bankda Müşahidə Şurasının sədri olub. Bankın İdarə Heyətinin qərarlarına aidiyyatı olmayıb, bu səbəbdən də Abdulla Abdullayevdən heç bir tapşırıq almayıblar.

Prokuror bildirib ki, Heydər Hüseynovun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmə ifadəsi arasında ziddiyyət var:

- Heydər Hüseynov istintaq ifadəsində Abdulla Abdullayevin tapşırığı ilə hərəkət etdiyini bildirib.

Təqsirləndirilən şəxs:

- İstintaqa verdiyim ifadələri xatırlamıram.

Hakim:

- Necə yəni xatırlamıram?..Təcrübəli auditor olmusunuz… Belə bir adamın istintaq ifadəsini xatırlamaması inandırıcı deyil. Siz həmin ifadənizin altına imza etmisiniz. Hər atdığımız imza isə daş altında yatan ilandır. Nə vaxt o daşı qaldırsan, həmin ilan bizi çalacaq. Ona görə də hamımımz imzamıza hörmət etməliyik.

Bu zaman söhbətə Abdulla Abdullayev müdaxilə edib. İbtidai istintaq zamanı öz işçilərinin ona qarşı ifadə vermələrini belə izah edib:

- Bunlar qurddan qorxan quzu kimi müstəntiqin qarşısında əsiblər.

"ƏMLAKLARIMIZ DƏYƏRİNDƏN AŞAĞI QİYMƏTLƏNDİRİLDİ"

Məhkəmə A.M.A.Y-ın rəsmi sahibi Elşən Nəzərovu da dindirib. O, ifadəsində deyib:

- A.M.A.Y-ın bütün işləri müqavilə öhdəlikləri üzrədir. Bu işə mülki qaydada baxılmalıdır. Biz bütün işləri müqavilə öhdəlikləri əsasında görmüşük.

“Texnikabank”dan götürülən kreditlərlə gəlincə, ümumilikdə 50 milyon manatadək kredit olub. Bankdan təkilf ediblər ki, ayrı-ayrı hüquqi şəxslər adından hissə-hissə götürülsün. Bunun müqabilində isə əmlaklar girov qoyulub. Həmin əmlaklar aşağı qiymətlə qiymətləndirilirdi. A.M.A.Y-ın tikintisinə vəsaitə ehtiyacımız olduğu üçün razılaşmağa məcbur idik. Həmin vəsaitlər də təmir-tikinti işlərinə sərf edilib. Bankın işçiləri bizdən pulun hara sərf ediləcəyini soruşanda da bildirmişdik ki, kreditlə götürülən vəsait tikintiyə qoyulacaq.

Abdulla Abdullayev:

- Guya Etibar (“Texnikabank”ın Müşahidə Şurasının sədri) bilmirdi ki, o pullar hara sərf olunur?.. Onlar pulu elə ona görə verirdilər də… Hörmətli hakim, bu Elşən Nəzərov mənim bacımın yoldaşıdır. A.M.A.Y rəsmən onun adına olsa da, faktiki sahibi mən olmuşam. Mən nə demişəmsə, onu edib.

"ƏMLAK QOYUB, KREDİT GÖTÜRMÜŞÜK"

Prokurorun suallarına cavab verən Elşən Nəzərov bildirib ki, o, iki dəfə istintaqa ifadə verib. Birində ümumiyyətlə vəkili olmayıb, ikincisində isə dövlət tərəfindən təyin edilmiş vəkil iştirak edib.

Elşən Nəzərovun vəkili bildirib ki, firmaların kimin adından yaradılması ilə bağlı suallar absurddur:

"Kimin yaratmasının nə fərqi var. Əsas odur ki, firmalar qanunvericilikdə nəzərdə tutulduğu qaydada yaradılıb və vergi orqanında qeydiyyata alınıb. Kredit götürüb, girov kimi əmlak qoyub, ya borcunu qaytarıb, ya da əmlakı icraya yönəlib".

Məhkəmə iclası martın 31-də davam edəcək.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İş adamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib.

XS
SM
MD
LG