Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

Arch Puddington: "Xədicəni azad et!”


Xədicə İsmayılova
Xədicə İsmayılova

-

Azərbaycan özü haqda modern Avropa ölkəsi təsəvvürü yaratmağa çalışsa da, dünyanın diqqət mərkəzinə insan haqları pozuntuları ilə gəlir.

Bunu ABŞ-da mənzillənən beynəlxalq hüquq-müdafiə təşkilatı “Freedom House”un araşdırmalar üzrə vitse-prezidenti Arch Puddington yazır.

“Son illərdə Azərbaycan qlobal arenada, özü barədə, çəkisindən ağır yükün altına girə bilən ölkə obrazı yaratmağa çalışır, Azərbaycanın liderləri korrupsiyalaşmış neft ölkəsi obrazından qıcıqlanırlar, Azərbaycan haqda modern Avropa ölkəsi imici yaradıb onu müdafiə etməyə cəhd göstərirlər. “Eurovision” mahnı müsabiqəsi və başqa böyük tədbirlərə ev sahibliyi etmiş Bakı bir sıra beynəlxalq idman yarışlarına da ev sahibliyi etmək iddiasını ortaya qoyub. Bunun kulminasiya nöqtəsi isə ölkəni idarə edənlərin ümidi olan – Olimpiadadır.

Təəssüf ki, Azərbaycanın qlobal liderliyə iddiaları yalnız bir məsələdə reallaşıb – siyasi repressiyalar. Formula 1 yarışları, futbol yarışları ilə bağlı planlarını açıqlasa da, Azərbaycan daha çox, qeyri-hökumət təşkilatlarının bağlanması, müstəqil jurnalistlərə basqılar və sayı 100-cən olan siyasi məhbus sıralarının genişləndirilməsi ilə gündəmə gəlir”.

Arch Puddington yazır ki, siyasi məhbuslar arasında Xədicə İsmayılovanın məsələsi xüsusi diqqət çəkir. Araşdırmaçı jurnalist olan X.İsmayılovaya qarşı ittihamlar durmadan artır. Əvvəlcə, həmkarını intihar həddinə çatdırmaqda suçlanan jurnalisti sonradan vergidən yayınmada, qanunsuz biznes fəaliyyətində, vəzifəsindən sui-istifadədə də suçlayıblar.

“Freedom House”un araşdırmalar üzrə vitse-prezidenti qeyd edir ki, Xədicə bir neçə il idi ki rejimin hədəfində idi.

O, ölkənin siyasi elitası arasında, xüsusən də prezident İlham Əliyevin ailəsi daxilində geniş yayılmış korrupsiya hallarını araşdırırdı.

Arch Puddington yazır ki, hökumət onu təzyiqlər yolu ilə susdura bilməyib. 2012-ci ildə isə kimsə onun açıq-saçıq videolarını çəkərək İnternetə yerləşdirib. Bu da X.İsmayılovanı yolundan döndərə bilməyib. 2013-cü ildə hakim partiya ilə bağlı “Səs” qəzeti onun qohumlarını “erməni” adlandırıb. Bu, həqiqətdən uzaq olsa da. Hökumət rəsmiləri onu Amerika siyasətinə xidmət etməkdə, vətənə xəyanətdə də suçlayıblar.

Arch Puddington
Arch Puddington

Arch Puddington sual edir: X.İsmayılovaya qarşı bu qədər təzyiq nəylə bağlıdır? O bu suala belə cavab verir. Əvvəla X.İsmayılova prezidentin qızlarının qaranlıq biznesi ilə bağlı araşdırmalarını, onların ölkənin ən böyük telekommunikasiya şirkəti – “Azərcell” ilə əlaqələrini üzə çıxarıb. Amma bu, eyni zamanda Əliyev rejiminin Ukraynadakı maydan hadisələrindən qorxuya düşməsi ilə bağlıdır:

“Hakimiyyət indi Qərbi və xüsusən də ABŞ-ı rəngli inqilab törətmək üçün mülki cəmiyyət qruplarından istifadədə günahlandırırlar”.

Arch Puddington xatırladır ki, soyuq müharibə dövründə Qərb liderləri başqa ölkələrdəki demokratik hərəkat rəhbərlərinin həbsdən azad edilməsini özlərinə prioritet seçmişdilər. Və çox vaxt buna nail də olurdular.

İndi isə demokratik ölkələrin rəhbərləri bu məsələdə həvəssiz görünür, insan haqlarını pozan ölkələrə təzyiq etməyə xüsusi cəhd göstərmirlər.

Xüsusən də Azərbaycan təhlükəsizlik məsələsində özünü Qərbin tərəfdaşı kimi göstərməklə ölkə içindəki insan haqları ilə bağlı problemlərə kənardan göz yumulmasına çalışır. Halbuki onun hərəkətləri getdikcə, Rusiya, Belorus və Orta Asiya diktaturalarına bənzəməyə başlayır.

Arch Puddington vurğulayır ki, Xədicə İsmayılovanın azadlığa buraxılması üçün ən çox ABŞ çalışmalıdır. Çünki o, ABŞ-ın maliyyələşdirdiyi Azadlıq Radiosunda işləyir. O radio ki, Azərbaycan hökumətinin hədəfinə tuş gəlib və Bakı bürosu bağlanıb, jurnalistləri sorğu-sual edilib.

“Freedom House”un araşdırmalar üzrə vitse-prezidenti qeyd edir ki, səssiz diplomatiya jurnalist və dissidentlərin azad edilməsi üçün ən effektiv yol sayıla bilər. Amma müəyyən məqamda X.İsmayılovanın beynəlxalq mediadakı həmkarları ABŞ hökumətindən, xarici siyasətə məsul başqa rəsmilərdən soruşmağa başlamalıdırlar ki, Xədicəni azad etmək cəhdlərinin axırı necə oldu?

Arch Puddington beynəlxalq medianın davamlı işıqlandırmasından sonra Misirdə 3 “Al-Jazeera” jurnalistinin həbsdən azad edilməsi presidentini nümunə göstərir və bildirir ki, bağlı qapılar arxasında gerçəkləşən diplomatiya nəticə verməyəndə jurnalistlərin beynəlxalq səviyyədə apardıqları “Xədicəni azad et” kampaniyası Misirdəki president kimi, öz niyyətinə çata bilər.

XS
SM
MD
LG