Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:41

Statistika Komitəsi xaricdən 4500 dollara eşşək alınmasına aydınlıq gətirib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il xaricdən Azərbaycana idxal olunan diri atlar, ulaqlar və qatırlar 29 baş təşkil edib.Buna da 132.4 min ABŞ dolları xərclənib.

Orta hesabla bir at və ya qatırın qiyməti 4500 dollardan baha başa gəlir.

«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanın bölgələrində 20-30 manata ulaq, 100-200 manata isə normal bir at almaq mümkündür. Ulağın qiyməti ən yüksək halda 50 manat, atın qiyməti isə 500-600 manat ola bilər.

Bəs, görəsən həmin heyvanları xaricdən 20-30 qat baha qiymətə almağa vadar edən səbəb nədir?

Bu suala cavab tapmaq üçün «Yeni Müsavat» Dövlət Statistika Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Komitənin sözçüsü Sevda Süleymanova bildirib ki, alınan heyvanlar arasında ulaq və qatır olmayıb, hamısı cins atlardlr ki, onların da ümumi sayı 29 baş olub: «atlar, ulaqlar, qatırlar və at qatırları - statistik təsnifatda ümumi addır. Ancaq bu 29 ədəd heyvanın hər biri cins, saqqallı atlardır. Onların alınması üçün 132.4 min ABŞ dolları xərclənib» - deyə S.Süleymanova yeni Müsavata izah edir.

BƏRDƏDƏ MƏCBURİ KÖÇKÜNLƏR AYAĞA QALXDI

«Azadlıq» qəzeti yazır ki, Bərdə rayonunda məskunlaşan bir qrup Xocalı və Ağdam köçkünü mənzil probleminə görə etiraz edib.

Etirazçılar yolu kəsiblər. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub.

Etiraza səbəb məcburi köçkünlərin Bərdədə «Qaçqınkom» tərəfindən tikilən evlərin siyahısından çıxarılması olub:

«Aksiya iştirakçıları müxbirimizə bildirib ki, onlar ev siyahısında olsa da, bu günlərdə siyahıdan çıxarıldıqlarını öyrəniblər. Onlara Goranboy rayonunda mənzil üçün növbəyə dayanmaq məsləhət görülüb.

Gülzadə Osmanova
Gülzadə Osmanova

Buna etiraz edən yüzlərlə məcburi köçkün Bərdə-Ağdam yolunu bağlayıblar. Polis və icra hakimiyyəti nümayəndələri aksiya iştirakçıları ilə görüşərək məsələni yoluna qoyacaqlarına söz veriblər. Aksiya iştirakçıları isə məsələ həll olunmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bildiriblər».

78 YAŞLI QUSARLI NƏNƏDƏN AVTOŞOU

78 yaşlı sürücü Gülzadə Osmanova düz 21 ildir ki, sevimli avtomobilini hər səhər işə salır, 5 dəqiqə də olsa, kəndin içərisində dövrə vurub geri qayıdır.

Bu haqda atv.az saytı məlumat verir.

«Uşaqlıqdan maşına həvəsi olan Qusar sakini Gülzadə nənənin avtomobilini alma tarixçəsi də maraqlıdır. Beləcə avtomobili alan 78 yaşlı qəhrəmanımız yalnız 3 gün Hövsanda dəniz sahilində qohumlarının köməkliyi ilə, vura-vura da olsa, sürməyi öyrənir».

58 yaşından meylini bu avtomobilə salan Gülzadə nənə avtomobilin içərisini də özünəməxsus zövqlə bəzəyib.

Tez-tez getdiyi uzaq məsafəli yol isə Sumqayıtadır. Deyir, səhər tezdən yol boş olanda çıxıram evdən. Yol polisləri də onu tanıyır. 5 övladı, nəvə nəticəsi olan Gülzadə nənə deyir ki, «heç kəs inciməsin bu maşın mənim dostumdur. Onu heç ən son model avtomobilə belə dəyişmərəm».

ELMAN RÜSTƏMOVUN SƏLAHİYYƏT MÜDDƏTİ BAŞA ÇATIR

Bu həftə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun, eləcə də onun müavini Xəqani Abdullayevin səlahiyyət müddəti başa çatır.

Bu haqda fins.az yazır.

Elman Rüstəmov
Elman Rüstəmov

Sayt bildirir ki, Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti üzvlərinin təyin edilməsi haqqında» layihə müzakirə olunacaq.

Həm Elman Rüstəmov, həm də Xəqani Abdullayev yenidən Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyə namizəddir.

AZƏRBAYCAN DÜNYA ÜÇÜN AÇIQ ÖLKƏDİR

«Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır. İnanırıq ki, bu tədbir Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq».

Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

yap.org.az saytının məlumatına görə, R.Əliyev bildirib ki, bəzi xarici dairələr bu idman tədbirinin Azərbaycanda keçirilməsinə qısqanclıqla yanaşırlar.

«Müəyyən qüvvələr Azərbaycanı ancaq qara rəngdə təqdim etməyə çalışırlar. Lakin bu belə deyil, Azərbaycanın öz strateji xətti var. Ona görə də, Azərbaycanda bütün məsələlər öz həllini tapır. Azərbaycana qarşı qarayaxma kampaniyası aparan beynəlxalq QHT-lər erməni lobbisinin təsiri altındadır. Ancaq hesab edirəm ki, bunların hər biri əhəmiyyətsiz bir şeylərdir. Buna fikir də vermək lazım deyil, çünki dünya birliyi Azərbaycanı tanıyır. Azərbaycan dünya üçün açıq bir ölkədir»- deyə, R.Əliyev vurğulayıb.

«BAKIDA BİR DƏNƏ DƏ OLSUN KÖHNƏ AVTOBUS XİDMƏT GÖSTƏRMƏYƏCƏK»

«Avropa Oyunlarına qədər Bakıda bir dənə də olsun köhnə sərnişin avtobusu xidmət göstərməyəcək».

Bunu Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib. O deyib ki, istismara yararlı olmayan köhnə avtobuslar «metallolom»a veriləcək.

Namiq Həsənov
Namiq Həsənov

Bu haqda marja.az saytı yazır.

Namiq Həsənov deyib ki, istismar müddəti bitən avtobuslar paytaxt ərazisindən tamam yığışdırılacaq. İstismara yararlı olan köhnə avtobuslar isə rayonlara göndəriləcək.

«Yararsız avtobuslar qarajlarda hissələrə ayrılacaq. Lazımı avadanlıqları götürüldükdən sonra qalan hissə təkrar emala göndəriləcək».

«ƏSL AVROPA OYUNLARI MƏHZ BAKIDA KEÇİRİLƏCƏK, CƏNABLAR!»

Rəsmi «Azərbaycan» qəzeti yazır ki, bəzi yerli media orqanları Böyük Britaniyanın insidethegames.biz internet saytının «şok» xəbərini tirajlayaraq oxuculara sensasiya təqdim etməyə çalışır. Guya Bakı-2015 saxtadır, «əsl Avropa Oyunları» Azərbaycan paytaxtında yox, 2018-ci ildə Berlin (Almaniya) və Qlazqo (Şotlandiya) şəhərlərində keçiriləcək, guya I Avropa Oyunları «2-ci dərəcəli» tədbirdir, Oyunlarda çox da tanınmayan atletlər iştirak edəcəklər və s.

«Azərbaycan» qəzeti əlavə edir ki, «görünür, sensasiya həvəskarları Avropa Oyunlarının keçirilməsi proseduru ilə tanış deyillər. Onlar başa düşmürlər ki, qitə Oyunlarının keçirilməsi haqqında qərarı hansısa başqa təşkilat yox, məhz AOK qəbul edir. Alternativ Oyunların təşkili isə sadəcə olaraq ağlasığmazdır. Çünki Avropa Oyunları dörd ildən bir keçiriləcək. Üç ildən sonra «əsl Oyunlar»in keçirilməsi, bir il sonra isə II Avropa Oyunlarının keçırılməsi sadəcə olaraq gülüncdür. Digər tərəfdən, Olimpiya Oyunları da daxil olmaqla hansısa irimiqyaslı beynəlxalq idman tədbirində bu və ya digər tanınmış idmançının bu və ya digər səbəbdən iştirak etməməsində qeyri-adi heç nə yoxdur. İdman tarixində belə misallar çoxdur. Odur ki, bəzi idmançıların Bakı-2015-dən kənarda qalmasında sensasiya gözləməyə dəyməz».

Məqalə bu cümlə ilə bitir: «Əsl Avropa Oyunları Berlin, Qlazqo, yaxud başqa bir Avropa şəhərində yox, məhz Bakıda keçiriləcək!».

XS
SM
MD
LG