Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:12

Qərbli ekspert: “Ermənistanın və Azərbaycanın barmaqları tətikdədir”


Ermənistan və Dağlıq Qarabağın birgə hərbi təlimlərində.
Ermənistan və Dağlıq Qarabağın birgə hərbi təlimlərində.

Jurnalist və hərbi ekspert Jack Mulcaire Dağlıq Qarabağı 2015-ci ilin yatmaqda olan qaynar nöqtəsi adlandırır.

ABŞ mətbuatında silahlı münaqişə və müharibələr barədə maraqlı təhlilləri ilə tanınan, jurnalist və hərbi ekspert Jack Mulcaire nüfuzlu “The National Interest” jurnalında yazır ki, Ukraynadan tutmuş Nigeriyayadək diplomatiya silahlı münaqişələr qazanının qapağını bağlı saxlamağın öhdəsindən zorla gəlir.

Onun fikrincə, sabahkı müharibələri bu gün öncədən görmək üçün narahat məkanlara diqqət yetirmək lazımdır.

“Bu mənada oxucuların diqqətini 2015-ci ilin yatmaqda olan qaynar nöqtəsinə Dağlıq Qarabağa çəkmək istərdim” – yazır Jack Mulcaire.

Qarabağ müharibəsinin qısa tarixçəsini verdikdən sonra müəllif belə bir sual edir: Dağlıq Qarabağı xüsusilə təhlükəli edən nədir?

Qarabağ – nəticəsiz oyun

O vurgulayır ki, bunun ən əsas göstəricisi iki tərəf arasında kompromis üçün heç bir yerin olmamasıdır, çünki burada hər bir tərəf mübahisəli əraziyə tam nəzarət etməyi məqsəd qoyub.

Onun fikrincə, Azərbaycanın öz ərazisinin beşdə birindən keçməsi üçün sanballı bir səbəb yoxdur, digər tərəfdən isə Ermənistan onun ərazisinin üçdə biri boyda olan torpağı qaytarmaq istəməz.

“Qarabağ nəticəsiz oyundur” – yazır jurnalsit.

Məqalədə deyilir ki, ikinci diqqəti çəkən məqam münaqişənin getdikcə daha çox hərbiləşməsidir.

O yazır ki, iki ordu arasında bəzən yüz metrlik zolağa çevrilən təmas xətti tamamilə minalanıb və keçilməzdir. Bu təmas xəttində 2014-cü ilin avqustundan bəri demək olar, hər gün atışmalar baş verir, beynəlxalq aləmdə isə səs yalnız ölənlər olanda çıxır.

Jack Mulcaire-in fikrincə, bu ondan xıəbər verir ki, qarşıdan gələn bir neçə ildə müharibəyə başlamaq üçün hər iki tərəfin güclü stimulları var.

Bakı hücum silahları alır

Məqalədə deyilir ki, Azərbaycan təkcə 2013-2014-cü illərdə özünün quru qoşunları üçün Rusiyadan 1 milyard dollar dəyərində zirehli hərbi texnika alıb.

Ekspert yazır ki, Azərbaycanın aldığı silah növləri heç şübhəsiz Qarabağın qurudan hücumla geri alınmasına hesablanıb. Müasir səyyar artilleriya və raket sistemləri Ermənistan qüvvələrini sıldırımlı və yaxşı möhkəmləndirilmiş istehkamlardan çıxarmaq üçün nəzərdə tutulub.

Bu da əlavə edilir ki, Azərbaycan bu yaxınlarda Rusiyadan iki dəst Tos-1A Buratino termobarik ağır raket sistemi alıb.

Jack Mulcaire-nın qənaətinə görə, bütün bu silahlar Ağdam düzənliyindən başlayan ümumi hücum üçün münasib arsenaldır.

Ermənistan İskander raketləri alıbmı?

Məqalədə göstərilir ki, İsraillə hərbi əlaqələr Azərbaycan aviasiyasını təkmil dronlarla möhkəmləndirib və bu silahlardan əsas etibarilə erməni artilleriyasına qarşı istifadə ediləcəyini gözləmək olar.

Təhlilçi qeyd edir ki, Azərbaycanın hərbi potensialı Ermənistan və Qarabağ psevdodövləti ilə müqayisədə getdikcə daha sürətlə artır və balans heç də Yerevanın xeyrinə dəyişmir.

Məhz buna görə də, “drona dron, tanka tank olmasa da, erməni tərəfi də silahlanmaya pul xərcləyir”.

Müəllif yazır ki, Moskva və Yerevan Ermənistanın Rusiyadan mükəmməl 9K720 Iskander yaxınmənzilli raket sistemlərini aldığını nə təsdiq, nə də inkar edirlər.

Ermənistanın zirehli texnikası Rusiyadan təchiz olunur və dronların yerli istehsalı yaradılır.

Məqalədə deyilir ki, hərbi texnika sahəsində balans Ermənistanın xeyrinə olmasa da, strateji coğrafiyaya nəzarət ona güclü müdafiə üstünlüyü verir.

Heç kim müharibə istəməsə də...

Jack Mulcaire yazır ki, Qarabağın əsas yollarına ermənilər nəzarət edirlər və bu bölgəyə daxil olmaq üçün Azərbaycan ordusu Murovdağ silsiləsindəki sıldırım Ömər keçidini aşmalı olacaq. Şərq tərəfədən isə Qarabağa gedən yol eni iki kilometr olan dərədən Əskərana gedir. Stepanakert uğrunda hər hansı hücum yalnız bu istiqamətdən ola bilər.

Ekspertin fikrincə, qalan yollar, məsələn Sərsəng su anbarı və Laçın tərəf daha uzaqda yerləşir və relyef maneələri daha mürəkkəbdir.

Jack Mulcaire-nın gəlidiyi qənaət budur ki, hazırkı vəziyyətdə “Bakı sükan arxasında oturub status quo-nun dəyişməsini gözləyir, Ermənistanın bütün mümkün hərbi əməliyyatları isə müdafiə ilə məhdudlaşa bilər”.

Müəllif bu nəticəyə gəlir ki, tammiqyaslı müharibə hətta tərəflər onu etmək istəməsələr də baş verə bilər.

“Çünki həm Azərbaycanın, həm də Ermənistanın müharibə üçün səbəbləri var və üstəlik hər ikisinin barmaqları tətikdədir”- yazır Jack Mulcaire.

XS
SM
MD
LG