Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Bakı İslam Oyunlarında qadınların iştirakını müzakirə edir


Arxiv fotosu
Arxiv fotosu

Azərbaycan atleti Rövşən Fətullayev 2013-cü ildə İndoneziyadakı oyunları belə xatırlayır

-

2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarının (İHO) –İslamiadanın özəlliklərindən biri də bu yarışda idmançıların mühafizəkar geyimidir.

Məsələn, sonuncu, 2013-cü il İndoneziya oyunlarının fərqi artıq açılış mərasimində nəzərə çarpırdı - ansamblda ifa edən qadınların başı ağ hicabla örtülüydü, yubkanın altından şalvar geyinmişdilər.

Bəhreyn, Əlcəzair, Qətərin qadın oyunçuları meydana başıörtülü çıxmışdılar.

İndoneziyada Fələstin qadın milli yığması başıörtülü oynamış, iranlı qadın qaçışçı idman kostyumunun altından qara paltar geyinmişdi.

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycanda idmançıların geyimi ilə bağlı hələ ki, İslam İdman Həmrəylik Federasiyası ilə müzakirələr gedir: ”Bəzi oyunlarda qadınların iştirak edib-etməməsi, geyimlərlə bağlı hələ ki, danışıqlar aparılır. Azərbaycan tərəfi Federasiyanın standartlarına hörmətlə yanaşır”.

“İNDONEZİYADA İDMANÇILARA XƏBƏRDARLIQ ETDİLƏR Kİ, QISA GEYİNMƏSİNLƏR”

Azərbaycan - qadın futbolçular
Azərbaycan - qadın futbolçular

İdman şərhçisi Coşqun Eldaroğlu AzadlıqRadiosuna müsahibəsində deyir ki, 2005-ci ildə ilk dəfə Səudiyyə Ərəbistanında keçirilən oyunlarda qadın idmançılar ümumiyyətlə iştirak etməyib.

İranda isə oyunların keçirilməsinin baş tutmamasının bir səbəbi də qadın idmançılarla bağlı razılıq əldə oluna bilinməməsidir.

“Sonuncu - 2013-cü ildə İndoneziyadakı oyunlar isə daha azad oldu. İndoneziyada yeganə xüsusi xəbərdarlıq o idi ki, idmançılar qısa geyinməsinlər. İki dindar ölkədə İHO fiaskoya uğradı, yalnız İndoneziyada nisbətən uğurlu oldu. Yəqin ki, Azərbaycan daha az dindar olduğu üçün burdakı oyunlar daha azad keçiləcək”.

Azərbaycan atleti Rövşən Fətullayev 2013-cü ildə İndoneziyadakı oyunları belə xatırlayır: “Bəzi ölkələrin qadınları örtülü geyinmişdilər. Bizim qadınlar isə yox. Hər bir idmançının öz seçiminə buraxılmışdı”.

İslam İdman Həmrəylik Federasiyasının 57 üzvü var, İHO müsəlman olmayan dövlətlərin də üzünə açıqdır.

“ULDUZ OLİMPİADAÇILAR İSLAM DÜNYASINDA DEYİL”

Çoşqun Eldaroğlu deyir ki, İHO nüfuzlu idman tədbiri sayıla bilməz:

Natiq Aliyev
Natiq Aliyev

“Dünya olimpiya idman növlərinin ulduzları islam dünyasından deyil. Heç Avropada da deyil. Məsələn, yüngül atletika- qısa məsafəyə qaçışda olimpiya çempionu Usain Bolt yamaykalıdır, digər başqa məşhur idmançıların bir çoxu Latın Amerikasındadır, marafon qaçışları üzrə liderlər Afrikadandır”.

Neftin dünya bazarında qiymətinin bir barrel üçün 90 dollardan 50 dollara düşməsi dövlət büdcəsinin böyük hissəsi neft gəlirlərindən ibarət olan Azərbaycan üçün çətinliklər yarada bilər.

Energetika naziri Natiq Əliyev Əl-Cəzirə Türk telekanalına müsahibəsində bildirib ki, neft gəlirləri 5-6 milyard azalıb. Bu halda İHO-nın keçirilməsi Azərbaycan üçün çətinlik yaratmayacaq ki? Bu suala Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva cavab vermir, bildirir ki, bu məsələ müzakirə mövzusu deyil. Prezident İlham Əliyev isə aprelin 10-da deyib ki, dünya maliyyə böhranı Azərbaycandan yan keçib.

Coşqun Eldaroğlu deyir ki, bu il iyunda keçiriləcək Avropa Oyunları kimi İHO-nu da Azərbaycan rəqibsiz, püşksüz əldə etdi. İHO ilə bağlı qərar qəfildən, dövlətlərə oyuna ev sahibliyi etmək üçün heç bir təbliğat aparılmadan verildi və böyük ehtimalla Azərbaycandan başqa oyunlara ev sahibliyi etmək istəyən ölkə olmayıb:

“Hazırda dünya idmanı maliyyə böhranı yaşayır və bir sponsor axtarışı var: şübhəli demokratiyalı, ya da totalitar və avtoritar ölkələr son illər oyunlara ev sahibliyi etməyə başlayıblar. Bu, hətta olimpiadalara da aiddir. 2008-ci il olimpiadası Pekində keçirildi- Çin totalitar ölkədir, 2016 -ci ildə Braziliya- şübhəli demokratiyası olan ölkədə olacaq, futbol üzrə dünya çempionatları son illər CAR, Brazilayada keçirilib, qarşıdakı iki çempionat isə Rusiya və Qətərdə keçiriləcək.

Artıq Qərb dövlətləri də beynəlxalq oyunların bu cür ölkələrdə keçirilməsinə normal yanaşırlar, çünki özləri, rentabelli olmadığına görə bu oyunları keçirə bilmirlər- onlar ictimaiyyətləri qarşısında hesabat verməlidirlər”.

Bəzi müşahidəçilər İslamiadanın Azərbaycanda keçirilməsini siyasi səbəblərlə bağlayırlar: yeni İran –ABŞ açılımından sonra Azərbaycan özünə yeni tərəfdaş, əlverişli şərtlərlə kreditlənmək üçün yaxın ölkə axtarır. Hakimiyyətə yaxın mənbələr bu arqumenti rədd edir, Azərbaycanın islam dövlətləri ilə münasibətlərinin həmişə yaxşı olduğunu deyirlər.

XS
SM
MD
LG