Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:15

Bərdə sakininin evinə basqın və başına gələnlər...


Arxiv fotosu
Arxiv fotosu

-

Bərdə rayonunda məskunlaşmış Xocalı rayonu, Kosalar kənd ibtidai məktəbinini müəllimi, məcburi köçkün Nazim Türbəndiyev polis və məhkəmə orqanları tərəfindən üzləşdiyi qanunsuzluqlardan AzadlıqRadiosunun "Qaynar xətt"inə danışır.

"EVƏ BASQIN EDİLİB"

Şikayətçinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının ona qarşı bu cür davranmasına səbəb üç il öncə həyətlərinə oğru girməsi barədə polisə şikayət etməsi olub. Deyir, polis heç bir tədbir görməyib. Əksinə, oğrulardan biri - Ziya Cabbarov atası Mirzə Cabbarovla birlikdə onların yaşadığı evə basqın edib, xəstə övladının gözü qarşısında həm onu, həm də hamilə həyat yoldaşını döyərək ağır xəsarət yetiriblər. Nəticədə hər ikisi xəstəxanaya düşüblər, 9 gün özü, 41 gün isə həyat yoldaşı Afət Ağayeva müalicə olunub. Aldığı xəsarətlə bağlı həyat yoldaşının hamiləliyi də pozulub.

Şikayətçi:

"Bərdə Rayon Polis Şöbəsində və Bərdə Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlansa da istintaq birtərəfli aparılıb. Daha doğrusu, hadisəni törədənlər qalıb bir kənarda, mənim özümü qurama ittihamlarla məsuliyyətə cəlb ediblər. Cabbarovlar Bərdə rayonunda at və eşşək kəsib mal əti adı altında camaata satır, haram yollarla pul qazanır, var-dövlət toplayırlar. Ona görə də polis və prokurorluğun bəzi nümayəndələrini pulla ələ aldılar, iş Cabbarovların xeyrinə saxtalaşdırıldı. Rayon prokurorunun hədə-qorxularına baxmayaraq şikayətimi geri götürmədiyimə görə məni qurama ittihamlarla məsuliyyətə cəlb etdilər. Mənə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırdılar, Bərdə Rayon Məhkəməsinin qərarı ilə 1 il şərti cəza verdilər. Məhkəmənin qərarından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdim. Barəmdə bəraət hökmünün çıxarılmasını istəyirdim”.

"İSTİNTAQ QEYRİ-OBYEKTİV APARILIB"

Şikayətçinin bildirdiyinə görə, istintaqın qeyri-obyektiv, birtərəfli aparılması barədə yuxarı instansiyalara çoxsaylı müraciətlər edib. Araşdırma tam, obyektiv və hərtərəfli aparılamdığı üçün yuxarı instansiyalar tərəfindən üç dəfə ləğv edilib:

“Lakin prokuror Rəhim Əliyevin və polis şöbəsinin rəisi Hikmət Quliyevin sifarişi ilə müstəntiq müstəntiq Çingiz Paşayev eyni qərarı əsassız olaraq 19 oktyabr, 2014-cü ildə 4-cü dəfə yenidən çıxararaq Cabbarovlara olan sədaqətini bir daha nümayiş etdirdi, Ziya Cabbarovu məsuliyyətdən yayındirdı. Mirzə Cabbarov isə qürrələnərək “Mən prokurora 8 min, məhkəməyə 5 min manat pulu elə-belə verməmişəm. Prokurorla şərtimi kəsmişəm ki, oğlumun adı bu cinayət işində hallanmasın, Nazimə isə məndən ağır cəza verilsin” deyir”.

Şikayətçinin sözlərinə görə, 3 ildir ki, özünün və ailəsinin pozulmuş hüquqlarının bərpa olunmasına çalışır. Ancaq rayon prokuroru, polis rəisi başda olmaqla Bərdə rayon hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri tərəfindən təhdid və təqiblərə məruz qalır:

"Həm prokuror, həm də polis rəisi mənə hədə-qorxu gəlir, şikayətimi geri götürməyi tələb edirdilər. Polisin məni təqib etməsi barədə rayon prokurorluğuna dəfələrlə yazılı və şifahi məlumat versəm də bu barədə heç bir tədbir görülmədi. 2014-cü ilin iyun-iyul aylarından etibarən telefon nömrəmə günün müxtəlif vaxtlarında (daha çox gecə saatlarında) gizli nömrədən zənglər gəlir. Bu barədə DİN-ə və Bərdə RPŞ-yə və 102 qaynar xəttinə dəfələrlə məlumat vermişəm. DİN bunun araşdirilması barədə Bərdə RPŞ-yə göstəriş verib. Ancaq bu barədə də tədbir görülməyib.

Nazim Türbəndiyevin dediklərindən belə məlum olub ki, 12 mart, 2015-ci ildə səhər saatlarında qan xərçəngi olan 9 yaşlı qızı ilə yolda gedərkən içində polis əməkdaşları olan iki maşın onların qarşısını kəsib. 7-8 nəfər polis işçisi heç bir səbəb olmadan qızını və onu sürüyərək başqa-başqa maşınlara mindirmək istəyiblər:

“Soruşdum ki, axı niyə belə edirsiniz, biz sizə neyləmişik... Vidadi adlı polis əməkdaşı yaxamdan dartıb üstümə qışqırdı ki, səbəbini sonra biləcəksən. Uşaq əlini mənim əlimdən buraxmaq istəmirdi, ağlayırdı. Polislərə qızımın xəstə olduğunu desəm də əhəmiyyət vermədilər. Qızım qorxudan həyəcanlanıb huşunu itirdi, yerə yıxıldı. Polsilər buna əhəmiyyət vermir, Vidadi adlı KPZ rəisi bizi sürüyərək deyirdi ki, “otur maşına, gör başına nə oyun açacam“. Ətrafdakı insanların müdaxiləsindən sonra biz onların əlindən xilas olduq. Uşağımın üzünə su vurub ayıltdılar”.

HÜQUQ-MÜHAFİZƏ ORQANLARI NƏ DEYİR...

Səsləndirilən fikirlərlə bağlı Bərdə Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokuror müavini Allahverdi Abuzərov Xocalı rayonundan olan məcburi köçkün Nazim Türbəndiyevin dediklərinin əsassız olduğunu bildirdi:

“Nazim Türbəndiyev öz yaxın qohumu, daha doğrusu, bacısının əri Mirzə Cabbarov və bacısı oğlu Ziya Cabbarovla yola getmirdilər, şəxsi münasibətlər zəminində aralarında yaranan narazılıqla əlaqədar dalaşmışdılar da. Bununla bağlı araşdırma aparıldı, iş məhkəmə qədər gedib çıxdı. Yaranmış insidentlə əlaqədar yeznəsigil kənddən köçdülər. Dəfələrlə bu şəxsi özüm qəbul etmişəm, ona hüquqlarını başa salmışam, izah etmişəm. Əgər kimdənsə, nədənsə şikayəti varsa, məhkəməyə müraciət etməsini məsləhət görmüşəm. Yenə də xeyri yoxdur. Türbəndiyevlər üç əmioğludur. Bunların üçünün də işi-gücü ora-bura şikayət etməkdən ibarətdir. İnanın ki, heç özləri də bilmirlər nə istəyirlər”.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Ramiz Abbasov da Xocalı sakinin dediklərini təkzib etdi:

“Martın 12-də prezident İlham Əliyevin Bərdəyə səfəri zamanı Nazim Türbəndiyev xəstə qızının problemi ilə bağlı ölkə başçısı ilə görüşmək istəyib. Polislər ona icazə verməyiblər. Bu şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmayıb. Dediklərinin hamısı yalandır”.

XS
SM
MD
LG