Noyabrın 2-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Andreas Herkel və Toni Loydun iştirakı ilə siyasi məhbuslar üzrə işçi qrupun iclası keçirilib. İclasda iştirak edən hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, həmməruzəçilər siyasi məhbuslarla bağlı məsələnin həll edilməsi üçün işçi qrupa dekabrın sonuna kimi vaxt verib.
AŞ PA həmməruzəçisi Andres Herkel: «Biz bu günkü toplantıdan sonra belə qənaətə gəldik ki, siyasi məhbuslarla bağlı problem yaxınlarda həll olunarsa, məruzəçiyə ehtiyac qalmayacaq. Çünki indi bəzi irəliləyişlərin olduğunu görürük. Amma bu sahədə davamlı irəliləyişlər olmasa, mən şəxsən özüm təkid edəcəm ki, ayrıca məruzəçi olsun. Bu o halda olacaq ki, məruzəçi Tonni Lloydla mən çarəsiz qalaq. Amma indisə ümidlər var. İşçi Qrup yaxşı atmosferdə keçdiyindən ümidvarıq ki, problemlər həll olunacaq».
Cənab Herkel həmçinin xəstə məhbuslarla bağlı problemlərin həll olunmasını da istəyir. Həmməruzəçi bu məsələyə Ədliyyə Nazirliyi və Prezident Aparatındakı görüşlərdə toxunduğunu bildirir.
Rəsmi şəxslər, həmçinin qeyri-hökumət təşkilatları təmsilçilərinin də ibarət işçi qrupun dağılmaq təhlükəsi var idi. Görüşdə razılıq əldə olunub ki, qrup fəaliyyətini davam etdirsin. Onu deyək ki, tədbirin parlamentdə keçirilməsi nəzərdə tutulsa da, hüquq müdafiəçiləri ora getməkdən imtina etdiklərinə görə görüş AŞPA-nın Bakı ofisində baş tutub.
Görüşdə dövlət qurumlarının təmsilçiləri eyni zamanda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri iştirak ediblər. Deputat Gültəkin Hacıyeva görüşün konstruktiv keçdiyi bildirib.
Noyabrın 2-də həbsdə olan jurnalist Sakit Zahidovla da görüşən həmməruzəçilər onun məsələsinin diqqətə saxlayacaqlarını bildiriblər.