Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:02

Media işçiləri arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu keçiriləcək


Bu il dekabrın 24-də Azərbaycanda ilk dəfə olaraq media işçiləri arasında «Nə? Harada? Nə zaman?» intellektual oyunu keçiriləcək.


«Gametv.az» Prodyuser Mərkəzi və «Xəzər» İntellektual Klubunun təşkil etdiyi KİV-lərarası «Media Kuboku» turniri açıq xarakter daşıyacaq, yəni ölkədə fəaliyyət göstərən istənilən KİV komanda şəklində bu oyunda iştirak edə biləcək. «Gametv.az» Prodyuser Mərkəzinin baş inzibatçısı, «Xəzər» İntellektual Klubunun prezidenti Seymur Teymurovun dediyinə görə, çempionatın keçirilməsində əsas məqsəd intellektual oyunların inkişafına KİV-lərin diqqətini cəlb etmək, ictimaiyyətdə bu sahəyə maraq oyatmaq, cəmiyyətə intellektual jurnalist obrazını qeyri-ənənəvi şəkildə təqdim etməkdir. Təşkilatçıların fikrincə, bu yarış jurnalistlər arasında qeyri-formal mühitdə yeni münasibətlərin yaranmasına, onlar arasında fikir mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına şərait yaradacaq. Çempionatın baş tutmasından sonra müəyyən intervallarla mütəmadi intellektual yönlü turnirlərin keçirilməsi nəzərdə tutulur.


«Gametv.az» Prodyuser Mərkəzi «Space» telekanalında efirə çıxan «Çto? Qde? Koqda?» tele-layihəsinin müəllif hüquqlarına malikdir. «Nə? Harada? Nə zaman?» oyunu üzrə KİV-lərarası «Media Kuboku» bu oyunun efir variantından fərqli olaraq rus dilində deyil, Azərbaycan dilində keçiriləcək. «Xəzər» İntellektual Klubu isə ölkədə 2001-ci ildən fəaliyyət göstərən və oyunlarını Azərbaycan dilində keçirən yeganə klubdur. Hal-hazırda təşkilatçılar turnirə hazırlıq işlərini davam etdirirlər.


XS
SM
MD
LG