Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Azərbaycanla İran müştərək müdafiə komissiyası yaradır


Foto arxiv
Foto arxiv

-

«Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq».

apa-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin deyib. O, bu ölkənin müdafiə naziri Hossein Dehghan-ın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, bu komissiyaya iki ölkənin müdafiə nazirləri rəhbərlik edəcəklər: «Azərbaycanla İranın müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək».

Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub: «Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən «İŞİD» qruplaşması, «əl-Qaidə» ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin».

«Şərq Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu AzadlıqRadiosuna deyir ki, İranın Azərbaycana marağı artıb. «Səudiyyə Ərəbistanı, İsraillə normal münasibət quran Azərbaycanla İran da balanslı əlaqələr yaratmaqda maraqlıdır» - bildirir politoloq.

İranla Azərbaycan münasibətləri zaman-zaman gərgin olub. Tehran bir neçə dəfə Azərbaycanın hava, su, quru sərhədini pozub. Bu da münasibətlərdə bəzən böhrana səbəb olub.

Müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Azərbaycana səfər edən İranın müdafiə nazirini prezident İlham Əliyev qəbul edib. H.Dehghan müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla da görüşüb.

XS
SM
MD
LG