Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:16

Forum 18 Ləzgi məscidinin bağlanma ehtimalından yazır


İçərişəhərdən görüntü
İçərişəhərdən görüntü

-

Dini hüquqlar üzrə ixtisaslaşmış Forum 18 təşkilatı İçərişəhərdəki Ləzgi (Aşurbəy) məscidinin bağlanması ehtimalından yazır. Belə ki, aprelin 17-də, axşam namazı vaxtı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidə baş çəkib və məsciddəkilərə deyib ki, binanı boşaltmağa 3 gün vaxtları var.

Müəllif Felix Corley-nin yazdığına görə, cənab Qurbanlı tələbini iyunun 12-də keçiriləcək Avropa Oyunları ilə əlaqələndirib. Məscid üzvlərinin Forum 18-ə bildirdiyinə görə, Qurbanlı deyib ki, “biz buraya daha az dindarın gəlməsini istəyirik. 3 gün ərzində çıxmasanız, sizi başqa yollarla çıxararıq”. Ertəsi gün keçirilən görüşdə Qurbanlı “açıq şəkildə deyib ki, Avropa Oyunlarına görə bu məscidin bağlanmasını istəyir. O, iddia edir ki, saqqallı kişilər avropalıları qorxudar,” bunu məscid təmsilçiləri deyir.

KOMPROMİS

Məscidin əmlakının haraya aparılacağı və ibadətin harada ediləcəyi barədə suala cavabında Qurbanlı söyləyib ki, “sizə yer verməyəcəyik, digər məscidlərə gedin”.

Məscidin icma rəhbəri Faiq Mustafa cənab Qurbanlıdan tələbini yazılı şəkildə istəsə də, rədd cavabı alıb. Şənbə günkü görüşün daha yaxşı keçdiyi bildirilir. Mübariz Qurbanlı məscidin 3 gün ərzində boşaldılması tələbini təkrarlamayıb. Ancaq məscid üzvləri isə heç məscidin təmirə bağlanmasını da qəbul etməyiblər.

“İmtina etdik, çünki məscidimizin bir daha açılmayacağından qorxuruq. Məscidin Avropa Oyunları zamanı bağlanmasını da istəmirik”.

Məscid rəhbəri Mustafa könülsüz şəkildə kompromis təklif edib. Belə ki, məscid Oyunlar zamanı səhər namazını səhər 5-də, sonuncu ibadəti isə axşam 11-də keçirməyə razılaşıb, həmin müddətdə digər ibadət saatları təxirə salına bilər. “Dövlət Komitəsinin rəsmiləri cavab verdilər ki, özləri qərar verə bilməzlər – qərar başqa yerdə veriləcək,” məscid üzvləri Forum 18-ə deyib.


“50-DƏN ARTIQ DİNDAR OLMASIN”

“Onlar əsasən məscidə gələnlərin sayından narahatdırlar. Qurbanlı tələb etdi ki, məsciddə 50-dən artıq dindar olmasın,” Mustafa Forum 18-ə deyib. “Ona dedim ki, adamların namaza gəlməsini qadağan edə bilmərik. Cavab verdi ki, bu məsələni nəzarətdə saxlamalıyıq”.

Mustafanın dediyinə görə, Mübariz Qurbanlı məscidə gələnlərin saqqal saxlamasından şikayətlənib və xahiş edib ki, 60 yaşınadək olanlar saqqal saxlamasın.

Forum 18 Dövlət Komitəsindən və İçərişəhər Dövlət Qoruğundan məscidlə bağlı şərh ala bilməyib. Milli Olimpiya Komitəsi və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsi də Forum 18-də deyib ki, bu planlardan “xəbərləri yoxdur”.

Müəllif yazır ki, hakimiyyət digər sünni məscidləri kimi Ləzgi məscidinin də güclə bağlanmasına çalışır.

ÖTƏN İYULDAN TƏMİRƏ BAĞLAMAQ İSTƏYİRLƏR

Hələ ötən ilin mayında bu məsciddə cümə namazı vaxtı polis kordonunun qurulması bildirilirdi. Forum 18 yazır ki, bu blokada bir neçə ay çəkib. Ötən ilin iyulunda isə İçərişəhər Dövlət Qoruğu məscid rəhbərlərinə şifahi şəkildə bildirib ki, məscid dərhal təmirə bağlanmalıdır. Ancaq sonradan Qoruq bu məsələni davam etdirməyib.

Məscidin imamı Mübariz Qarayev bu ilin fevralında saxlanıb. Onun məscidlərdə istifadə olunan «Namaz təlimi» kitabçasına görə saxlandığı bildirilib.

Forum 18-in yazdığına görə, məscid üzvlərinin bir neçəsi bu il işdən çıxarılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən hələlik Forum 18-in yazdıqlarına münasibət açıqlanmayıb. Ancaq dövlət orqanları ölkədə bütün dini təriqətlər üçün bərabər şərait yaradıldığını, heç kəsə qarşı dini ayrı-seçkilik aparılmadığını, bütün vətəndaşların din azadlığının qorunduğunu bildirir.

XS
SM
MD
LG