Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:01

«Azərbaycandakı modern binalarda işləyən, yaşayan insanlar çox sünidir»


Babi Bədəlov
Babi Bədəlov

-

Fransada yaşayan rəssam Babi Bədəlov:

"Uşaq vaxtı mənə əzab verən yamaqlı şalvarları indi sevirəm"

"Millilik, patriotluq hissləri məndə son illərdə yox olub gedib, özümün hansı millətdən olduğumu heç düşünmürəm."

"Ailə, bacı-qardaş hissiyyatı məndə qalmayıb."

Babi Bədəlov müasir azərbaycanlı rəssamdır. İllər öncə ailəsinin və konservativ insanların təzyiqləri nəticəsində Azərbaycanı tərk edib. Hazırda Fransada, Parisdə yaşayır.

Babi, Azərbaycan rəssamları arasında Avropa həyatına, dəyərlərinə, sənət yeniliklərinə ən çox interqasiya etmiş sənətkardır. Avropanın bir çox ölkələrində müasir rəssamların iştirakı ilə keçirilən sərgilərdə iştirak edir, fərdi sərgilərini və kitab təqdimatlarını keçirir, geniş çevrəyə və olduqca modern, maraqlı sənət nümünələrinə sahib yaradıcı insandır.

Babi yaradıcı aktivist həyat tərzi keçirir, brendlərə pul xərcləmir, ticarət mərkəzlərinə getmir və ictimai-siyasi həyata dəxli olmayan, günümüzdə aktual olmayan incəsənət nümunələrini müasir hesab etmir.

- Babi, siz harda doğulmusunuz?

- Mən Lerik rayonunun mərkəzində doğulmuşam.

- Uşaqlığınız, gəncliyiniz necə keçib?

- Uşaqlığım çox ağır keçib. Kasıb ailədə doğulmuşam. Ailədə 10 uşaq olmuşuq. 5 qardaş, 5 bacı. Mən ailənin 7-ci uşağı idim.

- Valideyinləriniz, bacı və qardaşlarınız necə insanlardı?

- Atam çox sakit adam idi. Həmişə nəyə görəsə düşüncəli olurdu. Nadir hallarda gülümsəyərdi, elə hirsli vaxtlarını da az görərdik. İndi düşünürəm ki, atam soyuqqanlılığı, təmkini ilə almanların xasiyyətini xatırladırdı. Həddindən artıq düzgünlüyü, doğruluğu sevən adam idi. Bütün uşaqlarını tərbiyəli böyütmək istəyirdi. Atam çörəkçi işləyirdi, qış aylarında evdən lap tez işə gedərdi və çox gec qayıdardı. Odur ki, bəzən onu biz görmürdük. Çünki anam bizi tez yatızdırırdı.

Babi Bədəlov
Babi Bədəlov

Amma bəzən biz yorğanın altına girəndə, bayırdan atamızın ağır addımlarla pilləkənləri çıxmağını eşidirdik. Atam hər gün çörək zavodundan iki çörək gətirərdi, biri ağ, o biri qara, bu çörəklər böyük idi, ağ çörəyi biz yeyərdik, qara çörəyi anam toyuqlara tökərdi. Anam zavod çörəyini heç vaxt yeməzdi, həmişə təndir çörəyi bişirərdi. Hətta 83 yaşı olanda, ölümündən bir gün öncə təndir çörəyi bişirmişdi. Anamın çörəyini çox sevərdik, çox dadlı olardı...Anam ailəmizin komandiri kimi idi, bütün məsulliyyət onun boynunda idi, ailədə kimin nə iş görəcəyinə o qərar verirdi. Qardaşlarımın 3-ü institut qurtarıb, 2 qardaşım həkim, bir qardaşım mühəndisdir. Bir qardaşım isə institut qurtarmayıb. Mən ən kiçik qardaşam. Bacılarımdan ikisi ailənin böyük uşaqları ıdı, 3 bacım məndən sonra doğulub. Böyük bacılarım və böyük qardaşım artıq dünyasını dəyişib.

- Onları necə xatırlayırsınız?

- Uzun illər ailədən çox uzaqda yaşadım. Yalnız dostlarım ilə ünsiyyətdə olmuşam həmişə. Ailə, bacı-qardaş hissiyyatı məndə qalmayıb. Bəzən onları yada salıram, mənə elə gəlir ki, uzun bir serial idi onlarla keçən günlər. Mənim şəxsi həyatım, sənətimlə bağlılığım, məşğuliyyətim daha önəmlidir belə şeylərdən...

- Əyalətdən Bakıya gəlişiniz necə oldu?

- 15 yaşımda ilk dəfə Lerikdən Bakıya gedib, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Bakıya ilk dəfə gələndə çox ciddi şok keçirdim. Şəhər küçələrində çox təmiz geyimli və gözəl simalı insanlar vardı...Özü də saysız-hesabsız... (Ardı aşağıda)

Babi Bədəlovun çəkdiyi rəsm
Babi Bədəlovun çəkdiyi rəsm

- Özünüzü ilk dəfə rəssam kimi nə zaman kəşf elədiniz?

- Pioner olan vaxtı divar qəzeti üçün rəsmlər çəkirdim. Özümü rəssam kimi, qeyri-adi biri kimi görmək çox xoşuma gəlirdi. Yadımdadır, evimizin divarına və pilləkənlərinə təbaşirlə sözlər yazardım və Babəkin, Nəsiminin rəsmini çəkərdim...Çox kasıb olduğumuz üçün həmişə köhnə, qardaşlarımın geyilmiş paltarlarını geyinir, məktəbə köhnə kitablar götürürdüm. Şalvarımın dalında, dizlərindəki yamaqlar məni çox ağrıdırdı. Bu mənim üçün əsl faciə idi. Çox utanar, aglayardım buna görə, deyərdim ki, yamaqlı şalvarla məktəbə getməyəcəm...

Amma illər keçdi. İndi mən Avropada yaşayıram. Hər şey dəyişib. İndi dükandan təzə şalvar, sair paltar almaq vərdişinin üstündən bir xətt çəkmişəm. İndi əksinə, şalvarımda deşik, yamaq olanda daha çox qəlbimə yatır. Elə bil, indiki xoşbəxt, sərbəst heyatımla keçmişdəki qəmli, kasıb həyatım arasında əlaqə, körpü yaranıb. Həyatın çox paradoksal olduğunu qəbul edirəm...

- Gəncliyinizin yaradıcı ortamını necə xatırlayırsınız? Sizin fəaliyyətiniz, yeni baxışlarınız Azərbaycandakı rəssamlar tərəfindən necə qarşılanırdı?

- Mənimlə cüzi əlaqə saxlayırlar. Yəqin ki, indi müasir zamanda hər şeyi mediada görmək olur...

- Sizi başa düşürlər?

- Əlbəttə, başa düşürlər, amma onlar yaradıcı adamlar kimi, sərbəst olmadıqları üçün mənimlə heç bir yaradıcılıq əlaqələri yoxdur...

- Ailənizdən qopma, uzaqlaşma necə baş verdi?

- Mən 15 yaşımdan sərbəst həyata başlamışam və arzularımın reallaşması üçün mübarizə aparmışam. Onlar mənim şəxsi həyatımı qəbul etmək istəmədikləri üçün, bu uzaqlaşma baş verdi.

Fyodor Dostoyevsky
Fyodor Dostoyevsky

- Azərbaycanı tərk etməyinizə səbəb nə oldu?

- İlk dəfə Azərbaycandan kənara 1978-ci ildə çıxdım - Qırmızı Orduya xidmət etməyə getdim. Xidmət illərində rus dilində danışmağı öyrənməyə başladım, ordudan sonra Sankt-Peterburqda yaşamaq arzumu həyata keçirmək üçün ora yola düşdüm. İlk dəfə Dostoyevskinin hekayələrini oxumağa başladım. Tam başa düşməsəm də, oxumağa davam edirdim. Sonra Dostoyevskinin romanlarını oxumağa başladım. O romanlardan sonra həyatda qeyri-adiliyi və mistikanı sevməyə başladım...Sonralar Dostoyevskinin ev muzeyinə, həftəsonu göstərilən kinolara baxmağa gedirdim, bəzi kinolara bir neçə dəfə, təkrar-təkrar baxırdım. İndi də Dostoyevski mənim üçün demək olar ki, bir nömrəli yazıçıdır.

- Avropada necə yaşayırsız? Kimlərlə ünsiyyətdə olur, necə fəaliyyət göstərirsiniz?

- Avropa həyatını çox sevirəm, burada sərbəstlik var. Ağıllı, doğruluğu sevən adamlar saysız-hesabsızdır. Başqalarının şəxsi heyatına qarışanlara və bu barədə sual verənlərə hələ heç vaxt rast gəlməmişəm...Çox yaxın dostum demək olar ki, yoxdur, getdiyim barlarda və sərgilərdə görüşdüyüm və bəzən hətta adını bilmədiyim insanlarla ünsiyyətdə oluram, onlarla söhbətlər etməyi, fikirlərimizi bölüşməyi çox sevirəm.

- Saysız fərdi sərgiləriniz olur, işləriniz maraqla qarşılanır, Avropada az qala hər yerdə yaradıcı çevrəniz var. Sizdən başqa hansısa qafqazlı rəssam bu uğurları əldə edə bilib?

- Ən uğurlu qafqazlı rəssamlar əsasən gürcülərdir, gürcü rəssamlar demək olar ki, hər ölkədə yaşayırlar və beynəlxalq sərgilərdə iştirak edirlər. Çünki xaricdəki rəssamlıq məktəb və universitetlərində daha çox gürcü oxuyur, nəinki azərbaycanllı...

- Ananızın şəklini boynunuza döydürmüsünüz. Amma hiss olunur ki, onunla bir-birinizdən çox fərqli insanlarsınız. Ananız niyə belə doğmadır sizə? Bu doğmalığın səbəbi nədir?

- Anamın həmişə uzağa baxan qəmli, melanxolik gözlərini daima xatırlayıram. O, sözün əsl mənasında qəhrəman ana idi. 10 uşaq, çox kasıb ailə. Bu şərtlər altında bizi böyüdüb, boya-başa çatdırdı. Ona bir insan kimi çox böyük hörmətim var. Anama olan böyük sevgiyə görə, onu həmişə həyatımda, öz yanımda görmək istəyirəm. Bu döymədən başqa anamın fotosunu hər zaman üstümdə gəzdirirəm. Kiçik çərçivəyə qoyulmuş fotosunu hər yerə səyahət edərkən özümlə aparır, yaşadığım otaqda göz qabağında qoyuram.

- Azərbaycanla nə qədər maraqlanırsınız?

Bakı
Bakı

- Azərbaycana marağım çox az olsa belə, azərbaycanlı olduğumu hər yerdə deyirəm. Lazım olanda Azərbaycan haqqında danışıram. Amma millilik, patriotluq hissləri məndə son illərdə yox olub gedib, özümün hansı millətdən olduğumu heç düşünmürəm. Ümumiyyətlə, belə söhbətlərə gülməyim gəlir. İnsan, xüsusilə də yaradıcı insan bəşəri olmalıdır...

- Azərbaycanda sizə işıqlı, maraqlı, yaxşı görünən nələr və ya kimlər var?

- Çox çətin sualdır. Məncə hər şeyi indi muqayisə ilə aydınlaşdırmaq olar. Bakıda yeni, modern memarlıq nümunələri tikməklə, infrastruktur yaratmaqla inkişaf imitasiyası yaradırlar. Bu, gülməlidir, gülüncdür. O binalar nə qədər müasir, böyük, modernləşmiş şəhərləri xatirlatsa da, o binaların içində yaşayanlar, işləyənlər çox sünidir...

Günel Mövlud

XS
SM
MD
LG