Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:20

Televiziya rəhbərlərinin balaları...


-

- Uşağın hər gün kilolarla şirniyyat istəsə, sən şirin şeyin onu məhv edəcəyini bildiyin halda, balana şirniyyat yedizdirəcəksənmi? Yox. Zəhmət çək, tamaşaçının da qayğısına balan kimi qal...

Günel Mövlud

TAMAŞAÇI SƏNİ GÜDÜR...

“Tamaşaçı bunu üstəyir” bəhanəsinin arxasında yatan əclaflıq...

Rayner prodüserdir. Onun hazırladığı şou işlədiyi kanalın ən reytinqli verilişidir.

Bu, ucuz, bayağı, ancaq olduqca populyar şoudur. Ona milyonlar baxır. Rayner hazırladığı digər layihələrdə də uğurludur. O, varlı, gənc, yaraşıqlıdır. Onun gözəl sevgilisi, geniş va bahalı mənzili, bahalı maşını var. Adama elə gəlir ki, daha bundan yaxşı heç nə ola bilməz.

Amma günlərin birində Rayner qəzaya düşür. Onun psevdoşoularının birinin qurbanı olmuş babasının qisasını almaq istəyən gənc qız maşını onun maşınının üstünə sürür. Qəza ağır olur, amma Rayner sağ qalır. əməliyyat əsnasında gördüyü yuxu Raynerin öz şoularına, etdiklərinə, öz missiyasına baxışına təsir edir. O başa düşür ki, bayağı, ucuz şouları ilə zövqsüzləşdirdiyi, kütləşdirdiyi tamaşaçı bir gün ondan çox ağır qisas ala bilər.

Rayner ciddi, siyasi-ictimai mövzuların, müzakirələrin yer aldığı yeni şou hazırlayır. Amma yeni şou reytinq vermir. Raynerdən şounu bitirməyi tələb edirlər. O, şounu bitirməli olur, amma təslim olmur. Reytinq cədvəllərinin hansı sistemlə işlədiyini araşdırır. Məlum olur ki, ölkədə bir nəfər on beş min nəfərin nəyə baxacağını müəyyən edir. Işsizlərin, mühacirlərin, problemli insanların televizorlarına reytinq cihazları quraşdırılmır.

Rayner evini, maşınını satır, işçilər tutur, ofis kirayələyir və reytinq sistemi ilə mübarizəyə başlayır. Nəhayət ölkədəki bütün reytinq cədvəllərinin tərkib hissəsi olan monitorların idarə sistemini ələ keçirir. Iki ay ərzində Rayner bütün reytinqləri elm, mədəniyyət, tarix, siyasət kimi mövzuların yer aldığı verilişlərin xeyrinə çevirir. Televiziyalar məcbur qalıb, bu mövzulara aid verilişlərin, şouların sayını çoxaldırlar. Ucuz seriallar, bayağı şoular, plastik cərrahiyyə ilə bağlı verilişlər dəbdən düşməyə başlayır. Alman tamaşaçısı yenidən siyasətlə maraqlanmağa, ciddi verilişlərə baxmağa, insanlar təbiət qoynunda kitablar oxumağa başlayırlar.

Cəmi iki aydan sonra Rayner və komandası eksperimentləri bitirməyə məcbur olur. Bir həftə sonra reytinq cədvəlində yenə elm, mədəniyyət, siyasət, tarixlə bağlı verilişlər reytinq verir. Bu dəfə Raynerin barmağı olmadan. Cəmi iki ay ciddi verilişlərə baxan tamaşaçı artıq ciddiləşmiş, zövq sahibi olmuş və özünə, vaxtına hörmət etməyi öyrənmişdir. Cəmi iki ay əvvəl ucuz şoulara baxan, serial xəstəsi olan tamaşaçı artıq tamam başqa bir adamdır və birinci hal televiziyanın xidməti olduğu kimi, ikinci də televiziyanın xidmətidir.

Rayner iki ay ərzində sübut edir ki, tamaşaçıya davamlı nəyi versən, onu sevəcək. Sübut edir ki, televiziya istədiyi vaxt bir toplumdan debil, axmaq, küt bir kütlə, ya da zövqlü, fəal, ciddi vətəndaşlar düzəldə bilər. Rayner sübut edir ki, “tamaşaçı bunu istəyir” bəhanəsinin arxasında yatanlar əclafdırlar, çünki, tamaşaçının nə istəyəcəyinə onlar qərar veriblər. Qərarı tamaşaçının şəxsiyyətinin, zövqünün əleyhinə vermək isə onlara va əlbir olduqları istehsalçılara sərf edir. Onlar axmaq, küt, zövqsüz istehlakçı yetişdirir və bunu insan beyninə, zəkasına acımadan edirlər.

Rayner “tamaşaçı bunu istəyir” deyən televiziya vitse-prezidentinin üzünə ən sərrast arqumentini güllə kimi sıxır:

- Uşağın hər gün kilolarla şirniyyat istəsə, sən şirin şeyin onu məhv edəcəyini bildiyin halda, balana şirniyyat yedizdirəcəksənmi? Yox. Zəhmət çək, tamaşaçının da qayğısına balan kimi qal...

Ölkə: Avstriya-Almaniya.

Rejissor: Hans Vaynharter.

Filmin adı: “Rayneri xilas edin və ya tamaşaçı səni izləyir”...

Toplumun zövqünə təsir etmək gücündə olan hər bir jurnalistin baxmalı olduğu film.

Zövqlü baxışlar!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG