Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:38

Seymur Baycan. Bizə tərbiyəsiz küçə uşağı deyənlər...


Seymur Baycan
Seymur Baycan

-

Xalq istəyir ki, yazar yalan danışsın. Yazsın ki, təbiətimizdən gözəl təbiət, mətbəximizdən gözəl mətbəx yoxdur. Biz dünyanın ən qonaqpərvər xalqıyıq...

Seymur Baycan

ÇƏTİNDİR...

Hər dəfə nəsə yazmağa başlayanda yazıçıların həyatından bəhs edən əsərlər oxuyuram, filmlərə baxıram.

Mövcud şərtlər altında öz gücünlə nəsə yazmaq çətindi.

Gərək başqalarından güc alasan. Gərək başqalarını köməyə çağırasan.

Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda bir çox ağır şərtlər altında yaşamış və yaratmış yazıçıların, rəssamların, bəstəkarların həyatı ilə tanış olduqca özüm-özümə belə bir fikir təlqin edirəm. Onlar dözüblərsə, mən də dözməliyəm. Onlar bacarıblarsa mən də bacarmalıyam.

Beləcə ölüm-zülümlə özün-özünü yazmağa məcbur edirsən. Bununla belə şübhələr yenə də adamın içini didir.

Şübhələr adamın yaxasından yapışıb buraxmır. Yazdığım necə alındı? Bütün bunlar illüziya deyil ki? Ümumiyyətlə bu yazılanlar lazımdırmı? Nəylə məşğulam? Kimə lazımam? Niyə yaşayıram?

Yaşadığımız şərtlər altında yazmaq çox çətindi. Adamın işləməyə əli qalxmır. Ölkədə ədəbiyyat adına yaxşı müsabiqələr keçirilmir.

Müsabiqələr ədəbiyyatın inkişafı, təbliğatı üçün vacibdir, adamı yazmağa həvəsləndirir. Udsan lap yaxşı. Uduzsan da eybi yox. Yazdığın sənə qalır. Növbəti müsabiqəyə daha yaxşı hazırlaşırsan. İndi ölkədə müxtəlif formatlarda, müxtəlif miqyaslarda ən azı iyirmi səviyyəli müsabiqə keçirilməlidir. Ki, yazarlar yarışa girsinlər. Rəqabət mühiti yaransın. Yeni imzalar ortaya çıxsın. Əsərlər təbliğ olunsun. Mətbuat ədəbiyyatdan danışmağa mövzu tapsın.

Bir neçə fərqli, səviyyəli ədəbiyyat jurnalları olmalıdır. Bu jurnallar normal qonorar verməlidirlər müəlliflərə. Məsələn, indi beynimdə bir neçə hekayənin mövzusu var. Motivasiya yoxdur oturub yazmağa.

Hər şey eşitmişdim, kitab oxuyanda ürəyim qalxır sözünü də eşitmək qismətimdə varmış. Baxdım bu adamlara. Soruşdum - siz tələbəsiniz? Dedilər- hə...

Normal bir jurnal ola, hər hekayəyə iki yüz manat qonorar verə, oturub bir-bir yazıb qonorarını alasan. Qonorarsız yazmaq çox çətindi. Biyar işi kimi bir şeydi.

Başının üstündə yüz minlər, milyonlar o tərəfə-bu tərəfə axır, amma bu boyda ölkədə bir normal ədəbiyyat jurnalı yoxdur hekayəni yazıb qonorarını alasan. Yoxdu. Belədir vəziyyət.

Bəs oxucular? Əgər publisistikayla məşğul olmasaydım yəqin ki, məni uzağı yüz-iki yüz adam tanıyacaqdı. Guya hələ allah qoymasa kitabı yaxşı satılan müəlliflərdən biriyəm.

Halbuki “Quqark”dan sonra heç bir kitabımdan gəlir əldə etməmişəm. Satış şəbəkəsi zəifdir. Satılan kitabın çox vaxt pulu geri qayıtmır. Hər şey itib batır. Ən yaxşı halda satılan kitabın əvəzinə başqa kitab alıram. Başqalarından danışmıram. Öz vəziyyətimdən danışıram. Danışmaqdan da utanmıram. Utanmaqdan keçib...

Oxucular iki qrupa bölünür. Ənənəvi oxucular yazdıqlarımı qəbul etmir. Onlar üçün yazdıqlarım ədəbiyyat deyil. Küçə uşağının, ailə tərbiyəsi görməmiş tərbiyəsiz, əxlaqsız bir adamın cızmaqaralarıdır. Bu cızmaqaraların ədəbiyyata dəxli yoxdu. Ədəbiyyat tamam başqa şeydir. Yazdıqlarım fərqli görünmək, gündəmdə qalmaq üçündür. Bu tip adamların, bu cür düşünənlərin rəğbətini qazanmaq mümkünsüzdür. Gərək bütün prinsiplərindən imtina edib olasan aşıq, tamada.

İkinci qrup oxucuların da rəğbətini qazanmaq heç cürə mümkün deyil. Çünki ikinci qrupa aid olan oxucular daha çox dünya ədəbiyyatı oxuyurlar və ənənəni, şərtləri nəzərə almadan yerli yazıçıdan da dünya standartına uyğun əsər tələb edirlər. Şərtlərin, ənənənin zəif olmasını nəzərə almadan üçüncü ölkənin yazarından dünya standartlarına cavab verən əsər gözləmək bir az insafsızlıqdır.

Bəs ümumilikdə götürəndə xalq nə istəyir? Xalq istəyir ki, yazar yalan danışsın. Yazsın ki, təbiətimizdən gözəl təbiət, mətbəximizdən gözəl mətbəx yoxdur. Biz dünyanın ən qonaqpərvər xalqıyıq. Adət-ənənəmizə də söz ola bilməz. Bizik, bizdən savayı yoxdu. Başqalarının həyatı həyat deyil. Xalq nağıllar oxumaq istəyir.

Deyir sən nağıllar yaz, məni hər fürsətdə dayanmadan təriflə, ondan sonra biz də səni görərik. Xalq yazıçını yaltaqlığa vadar edir. Yazara sifariş edir ki, mənə yaltaqlan. Məni hər fürsətdə təriflə. Heç bir pis tərəfimi görmə. Dindən nəsə yazırsan nə qədər düşmən qazanırsan.

Xalqdan, millətdən nəsə yazırsan nə qədər düşmən qazanırsan. Axırda görürsən ki, beş-altı adamdan savayı yanında heç kim yoxdu. Üstünə ən müxtəlif adlar yapışdırılır. Biri avara deyir. Biri kafir deyir. Biri millətini satan deyir. Aciz və gülünc vəziyyətə düşməyini arzulayırlar. Bir az normal düşünənləri hardansa eşidiblər ki, sənət adamı acından ölməlidir. Cır-cındırın içində yaşamlıdır. Xalq heç bir prosesdə iştirak etmək istəmir, üstəlik də ürəyindən keçir ki, böyük bir mədəniyyətə sahib olsun. Heç bir prosesdə iştirak etmədən istəyirlər ki, beş-altı adam bunlara böyük töhfələr versin.

Gərək bir şeyə dəyər verəsən ki, həmin şeyin vacibliyi görünsün. Yarış yaransın. Nəsə ortaya çıxsın. Əlbəttə ortaya çıxanların hamısı yaxşı olmur. Amma belə yaranır. Mədəniyyət belə formalaşır. Yüzü yazır, iki-üçü ortaya nəsə çıxarır.

Qalanları isə ən pis halda mədəniyyət daşıyıcılarıdır. Bəzən adamlar yazanların çox olduğunu düşünürlər. Nəyi pisdir? Qoy yazsınlar. Ən azı adamlar oxuculardır.

Bu Azərbaycan ədəbiyyatının ən azı tarixini yaşadacaq. Ən fərqli adamları oxuyacaq. Hərə öz istiqamətinə, hərə öz üslubuna uyğun olaraq. Burda dünyaya, hadisələrə, xalqa, dinə fərqli baxışdan doğan fərqli istiqamətlər olacaq.

Bununla belə bu Azərbaycan ədəbiyyat tarixini davam etdirməkdi. Ən azı Axundovu, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Yusif Vəzir Çəmənzəminlini, Mirzə İbrahimovu, İsi Məlikzadəni, Əkrəm Əylislini, Yusif Səmədoğlunu, İsa Hüseynovu, Sabir Əhmədovu oxuyacaq. Elə bilirsiniz bu azdır? Ölkədən xəbəriniz var? İki gün əvvəl ölkənin ən böyük universitetində təşkil olunmuş kitab yarmarkasında kitab satırdım. Bu haqqda geniş danışmaq istəmirəm.

Gördüklərimin hamısını yazmayacam. Birini yazım bəs edər. Bir dəstə gənc yaxınlaşdı kitab düzülmüş masalara. Biri o birisilərə aman vermədən tez dedi:- bu kitabların hamısını oxumuşam.

Gülüşmə və dalbadal bu kimi zarafatlar. Hər şey eşitmişdim, kitab oxuyanda ürəyim qalxır sözünü də eşitmək qismətimdə varmış. Baxdım bu adamlara. Soruşdum - siz tələbəsiniz? Dedilər- hə. Dedim- hansı fakültədə oxuyursunuz? Dedilər - kitabxanaçılıqda. Düşündüm gör kitablar kimin ümidinə qalacaq. Bu adamlar kitab sevməyəcəklər. Sevdirməyəcəklər.

Sevməyəcəklərsə qorumayacaqlar. Bu adamların zarafat etmələri üçün nə qədər yer var. Zatən bütün günü zarafat edirlər. Bu adamların çörək əvəzinə kitab yeyən vaxtlarıdır.

İndi də oxumayıb bəs nə vaxt oxuyacaqlar? Onlar isə gülürlər. Bunun axırı nə olacaq? Bu dəvəquşu siyasətinin bir sonu varmı? Niyə adamlar özləri ölzərini aldadırlar? Nəyə lazımdı bu? Fəlakətli bir vəziyyəti zorla tərifləməklə nəyə nail olmaq olar?

Həkim publisisti yazısına görə söhbətə çağırır. Gəl sənə başa salım həkim necə olur deyir. Jurnalistika fakultəsinin tələbəsi Haqverdiyevi tanımır. Kənd məktəbləri yaman vəziyyətdədi.Orda ancaq oxumaq-yazmaq öyrədirlər. Bəzən heç onu da öyrətmirlər.

Elə kəndlər var, ordan on ildi ali məktəbə qəbul olan adam yoxdu. Yaxşı necə olacaq bunun sonu? Gəlin bu mənzərəni görməyək, özümüzü görməməzliyə vurub deyək ki, hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Bəyəm bununla vəziyyət dəyişəcək? Kimi aldadırıq? Adamlar başa düşmürlər, başa düşmək istəmirlər ki, yaltaqlanmağa qalsa elə yaltaqlanaram, hamı mat qalar. Bəyəm yalanlar danışa bilmərəm?

Tərifləməyə qalsa təbiətimizi, mətbəximizi, tariximizi elə tərifləyərəm, adamların sevincdən gözü yaşarar. Lazımdırmı? Görünür, belə lazımdır. Əgər hər hansı bir dini təriqətə öz rəğbətimi bildirsəydim vəziyyətim tamam başqa cür olardı. Yəni o qədər aciz oldum ki, yaltaqlanmağa bir adam, bir ünvan tapmadım? Yazırsan ki, bir kitab var, nəşr etmək lazımdır. Kim köməklik edə bilər? Heç kimdən səs çıxmır.

Bəs dövlət? Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti kökündən yalnışdır. Dövlət də yazıçıdan yaltaqlanmağı tələb edir. Bu cür siyasətlə heç bir ciddi uğura nail olmaq olmaz. Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti qoca kişilərin əllərindədir. Bu qoca kişilər öz əsərlərini və atalarının əsərlərini təbliğ etməklə məşğuldurlar. Şəffaflıq yoxdur.

Dövlət siyasi və mədəni baxışından asılı olmayaraq hər kəsə şərait yaratmalıdır. Fərqliliyə dözümlü yanşmalıdır. Buyurun, kasıb Gürcüstanda dövlətin dəstəyi ilə yazıçıların əsərləri başqa dillərə tərcümə olunur. Amma mən kitabımın tərcümə olunması üçün özüm pul tapmalıyam. Niyə? İndi sabah bir gürcü yazıçısı gedib hansısa mükafatı alsa, populyarlıq qazansa bizimkilərin əbədi və əzəli arqumenti ortaya çıxacaq - xristianlar bir-birlərinə dəstək verirlər.

Yaxşı müsabiqələr keçirilmirsə, ədəbiyyat jurnalları yoxdursa, kitab satılmırsa, dövlət tərəfindən heç bir dəstək verilmirsə bəs o zaman nə etməliyəm? Necə yazmalıyam? Necə yaşamalıyam? Səsim yoxdur gedib müğənnilik edəm. Yaş da o yaş deyil idmanla məşğul olum. Artıq gecdi. Yalnız yazmaqla özümü ifadə edə bilirəm.

Bundan savayı özünüifadə vasitəm yoxdur. Yazı isə gərəksizdir. “Oblomov kimdir” yazısını yazmağa görə təxminən min səhifə mətn oxumuşam. Buna görə cəmisi iyirmi-otuz manat qonorar alacam.

Olsun. Amma yazını da oxuyan yoxdur. Çox az adama lazımdır. Rus dilində çıxan iki kitabımın mənə verdiyi həvəs Azərbaycan dilində çıxan səkkiz kitabın verdiyi həvəsdən daha çoxdu. Azərbaycanda yaşayan rusdilli oxucuları nəzərdə tutmuram. Azərbaycandan kənarda yaşayan rusdilli oxucuları nəzərdə tuturam.

Burda yaşayan rusdilli oxucular varlığımdan xəbərsizdirlər. Onlar üçün maraqsızam. Belə də olmalıdır. Onların öz söhbətləri var. Təəssüf ki, başqa bir dildə yazmağı bacarmıram. Yoxsa Azərbaycan dilində bir abzas da yazmazdım. Başqa dildə yazmaq imkanı varkən Azərbaycan dilində yazan adamları da başa düşmürəm. O gün bir adam sual verir – niyə roman yazmırsan? Deyirəm- roman yazmaq üçün maddi vəziyyət normal olmalıdır, gedib hardasa sakit bir vəziyyətdə yazmalısan. Başa düşmür. Sualı bir daha təkrar edir- bəyəm belə yazmaq olmaz? Deyirəm - sən hər gün maaş almadan işə gedib pulsuz-parasız işləyə bilərsən? Üstəlik də hələ buna görə səni qabaqlarına qoyub danlayırlar ki, bu nə işdi görmüsən.

Bütün bunlari niyə detalla yazıram? Adamlar bilsin yazmaq nə qədər çətindir. Adam nə qədər möhkəm olmalıdır ki, bütün bu şərtlər altında yaşamğı və nəsə yazmağı bacarmalıdır.

"Reytinq" qəzeti

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG