Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:32

İsveçrə qəzeti: «Güclü liderlər qocalırlar»


Nursultan Nazarbaev və Islam Karimov - 2011
Nursultan Nazarbaev və Islam Karimov - 2011

-

Bu günlərdə beşinci dəfə Qazaxıstan prezidenti seçilmiş Nursultan Nazarbaev deyib ki, seçkinin nəticələri onun gözlərini yaşardıb: rəsmi nəticələrə görə, o, 97.75% səs toplayıb.

İsveçrənin «Tagesanzeiger» qəzeti yazır ki, 74 yaşlı Nazarbaev Qərbin tənqidinə belə cavab verib: «Super-demokratik dövlətlər üçün bu rəqəmlər qəbuledilən deyil, ancaq heç nə edə bilmədim».

«Ancaq ssenariyə əsasən, seçkini Nazarbaev-in qızı Dariga udmalıydı. Oxşar ssenari 2003-cü ildə Azərbaycanda baş verdi, İlham Əliyev atasını bu postda əvəzlədi. Ancaq Nazarbaev-in fikrincə, Dariga hakimiyyət ambisiyasını çox tez göstərib və nəticədə kənarlaşdırılıb, əri də korrupsiyada və qətl törətməkdə ittiham olunub, fevralın sonunda Avstriya həbsxanasında ölü tapılıb».

Müəllif daha sonra Özbəkistan prezident Islam Karimov-un qızı Gulnara-ya da korrupsiya ittihamları irəli sürüldüyünü, yəni varislə problemlər yaşayan təkcə Nazarbaev-in olmadığını vurğulayır.

«Beləliklə də, Azərbaycanın «hakimiyyətin ailədaxili ötürülməsi» modeli Özbəkistanda iflasa uğrayıb və aprelin ortasında Islam Karimov 4-cü dəfə prezident seçilib».

Müəllif hakimiyyətin ötürülməsinin Özbəkistanda daha ciddi xarakter daşıdığını qeyd edir. Çünki Özbəkistan Orta Asiyanın ən kasıb ölkəsidir və Rusiya ilə münasibətlərdə böhran yaşayır.

«Qoca liderlərin yenidən seçilməsi avtoritar sistemlərdə iflas göstəricisinə çevrilib və hər iki ölkədə avtokratları sabitlik faktorundan risk faktoruna çevirib. Karimov-un prezidentlik müddətinin sonunadək yaşamaması ehtimalı böyükdür. Ölərsə, ölkədə hakimiyyət uğrunda mübarizə başlar və bu da böhranı dərinləşdirər. Qazaxıstanda isə hazırkı baş naziri Nazarbaev-in mümkün varisi sayırlar, ancaq o da birmənalı alternativ deyil».

Pakistanda Səudiyyə Ərəbistanına dəstək aksiyası – 30 mart 2015
Pakistanda Səudiyyə Ərəbistanına dəstək aksiyası – 30 mart 2015

SÜNNİ BİRLİYİ NİYƏ MİFDİR?

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Yəmən regionda iki güclü rəqib – Səudiyyə Ərəbistanı və İran arasında yeni döyüş meydanına çevrilib. Səudiyyə İranın dəstəklədiyi hüsi hərəkatına qarşı Yəmənə hərbi müdaxilə edib, şiə qüvvələrinə qarşı sünni düşərgəsinin səfərbər olması barədə danışıqlar gedib. Ancaq mərkəz yazır ki, rəqib maraqlar sünni alyansına əngəl yaradacaq. Bu maraqlar düşərgəni birləşməyə qoymayacaq.

Belə ki, Səudiyyə Ərəbistanı və Türkiyə ərəb dünyasının gələcəyi barədə fərqli mövqedədirlər. Pakistan Yaxın Şərqdən çox uzaqdır və təriqət baxımından özünü Səudiyyə Ərəbistanına yaxın hiss etmir.

Yəməndəki Səudiyyə koalisiyası isə sünni blokundan çox ərəb qruplaşmasıdır və ərəb dövlətləri arasında da fikir ayrılıqları mövcuddur.

Məqalədə Türkiyənin mövqeyinə dair qeyd olunur ki, Türkiyə Yəmən müharibəsinə qüvvə göndərməyib. Ankara regional liderliyə can atdığından türklər Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya qoşulmaq istəməz. Səudiyyə də Türkiyənin ambisiyalarından narahatdır. Türkiyə koalisiyaya qoşulmaqdan imtina da etməyib, ancaq Səudiyyə və digər ərəb iştirakçılar Türkiyəylə birləşmək ideyasından rahatsız görünürlər; Ankaraya regionda dominant rol vermək istəmirlər. Ərəblər istəyir ki, Türkiyə İranla mübarizədə kömək etsin, ancaq Türkiyənin iddiasını da asanlaşdırmaq fikrində deyillər.

Bundan başqa regionun gələcəyi ilə bağlı Türkiyə və Səudiyyənin mövqeyi də haçalanır. Türkiyə xəyalındakı ərəb dünyasının qurulmasını istəyir, bu səbəbdən «Müsəlman Qardaşlığı» tipli qrupları dəstəkləyir. Səudiyyə Ərəbistanı üçünsə siyasi İslam və demokratikləşmə ölümcül bir qarışıqdır. Ancaq İrana gəlincə, iki ölkə taktiki-səviyyədə əməkdaşlıqdan faydalana bilər. Məsələn, Suriya və İraqda da Ər-Riyadla Ankaranın maraqları birləşir.

ABŞ prezidenti George Bush və SSRİ lideri Mikhail Gorbachev Maltada mətbuat konfransında - 1989
ABŞ prezidenti George Bush və SSRİ lideri Mikhail Gorbachev Maltada mətbuat konfransında - 1989

YENİ «SOYUQ MÜHARİBƏ»?

«2014-cü ilin sonunda Mikhail Gorbachev yazırdı ki, dünya düzəninin «Soyuq müharibə» dövrünə qayıtmasından narahatdır. Onun fikrincə, «Soyuq müharibə»ni bitirmiş inam artıq tükənib və belə bir inam olmadan bugünkü qloballaşmış dünyada dinc beynəlxalq münasibətləri saxlamağı təsəvvür etmək çətindir», - bunu «New Eastern Europe» portalında oxuyuruq.

Yazıda qeyd olunur ki, Rusiyanın Ukraynaya təcavüzü və Avropa Birliyi və ABŞ-ın qoyduğu sanksiyalar Rusiya ilə Qərbin münasibətlərinə gərginliyin qayıtdığını göstərir. «Buraya necə gəlib çıxdıq? Doğrudanmı, «Soyuq müharibə» dövründəki qlobal düzən tamamilə geri qayıdır?».

MakKeyn İnstitutunun direktorlarından biri, «Freedom House» təşkilatının keçmiş prezidenti David J.Kramer bu suala belə cavab verir ki, Qərbi «Soyuq müharibə»ni geri qaytarmaq məsuliyyəti daşımasını iddia etmək absurddur: «NATO ona görə genişlənib ki, Varşava Paktına daxil, yaxud vaxtilə Sovet İttifaqının bir hissəsi olan ölkələr müstəqil dövlətlərə çevrilib və Avro-Atlantik qurumlara birləşmək istəyib. Qərbdə heç kəs Polşa, Macarıstan, yaxud Çexiya Respublikasını NATO üzvlüyünə məcbur etməyib… Bu ölkələrin hiss etdiyi yeganə təzyiq Rusiyadan gəlib ki, alyansa birləşməsinlər».

«Bəziləri arqument gətirir ki, Ukrayna-Rusiya böhranını həll etmək üçün Ukrayna NATO-ya üzvlüyə kənara qoymalı, neytral qalmalıdır… Ancaq bəzi ölkələr Rusiyanın təzyiqindən çəkinərək Avrasiya İqtisadi Birliyinə üzv olurlar. Digər tərəfdən, NATO-nun genişlənməsi Putin-in Ukraynanı işğal etmək planında əsas faktor olmayıb... İşğalın ilk mərhələsində Putin NATO-nun genişlənməsini əsas gətirməyib, çünki o vaxt heç kəs Ukraynanın alyansa birləşməsi ideyasını müzakirə etmirdi».

XS
SM
MD
LG