-
«Bloomberg» yazır ki, İran dünya əmtəə bazarına girməyə hazırdır, bazarı təzə məhsullarla doldura, qiymətlərdə də eniş baş verə bilər.
«Neft? Ola bilər, ancaq İranın Qərblə nüvə paktından da dağıdıcı qüvvəyə malik sənayesi var: püstə. Dünyada yeddinci neft istehsalçısı olmasına baxmayaraq, İran ən böyük püstə ölkəsi adı uğrunda ABŞ-la yarışır», - agentlik yazır.
Neft kimi İran püstəsinin satışı da sanksiyalara məruz qalıb. Ancaq iyunun 30-dək İranla yekun nüvə sazişi əldə olunsa, püstə bazarında qiymətlər düşə bilər.
«Yeni təchizatın təsiri olacaq», - Dubayda yerləşən «Hakan Agro DMCC» şirkətinin rəhbəri Hakan Bahceci deyir.
Yenilikdən itirən isə Kaliforniya fermerləri ola bilər. Onlar son on ildə quraqlığa baxmayaraq, püstə sahələrini genişləndiriblər. Ancaq püstəsevərlər üçün yaxşı xəbərdir – malın az olması son beş ildə qiymətləri 40 faiz qaldırıb.
Ancaq Kaliforniyada yerləşən Püstə İnzibati Komitəsinin meneceri Bob Klein deyib ki, İran malını Avropa və ABŞ-a çıxarmaq üçün mübarizə aparmalı olacaq, belə ki, məhsulunun «aflatoksin» adlı zəhərli maddə ilə zəhərlənmə ehtimalı böyükdür.
Ötən il ABŞ-da püstə istehsalı 1.3 milyard dollara bərabər olub. ABŞ 30 ildir İran püstəsinə embarqo qoyub. Qadağa bəzi illərdə qısa müddətə qaldırılıb, sonra yenidən bərpa olunub.
RUSİYADA TARİX YADDAŞI VƏ STALIN SAVAŞİ
«Rusiyada dünyada yeganə QULAQ düşərgəsinin bir hissəsinin bağlanması liberalları narahat etməyə başlayıb. Onlar Joseph Stalin irsinin «reabilitasiya» oluna biləcəyindən narahatdır». «The Telegraph» qəzeti Roland Oliphant-ın Permdən, 36 saylı həbsxana koloniyasından yazısını dərc edib.
Müəllif yazır ki, Ural dağlarının ətəyində yerləşən bu düşərgə Stalin-in QULAQ arxipelaqının bu günə gəlib çıxmış yeganə düşərgəsidir.
Memorialın keçmiş direktoru Tatiana Kursina deyir ki, illərlə qurulmuş hər şey muzeydən aparılıb. Kursina ötən ilin mayında işdən çıxarılıb. Yerli hakimiyyət tarixə daha «obyektiv» baxış vəd edərək yeni menecment təyin edib.
Kursina və həmkarları «5-ci kolon» üzvləri, təxribatçılar elan olunublar. Səbəb muzeydə sovet repressiyasının qəddarlıq və ədalətsizliyinin açıq nümayişidir.
Muzeyin maliyyə sənədləri yoxlanıb, ard-arda rəsmi təftişlər olub. Kursina-nın əri tarixçi Victor Shymov muzeyi 20 il idarə etmiş «Perm 36» təşkilatını martda buraxıb. Bu isə Rusiya liberallarının qəzəbinə səbəb olub. Onlar Vladimir Putin hökuməti Qərbə qarşı düşmən mövqeyi tutduqca, Joseph Stalin irsinin də «bəraət» ala biləcəyindən narahatdırlar.
«Levada» mərkəzinin noyabrda apardığı sorğunun nəticələrinə görə, rusiyalıların yarıdan çoxu diktatora rəğbət bəsləyir.
Permin mədəniyyət naziri tarixin yuyulub- təmizlənməyəcəyinə söz verir, QULAQ-da hələ də mərkəzi sərgi açıqdır. Ancaq düşərgənin köhnə binasında, siyasi məhbusların sərgisi bağlanıb, bu sərginin ictimaiyyətə ziddiyyətli mesaj verdiyi söylənir.
«Muzey işçiləri deyirlər ki, tarixçilər məhbuslar barədə «tam həqiqəti» təsbit edəndən sonra sərgi yenidən açılacaq. Ancaq hər iki tərəfi qane edəcək qərəzsiz araşdırmanın ortaya qoyulması illərlə çəkə bilər», - müəllif yazır.
UKRAYNADA AZADLIQLA TİRANLIĞIN MÜBARİZƏSİ
Jim Gerlach «The Hill» portalında yazır ki, dünyada azadlıq qüvvələri ilə tiranlığın «vaxtsız mübarizə» apardığı ərazilərdən biri Ukraynanın şərqidir.
Müəllif Rusiyanın qonşusunun suveren işlərinə müdaxiləsinin birinci dəfə olmadığını yazır və 2008-ci ildə Gürcüstanla müharibəni xatırladır.
«Təəssüf ki, bu gün prezident Obama Ukraynada gedən bu savaşın məğzini tam anlamır. Anlayırsa, qanunsuz təcavüzü dəf etmək üçün Amerikanın hərbi yardımının tarixi əhəmiyyətini qiymətləndirmir. Əlbəttə, heç kəs Ukraynanın şərqinə Amerika quru qüvvələrinin göndərilməsinə çağırmır. Reagan bilirdi ki, Əfqanıstanda da bunu etməli deyil. O, bilirdi ki, yetərincə dəstək və silah olsa, bu ölkənin azadlıqsevər xalqı lazım olanı edəcəklər. Ancaq Ukraynaya hərbi yadım göstərilməsinə dair Respublikaçılar və Demokratların çağırışlarına baxmayaraq, Obama bundan imtina edib».
«Gəncliyində nasizmin nəzarətdən çıxaraq ekspansiyasını izləyən prezident Reagan tam anladı ki, imperialistik Sovetlər Birliyinin qarşısı azadlıqsevər ölkələrə hərbi yardımla alına bilər. Bu gün Vladimir Putin Ukraynada tiran yürüşünü sürdürür və prezident Obama-nın ona qarşı dayanmaq üçün səlahiyyəti və dəstəyi var. Onda fundamental sual yaranır: Niyə bu yardımı göstərmir?».