Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:00

Azərbaycanda əzilən zümrə- lesbiyanlar


Cavid Nəbiyev
Cavid Nəbiyev

-

Cavid deyir ki, Azərbaycanda ən çox əzab çəkənlər lesbiyanlardır. Həmcinsinə maraq duyan bu xanımlar bir qayda olaraq partnyor tapmaqda geylərdən daha cəsarətsiz olur, el-obadan daha çox həya gözləyirlər. Nəticədə məcbur qalıb kişilərlə yaşayır, beləcə, həm cinsi, həm də psixoloji zorakılığa məruz qalırlar.

Cavid Nəbiyev özünü gey kimi təqdim edir. 26 yaşı var. Homoseksualların hüquqlarını qoruyan «Nəfəs» LGBT təşkilatının sədridir. Bu ilin yanvarından Almaniyada yaşayır, dediyinə görə, bu ölkəyə vətənindəki təzyiqlərdən qorunmaq üçün gəlib.

- Sevgi haqda stereotip budur ki, qadınlar bir dəfə sevir, kişilərin təcrübəsində bu, bir neçə dəfə baş verə bilər. Geylərin sevgisi barədə stereotip nədir bəs?

- Avropada hetroseksuallarla homoseksuallar arasında bu mənada fərq azdır. Məsələn, Hollandiyada homoseksuallar uzun müddətli münasibətə girməkdən çəkinmirlər, onları buna görə qınayan yoxdur. Homoseksuallar evlənir, uşaq böyüdürlər. Azərbaycanda isə vəziyyət fərqlidir. Homoseksuallar uzun müddətli münasibətə girə bilmirlər. İctimai qınaqdan qorxurlar. Bir aydan sonra, iki aydan sonra münasibət bitir, yeni insan axtarmağa başlayır, yeni insanla ünsiyyət qururlar. Dörd-beş aydan sonra başqa birini tapırlar. Hal-hazırda Azərbaycanda homoseksualların sevgi məsələsi bir az problemlidir. Məncə, sevgi cinslə bağlı deyil, fərdin xüsusiyyətləri ilə bağlıdır. Mən özüm cəmiyyətin basqısı ilə nişanlımdan ayrılandan sonra altı aydır ki, heç kimlə münasibətə girə bilmirəm- sevgimi yaşayıram...

İLK BAXIŞDA NORMAL GÖRÜNƏN AİLƏLƏR ƏSLİNDƏ...

Cavid deyir ki, Azərbaycanda geylər və lesbiyanlar arasında yeni tendensiya yaranıb: onlar indi sosial şəbəkələrdə bir-birlərini daha tez tapırlar, formal olaraq evlənirlər. Məqsəd ətrafda elə rəy yaratmaqdır ki, guya normal ailə quruldu- əslində isə onlar başqa adamla- öz həmcinsləri ilə yaşayırlar.

Almaniyada insanlar cinsi mənsubiyyətini deməkdən çəkinmirlər.
Almaniyada insanlar cinsi mənsubiyyətini deməkdən çəkinmirlər.

Dediyinə görə, Azərbaycanda 3 minədək homoseksual yaşayır. Cavid bu qənaətə təşkilatın «facebook» səhifəsindəki qrup üzvlərinin sayı əsasında gəlib.

Cavid Almaniyaya bu ilin yanvarında köçüb. Dediyinə görə, «facebook»da öz həmcinsi ilə nişanlandığını yazandan sonra qonşuları gey olduğundan xəbər tutub, ona qarşı təzyiqlərə başlayıblar. Elə vaxt olub ki, evə gedə bilməyib, qızdırmalı halda küçədə yatıb:

«Mən Sumqayıtda yaşayıram, orda homofobiya daha güclüdür. Məcbur olub gecə evdən çıxdım. Məhəllədə yaşayan uşaqların hücumundan qorxurdum».

Cavid deyir ki, Almaniyada da homofobiya var, amma Azərbaycandakı səviyyədə deyil.

Almaniyada insanlar cinsi mənsubiyyətini deməkdən çəkinmirlər. Üstəlik, Almaniya qanunları geyləri xüsusi qoruyur.

«Azərbaycanda geyləri qoruyan qanunlar nəinki yoxdur, hətta hüquq-mühafizə orqanları cinsi ayrıseçkilik salırlar. İki il əvvəl mənə gecə hücum etmişdilər. Polisə dəfələrlə şikayət etsəm də, mənə dedilər ki, sənin işinlə məşğul olmağı özümüzə sığışdırmırıq. Axırda məcbur qalıb daxili işlər naziri Ramil Usubova müraciət etdim və polis yalnız bundan sonra mənim işimə baxdı».

Cavid deyir ki, Azərbaycandakı homoseksualların hüquqlarını Almaniyadan qorumaqda davam edəcək.

Mayın 17-si dünyada Homofobiya, bifobiya və transfobiyaya qarşı Beynəlxalq Gün kimi qeyd olunur. 1990-cı il mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı homoseksuallığı Xəstəliklərin Beynəlxalq Təsnifatı siyahısından çıxarıb.

XS
SM
MD
LG