Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14

Tamaşaçılarınızı sevin, ay Xoşqədəm xanım...


Xoşqədəm Hidayətqızı
Xoşqədəm Hidayətqızı

-

O, tamaşaçının boynuna minnət qoyur...

O, iki qızını bir gündə itirmiş ananı rəhm etmədən 3 veriliş aparıb-gətirir...

O, istədiyini ala bilməyəndə, "emosiya olmayanda", tamaşaçını qınayır...

Ş.Bəyim

BİR AKTRİSANIN TAMAŞASI VƏ YA XOŞQƏDƏMİN ŞOUSU

Xoşqədəm Hidayətqızı ətrafında da, verilişində də şou, qalmaqal yaratmağı bacaran və sevən aparıcılardandır.

Bunu ATV-də verilişi bağlananda da, bir qədər əvvələ getsək, ailə quranda da, lap yenidən efirə qayıdanda da gördük.

Gərəkirsə o, şəxsi həyatını, sevincini, faciəsini, yaşantılarını efirdə bölüşməkdən çəkinməyəcək, tamaşaçı gətirəcəksə “Rusiyada qardaşının tapılması”nı və ya hansısa bəd xəbərdən halının pisləşməsini də şouya çevirmək imkanını geri itələməyəcək.

Verilişi reytinqli sayılsa da, o, tamaşaçısını ovcunda saxlamaq üçün publikaya oynamaqdan, mətbuatda PR-nı qurmaqdan, diqqəti üzərinə cəmləməkdən əsla imtina etməyəcək.

O, diqqət mərkəzində qalmağı sevir çünki.

QIRMIZI GEYİM, ÇİÇƏYƏ BOĞULAN STUDİYA VƏ GÖZ YAŞLARI

Budur, o yenidən efirdədir. Bu dəfə ANS efirində!

Gül ləçəkləriylə bəzədilən, çiçək dəstələrinə boğulan (hərçənd bu görüntüyə evlənmə proqramlarında belə rastlanmır, ayrılıqların, həsrətlərin meydanı olan, ölüm xəbərlərinin verildiyi, göz yaşının sel olduğu bir verilişdə buna nə ehtiyac var?) qırmızı geyib yenidən “taxtı”na çıxıb, mühakimə etməyə, qınamağa, qiymət verməyə, qonaq qismində çağırdığı yazarlara, alimlərə, müəllimlərə bəzən aman, fürsət vermədən çıxış etməyə, bəzən də onları coşdurub-coşdurub qışqırtmağa hazırdır.

Tənbəllik etmədim, saydım, düz 14 dəqiqə ancaq verilişdən, özündən, efirə qayıtmaq sevincindən, geyimindən-kecimindən, sponsorlarından, ona dəstək duranlardan danışdı. Yəni “yıxılmadım ayaqdayım...”

Bu 14 dəqiqədə “əziz tamaşaçıları”na onlar üçün efirə qayıtdığını söyləməyi nəinki unutmadı, az qala minnət səviyyəsinə qaldırdı: “Biz yeni mövsümdə də gələ bilərdik, ancaq sizlər üçün burdayıq” tipli bir cümlə...

15-ci dəqiqədə yavaş-yavaş mətləb üstünə gəlməyə başladı, axtarılanlardan danışdı.

O bu verilişə pis hazırlaşmışdı.

Əvvəlcə həyat yoldaşı çıxdı, övladlarını itirmələrindən danışdı və bütün bunların verilişin bağlanmasına görə baş verdiyini söylədi. Sonda da övladını axtaran ananın ürəyi gedib studiyaya yıxıldı... Bu haqda az sonra.

Bir neçə kəlmə Doğuşla Xoşqədəmin dialoqu haqda. Bu səhnə nə qədər səmimiydi, tamaşaçının ürəyini nə dərəcədə titrədə bildi və ya aparıcının hesabladığı nəticəni verdi, buna toxunmaq istəmirəm. Hər halda, saytlar və sosial şəbəkələr bu xəbəri tirajladılar. Amma demədən də keçə bilmirəm, bu ərlə arvadın dialoqu, təlx ovqatı nədənsə şəxsən məndə qurama səhnə təsiri bağışladı. Əgər yanılıramsa aparıcı bağışlayar məni...

SOYUQ GÖRÜŞLƏR

Başqa bir epizod. Atasını axtaran gənc qız bibiləriylə qarşılaşdırılır. Qazaxıstandan gələn bu qızın soyuqluğu, bibilərinə yapışmaması, üzündə ara-sıra peyda olan ironiya Xoşqədəm Hidayətqızını qıcıqlandırır deyəsən.

O istədiyini ala bilməyib – göz yaşları, sevinc nidaları alınmadı. Məşhur filmdə deyildiyi kimi “emosiya yoxdur”. Amma olsun, hamı sevincini-kədərini eyni şəkildə yaşamır axı... Aparıcı məyusluğunu dilinə gətirir: “Soyuq görüş oldu. Sevinmədiz elə bil”.

Eyni səhnə növbəti verilişdə də təkrarlanacaq və eyni məyusluq dilə gələcək. Bu dəfə atasının əvəzinə əmisiylə qarşılaşan rus qızının bibisi “Niyə sevinmədik?” deyə bir də ona sarılacaqdı, nəyisə sübut etməyə məcbur qalmış kimi. Aparıcının bu “soyuq görüş”ə təəccüblənməsi də tamaşaçıda təəccüb doğura bilər. Bu insanlar necə görüşməliydilər? Onlar indiyədək bir-birini tanımayıblar, görməyiblər, bir-birləri haqda təsəvvürləri yoxdur, situasiya özü hər şeyi deyir axı... Onlara bir qədər zaman vermək lazım deyilmi?

Rusiyada yayımlanan “Jdi menya” proqramında dərhal həmin qohumları studiyanın kənarında bir masada oturdurdular ki, özlərinə gəlsinlər, təmasa girə bilsinlər və sonda yenidən mikrofonu onlara tuturdular. Nəsə...

“OLA BİLMƏZ Kİ, HİSS ETMƏYƏSİZ...”

Bu verilişdə iki ananın halına ürəkdən acıdım.

Aparıcı 14 il qabaq iki qızını Cəlilabadda talibançıların oğurlayıb Əfqanıstana apardığı Zəhra ananı üç veriliş aparıb gətirdi. Bir verilişdə ana əhvalatı danışdı, növbəti verilişdəsə qızlarından birinin ölüm xəbəri verildi. O biri qızın aqibəti isə üçüncü verilişdə bilinəcəkdi. Hərçənd hər şey bəri başdan bəlliydi. Bu ananı bu qədər gözlətməyə, ürəyini üzməyə nə ehtiyac vardı? Əgər ananı bəd xəbərə kökləyirsə, o 14 ildə özünü çox şeylərə hazırlayıb yəqin, yox sadəcə tamaşaçını intizarda qoymaqdan söhbət gedirsə, səksəkə içində gözləyən anaya yazıq deyilmi?...

Aparıcı iki veriliş boyu anaya eyni sualları verdi: “Onlardan hansını çox istəyirsiz, hansından xəbər gözləyirsiz” və ya “2013-cü ildə siz Xumarə ilə bağlı nəsə hiss etmişdiz? Ola bilməz ki, hiss etməyəsiz, ola bilməz. Nəsə..” kimı bir az da qınaqqarışıq yanaşması adamı hövsələdən çıxarır.

Bunun nə dəxli var axı? Bir ana iki qızını eyni gündə itirib. Biri var onların ölüm xəbərini həmin gün alasan və artıq bəlli gerçəklə üzləşəsən, biri də var 14 il sən onların öldüsünü-qaldısını bilmədən yaşayasan. “Sağdılarmı, necə yaşayırlar, alışa biliblərmi həmin mühitə, od-alov içində olan Əfqanıstanda neçə dəfə ölümlə üzləşiblər,görəsən, qul kimi satdılarmı...” kimi sual çox.

Ananın içinin necə yandığı üzündən bəlli. Onun filan ilin filan günündə nəsə hiss edib-etməməsinin nə önəmi? Ana bu hisslərlə axı 14 ilini yaşayıb, evini, torpağını, balalarını itirən ananın bir də belə çarmıxa çəkmək?! Növbəti verilişdə ona “təki torpaq var olsun” kimi təsəlli vermək?! Axı onun balası torpaq yolunda ölməyib.

Və ya başqa bir ana – Elnarə. Tarixçəsini bilmirəm. Yalnız onu başa düşdüm ki, əri uşaqlarını ondan alıb, Rusiyada diyar-diyar gəzməyə, uşaqlara zülm etməyə hazırdı, təki onları anaya qaytarmasın. “Axtarıram səni” izinə düşən kimi o yenə uşaqları götürüb qaçıb. Veriliş boyu aparıcı “Sizə xəbərimiz var” deyə-deyə sonda qəfildən bunları söylər-söyləməz ana huşunu itirərək yerə yıxılır...
Veriliş bitir. Növbəti verilişdə məlum olur ki, ana reanimasiyadadır, vəziyyəti yaxşı deyil...

“KİŞİNİN DAMININ ÜSTÜNDƏ XORUZ BANLAMAZ”

Bu ana – Elnarə uşaqlarını atdığı söylənən başqa anayla - Xəyaləylə müqayisə edilir. Studiyaya gələn ər-arvadını başqasına mesaj yazmaqda, başqasına qoşulub qaçmaqda ittiham edir. Geri qayıtmasını istədiyini söylər-söyləməzsə studiyada tənələr, tənqidlər başlanır: “Kişinin damının üstündə xoruz banlamaz!”; “Cəhənnəm olsun, sənə qadın qəhətdir?”, “Kişi belə yola getsə eybi yox, amma qadın gedəndə bağışlamaq olmur” və s, və i...

Axı bu adamlar niyə bir ailənin dağılmasını belə çox istəyirlər? Bəlkə ərin dediyi uydurmadır? Niyə biri də demir ki, bu qızın ünvanına deyilən ittihamların yalan ya doğru olduğunu bilmirik, necə onu qınaya bilərik və ya bəlkə də səhv edib, bəlkə əri də bağışlayırsa, barışsınlıar, ortada 3 uşaq var. Yenə də anlamadan-dinləmədən birtərəfli ittihamlar, qınaqlar, iradlar... Özü də bu fikirlərin bəzisi Xəyalənin uşaqları studiyada olarkən səsləndirilir...

FƏRQLİ YANAŞMALAR YOXDUR

Bu studiyaya niyə ancaq patriarxat düşüncənin daşıyıcıları dəvətlidir? Niyə fərqli baxış bucağı qoyan, bu baxışını, yanaşmasını cəsarətlə müdafiə edəcək gənclər dəvət olunmur bura? Bu “mentalitetin gözətçisi” rolunu oynayan bütün yerli televiziyalara hakim siyasətin nəticəsidir ya sıravi tamaşaçısının zövqünü oxşamaq, onun gözündə milli qəhrəman görünmək istəyən aparıcının seçimdir?

Cavabını dəqiq bilmirəm. Amma əminəm ki, Xoşqədəm Hidayətqızı fəqli düşünə, fərqli baxış bucağı tapa biləcək jurnalistdir.

Yeri gəlmişkən, bir məqama da toxunum. Bu verilişdə qəhrəmanlar 80-90 faiz qınaq obyekti olur. Məsələn, “səfil gündə Rusiyada yaşadığına niyə öz ölkəndə yaşamırsan?” kimi qınaqlara vaxtaşırı yer verilir. Bir adam da demir ki, hanı iş? İş olsa niyə aşağı-yuxarı 2 milyon azərbaycanlının az qala yarısı Rusiyada məhrumiyyətli, əziyyətli həyat yaşayır, niyə isti yerini soyuq edir, evini, ailəsini, doğmalarını qoyub gedir? Cavab bəllidir. Amma bu cavabı efirində səsləndirə bilmirsənsə, barı ittihamları da səsləndirmə.

Yenə “Jdi menya” yadıma düşür. Bu günlərdə bu proqramda ötən əsrin 50-ci illərində erməni ailəyə oğulluğa verilən azərbaycanlı bacı ilə qardaşı görüşdürdülər. Orda da cavab axtarılası məqamlar ola bilərdi, ana niyə verib övladını, oğul niyə sonradan anasını bağışlaya bilməyib? Amma onlar bunun üstündə dayanmadılar. Ana yoxdur. Ancaq onun vəsiyyətini yerinə yetirən bacı var – o, qardaşıyla görüşə gəlib. Heç nəyə baxmadan.

İndi təsəvvür edin bu görüş “Səni axtarıram”da baş verir. Dərhal həmin milliyyətcə azərbaycanlı kişi qınanardı: “Niyə azərbaycanlı olduğunu bilə-bilə burdan getmisən, vətənə, onun suyuna, torpağına, çörəyinə xəyanət etmisən? Niyə sənə həyat verən ananı bağışlamamısan?..” Yəqin buna görə də həmin bacı qardaşını Moskvada soraqladı, qardaşının balalarını da bağrına basdı.
Dəyərli oxucum, vaxtını çox aldım, bitirirəm.

Xoşqədəm Hidayətqızı məşhur bir deyimi tez-tez xatırladır: “Dünyanı sevgi xilas edəcək, əziz tamaşaçılar. Elə sevin ki...”.

Siz də tamaşaçılarınızı sevin, Xoşqədəm xanım, verilişinizin qəhrəmanlarını sevin, yanlışlarıyla-düzləriylə, büdrəmələri-yıxılmalarıyla birgə, qınamadan, çarmıxa çəkmədən, onlara mərhəmətlə yanaşın. Çünki onlar da “əziz tamaşaçılar”ınızın əzizləridir

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG