-
eurasianet.org saytı 1-ci Avropa Oyunları ərəfəsində Bakıda tətbiq olunan qadağalara daha birinin əlavə olunduğunu yazır.
Belə ki, yerli sakinlərin İçərişəhərdə foto çəkməsi qadağan olunub. Əslində, rəsmi olaraq, fotoçəkilişə qadağa yoxdur. Ancaq naməlum səbəblərdən polis və təhlükəsizlik işçiləri yerlilərin foto çəkməsinə mane olur.
Ancaq deyəsən, bu yazılmamış qayda turistlərə aid deyil. «Turistlərə icazə verilir, ancaq vətəndaşlar İçəşəhər rəhbərliyinidən icazə almalıdır», - özünü Vüqar kimi təqdim edən təhlükəsizik işçisi deyib.
İnternetdə yerləşdirilən qaydalara görə, fərdlər və ərazidəki abidələrin həvəskar çəkilişi üçün icazəyə ehtiyac yoxdur. Yazı müəllifi rəsmilərdən açıqlama ala bilməyib. Hakim Yeni Azərbaycan Partiyası üzvləri ilə də əlaqə yaratmaq mümkün olmayıb. Deputat Zahid Oruc bu məsələdən təəccübləndiyi deyib və araşdırmağa söz verib. Mayın 19-da müəllif Orucla yenidən əlaqə saxlayıb, o, hələ yeni informasiya ala bilmədiyini söyləyib.
Bəzi tənqidçilər dərhal hökumətin bu addımını əhalini tam nəzarətə götürmək cəhdiylə izah edib. Belə ki, hökumət Azərbaycanın dünyadakı imicini nəzarətdə saxlamağa çalışır.
Bir nəfərsə çıxış yolu tapıb, polislərlə ingilisə danışır. «Dəfələrlə turist kimi şəkillər çəkmişəm. Təhlükəsizlik əməkdaşlarından heç biri ingiliscə bilmir, ona görə də ürəyin nə istəyir, de», - həmin şəxs adını açıqlamaqdan imtina edib.
TÜRKİYƏNİN DİYANƏT BAKANLIĞI NECƏ GÜCLƏNİR
«Foreign Affairs» dərgisi Türkiyənin dini qurum olan Diyanət Baqanlığının getdikcə güclənməsindən yazır. Müəllif David Lepeska qeyd edir ki, vaxtilə Mustafa Kemal Atatürk-ün bu qurumu yaratmaqda məqsədi ölkənin dünyəviliyini qorumaq üçün məscidləri, dini təhsili hökumətin nəzarətində saxlamaq idi.
«Bu gün isə Diyanət özü öz ağasına çevrilib. İyun parlament seçkiləri ərəfəsində prezident Erdoğan azad sözə təzyiqlərinə, avtoritar idarəçiliyə görə tənqid olunur. Bu arada onun hakim Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə mühafizəkar həyat tərzinin təşfiqi və xaricdə türk islamının yayılması üçün bu qurumun möhkəmlənməsindən yararlanır», - müəllif yazır.
«2006-cı ildən Diyanətin büdcəsi 4 dəfə artıb, 5.4 milyard lirəyə (2 milyard dollar) çatıb. Hökumətin xərcləmələrinin 1/3-i bu qurumun payına düşür, işçilərinin sayı iki dəfə artaraq 150 min nəfərə çatıb».
Diyanət ümumilikdə 85 min məscidə nəzarət edir, cümə moizələri hazırlayır, ərzaq istehsalçılarına halal sertifikatları verir. 24 saatlıq Diyanət televiziyası kabel və peykdə yayımlanır, YouTube və Facebook səhifəsi var. Diyanətin son fitvaları Qriqoryan təqvimiylə Yeni ilin bayramının keçirilməsi, lotereya, tatu və abortların haram sayılması barədə olub.
«Bu fitvaların AKP-nin xahişi ilə verildiyini demək mümkün deyil, ancaq bu addımlar hakim partiyanın sosial siyasətinə uyğun gəlir… Hökumət ötən il Twitter-i qısa müddətə bağlayanda, Diyanətin cümə moizəsi türklərə xatırladırdı ki, «azadlıq məsuliyyət tələb edir», çoxları bunu həmin qadağaya dini möhür kimi yozdu», - müəllif yazır.
İŞİD-İN MALİYYƏ MƏNBƏLƏRİ GÜCLÜDÜR
«The New York Times» «İslam Dövləti» (İD - əvvəlki adı İŞİD) silahlı qruplaşmasının maliyyə mənbələrindən yazır.
««İslam Dövləti»nin indiki xərclərini qarşılamaq üçün yetərli gəliri və sərvəti var. Hava zərbələrinin və neftin qiymətinin düşməsinin qrupa mənfi təsir göstərəcəyinə dair gözləntilər vardı. RAND qeyri-kommersiya təşkilatının təhlilçiləri bunun belə olmadığını üzə çıxarıb», - Sarah Almukhtar yazır.
Yazıda qeyd olunur ki, İŞİD gündəlik qarət və vergilərdən 1 milyon dollar əldə edir. Hökumət işçiləri 50 faiz vergi ödəyirlər; şirkətlər kontraktlar və gəlirlərdən 20 faizədək vergi ödəməli olurlar. Yəni banklar və neft kimi gəlir mənbələri kəsilsə belə, «İslam Dövləti» vergini gəlirlərinin əsas hissəsinə çevirə bilib.
ABŞ koalisiyası hava zərbələrini İD-nin neft infrastrukturuna, emal zavodlarına endirir. Həftəlik neft gəliri 2 milyon dollara düşüb, ancaq qrup neft gəlirindən asılı deyil. Bu hasilatın çoxu qrupun yanacaq məqsədləri üçün istifadə olunur.
İŞİD infrastruktura deyil, insanlara sərmayə qoyur. Ən böyük xərcləmələr maaşlaradır. Hər ay maaşlara 3-10 milyon dollar sərf olunur. İD polis-dövlətin müəssisələrinə, komitələrə, media, məhkəmələrə də sərmayə qoyur. Qrup infrastruktura sərmayədən yayınır, çünki bu obyektlər asanlıqla hədəfə alına bilər, üstəlik, tutduğu ərazilər də sürətlə dəyişir.
İŞİD xərclərini azaldır. Qrup hərbi avadanlıq qarət etməklə, torpaqlar ələ keçirməklə xərclərini minimum həddə saxlayır. Bundan başqa, əməliyyatları dəyişir, terror fəaliyyətini qızışdırır. Məsələn, ötən ay Tikriti əldən verdi, ancaq İraq və Suriyanın digər yerlərində hücumları dayandırmadı və ötən həftəsonu İraqın Ramadi şəhərini ələ keçirdi.