Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:45

Müharibə veteranı alçaldığına görə intihar edib


Mayın 19-u axşam saatlarında Qarabağ müharibəsi veteranı Mirtahir Mürsəlov Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Bölməsinin qarşısında özünü yandırıb.

Mayın 19-u axşam saatlarında Qarabağ müharibəsi veteranı Mirtahir Mürsəlov Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Bölməsinin qarşısında özünü yandırıb. Bu haqda AzadlıqRadiosuna Qarabağ Müharibəsi Əlillər İctimai Birliyinin sədri Firudin Məmmədov məlumat verib. Bakıdakı 5 saylı Klinik Xəstaxanaya çatdırılan Mirtahir Mürsəlov mayın 20-də aldığı yanıqlardan vəfat edib.

Firudin Məmmədov deyir ki, Mirtahir Mürsəlov rayon polisi və prokurorluğuna etiraz olaraq intihara əl atıb.

“ONU ALÇALTMIŞDILAR...”

Birlik sədrinin sözlərinə görə, müharibə veteranı döyülməsi və təhqir olunması ilə bağlı bir neçə dəfə adı çəkilən orqanlara və rayon icra hakimiyyətinə müraciət etsə də etinasızlıqla qarşılanıb:

“ Mirtahir Mürsəlov Göytəpə şəhərində yaşayırdı. Bir müddət öncə bir neçə şəxs onu təhqir edərək və alçaldaraq döymüşdü. Bununla bağlı o, bir neçə dəfə rayon polisinə və prokurorluğa müraciət etmişdi. Həmin müraciətlər araşdırılmamışdı. Çünki, həmin şəxslər bu orqanları ələ alıblar. Mayın 18-də həmin şəxslər Mirtahiri yenə təhqir edib döyüblər. O, mayın 19-da bir daha prokurorluğa və polisə gedib. Hər iki orqan onun müraciətlərinə laqeyid yanaşıb. Polis şöbəsində rəhbərliklə görüşmək istəsə də onu qəbul etməyib aşağılayıblar. O da müharibə veteranıdır, əsəbləri tab gətirməyib, təhqir olunmasına dözə bilməyib. Elə şöbənin qarşısında üzərinə benzin töküb və özünü yandırıb. Bu ölümə görə rayonun hüquq-mühafizə orqanları cavab verməlidir. Ümid edirik ki, prezident bu məsələni diqqətdə saxlayacaq”.

“BU, CƏLİLABADDA VETERANLARIN İLK İNTİHAR HADİSƏSİ DEYİL”

Firudin Məmmədov deyir ki, Cəlilabad rayonunda müharibə veteranlarına mənfi münasibət təkcə bununla bitmir:

“ Bir həftə öncə rayonda başqa bir müharibə əlili Həsən Abidinov özünü asaraq intihar edib. O da sosial problemlər içərisində boğulurdu. Bir neçə aidiyyatı orqanlara müraciət etsə də, xeyri olmayıb. Evdə xəstəsi olub, pul tapmayıb ki, müalicə etdirsin. Dükanlara borcu çox olub. Çıxış yolu tapa bilməyib, intihar edib. Bu onu göstərir ki, Cəlilabad rayonunda veteranlara münasibət çox pisdir və məsələ ilə bağlı tədbir görülməlidir. Bu problem bütün Azərbaycanda da var. Veteranlar özlərini, ailə üzvlərini müalicə etmək üçün pul tapa bilmirlər. Bir tərəfdən də dolanışıq. Biz hesab edirik ki, müharibə veteranları və ailələrinə pulsuz tibbi sığorta üçün şərait yaradılmalıdır. Təsadüfi deyil ki, Cəlilabadda 50 yaşınadək olan müharibə veteranlarının ölüm halları Azərbaycan üzrə orta statistikadan 20 dəfə çoxdur. Təkcə bu fakt həyəcan təbili çalınması üçün əsasdır”.

Cəlilabad Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna bildirdilər ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. Şöbədən həmçinin Mirtahir Mürsəlovun şikayətlərinin araşdırlmaması ilə bağlı deyilən iddiaları da təkzib etdilər.

Cəlilabad Rayo Prokurorluğundan isə AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.

SON İKİ İLDƏ 5-İ ÖLÜMLƏ NƏTİCƏLƏNƏN 10 İNTİHARA CƏHD...

Mərhumun həyat yoldaşı Mahirə Mürsəlova ərinin intihar etməsi ilə bağlı mayın 20-də milli təhlükəsizlik naziri Eldar Mahmudova teleqram göndərib. Həmin teleqramda o, Göytəpə Polis Şöbəsinə etdiyi müraciətlərin araşdırılmamasına görə həyat yoldaşının intihara cəhd etdiyini bildirir və Eldar Mahmudovdan məsələnin ciddi araşdırılmasını xahiş edir.

Qarabağ Qaziləri Təşkilatının sədri Etimad Əsədov bildirir ki, son 2 ildə qarşılaşdıqları sosial problem və haqsızlıqlara etiraz olaraq 10-dan artıq müharibə iştirakçısı və əlili intihara cəhd edib. Bu cəhdlərin əksəriyyəti özünü yandırmaq üsulu ilə olub və 5-i ölümlə nəticələnib.

XS
SM
MD
LG