Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Riqa sammiti nəyi dəyişəcək?


Azərbaycan prezidenti İlham Əliyevin Riqa sammitinə qatılmamaq qərarı nə kimi nəticələrə səbəb ola bilər?

-

Ölkəsində Birinci Avropa Oyunlarına hazırlaşan Azərbaycan prezidenti İlham Əliyev mayın 21-də işə başlayan Riqa sammitinə getmədi. Əgər prezident sammitə getsəydi, ortaya başqa suallar çıxacaq, Azərbaycanın Assosiasiya Sazişini imzalaması yolunda nə qədər irəlilədiyi müzakirə ediləcəkdi. Prezident getmədi və məsələyə baxış bucağı dəyişdi: Avropa liderlərinin, Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının tərəfdaş ölkə prezidentlərinin oturacağı masa arxasında Azərbaycan prezidenti öz yerini tutmaq istəmədi? Səbəb rəsmi açıqlamadakı kimi “iş qrafikinin sıxlığıdırmı”, yoxsa, Avropadan səslənən tənqidlərdirmi? Bəlkə artıq Azərbaycan xarici siyasətinə korrektə edir: yönünü Qərbdən çevirir? Sonuncu sual daha bərkdən səslənir, deyəsən.

“Prezident belə tədbirə getməsə yaxşıdır”

“Bunu Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramından imtina etməsi, ya Avropa Birliyi ilə əməkdaşlıqdan üz çevirməsi kimi yozmaq yersizdir”. Bunu millət vəkili Rasim Musabəyov AzadlıqRadiosuna müsahibəsində deyir: “Sadəcə, bu proqram Azərbaycanın Avropa Birliyi ilə ikitərəfli əməkdaşlıqdan əldə etdiyindən artıq bir şey vermir.

Rasim Musabəyov deyir ki, sammitdə Krımın Rusiya tərəfindən işğalı ilə bəyanat verib Ermənistanın Qarabağı işğalı faktına göz yumacaqlarsa, elə prezident belə tədbirə getməsə yaxşıdır: “Buna göz yumurlar, ancaq istəyirlər ki, Azərbaycan Rusiyanı tənbeh etməyə cəlb etsinlər? Gedib buna göz yummaqdansa, getməmək yaxşıdır”.

“Rusiyanın təzyiqi, hədəsi qat-qat artıqdır”

Digər millət vəkili, Ümid partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, prezidentin sammitə getməməyi Qərbdən üz döndərmək deyil: “Xarici işlər naziri Elmar Məmmədyarov Riqa sammitinə gedib, ya o, ya prezident, ikisi də dövlətin təmsilçidir”.

Onun fikrincə, prezidentin bu sammitdə iştirak etməməsinin səbəbi nə “sıx iş qrafiki”, nə də siyasi tənqidlərdir. İqbal Ağazadə deyir: “Rusiyanın təzyiqi, hədəsi bizim, ictimaiyyətin bildiyindən qat-qat artıqdır. Hakimiyyət bunu etiraf etməyə bilər, ancaq bu təzyiqlərin ciddi olduğu görünür. Prezident İlham Əliyev Riqa sammitinə gedəcəkdi, bunu hətta Latviya rəsmiləri də sammitə gələcək qonaqlardan danışarkən təsdiqləmişdi. Səfərlə bağlı qərar çox qısa vaxtda dəyişdirilib”.

İqbal Ağazadənin sözlərinə görə, hakimiyyət Azərbaycanı Rusiyanın təzyiqindən kənar saxlamağa çalışır. “Ancaq buna nə dərəcədə nail olacaqlar, bilmirəm,” – millət vəkili deyir. O, bir neçə gün əvvəl Bakıda yanan 16 mərtəbəli bina olayına da diqqət çəkir və deyir ki, bu fakt da nəzərdən qaçmamalıdır: “Aydındır ki, üzlük oda davamsız materialdandır, ancaq bir neçə ildir ki, binalar üzlənir. Əlimdə heç bir faktım yoxdur, ehtimallara söykənirəm. Dövlət rəsmilərinin davranışlarını izləyirəm. Heç kim üzlüyün alışma səbəbindən danışmır. Dəfələrlə müsahibələrimdə demişəm, hamı bilir ki, post sovet məkanındakı dövlət çevrilişlərini Rusiya edir. Bunu ABŞ da bilir. Ancaq bunun qarşısını nə ABŞ, nə Avropa ala bilir”.

“Azərbaycan gec-tez demokratikləşəcək, ancaq müstəqilliyini itirsə...”

Ancaq İqbal Ağazadə hesab edir ki, prezidentin Riqa sammitinə getməməyi Azərbaycanın Qərbdən üzünü döndərməsi demək deyil. Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya və Avropa Birliyi arasında manevr edir, bacardığı qədər də manevr edəcək, ancaq Rusiyanın yanında yer almayacaq, - millət vəkili deyir: “Çünki hakimiyyətdəkilər də yaxşı bilirlər ki, Azərbaycan Rusiyanın yaratdığı Avrasiya İttifaqına qoşulmaqla müstəqilliyini itirəcək, müstəqilliyini itirən Azərbaycan bir neçə yerə parçalanacaq. Biz bir il, ya 10 il sonra demokratiyanı qazana bilərik, geci-tezi qazanacayıq da, ancaq bir dövlət kimi müstəqilliyimiz itirsək, onu bir daha qazanmaq imkansız görünür”.

“İlham Əliyev düşünür ki...”

Politoloq Ərəstun Oruclu da Rusiyanın Azərbaycana təzyiqlərindən danışır. Onun fikrincə, İlham Əliyev belə taktiki gedişlər etməklə Rusiya ilə Azərbaycan arasındakı münasibətlərində balans saxladığını düşünür: “Ancaq gələn xəbərlər ürəkaçan deyil. Dünən qondarma Qarabağ Respublikasının rəhbəri Parisə rəsmi səfər dəvəti alıb. “Turan” informasiya agentliyi xəbər yayıb ki, ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski-nin vətəndaş cəmiyyəti və qərb institutlarına təzyiqlərinin müzakirə olunacağı Bakı səfəri ləğv edilib. Bu, o deməkdir ki, artıq Vaşinqton Bakı ilə insan haqları barədə danışmağı mənasız sayır. Hesab eləyirəm ki, bunun özü artıq kontr-addımlardır”.

“Azərbaycan fərdi münasibət istəyir”

Bu arada “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Əvəz Həsənov belə bir təhlil aparıb ki, Şərq Tərəfdaşlığı Proqramının tərəfdaş ölkələri bu sammitdən nə əldə edə bilərlər.

Əvəz Həsənovun fikrincə, Azərbaycanın Riqa sammitindən ciddi bir gözləntisi yoxdur: “Azərbaycan Şərq Tərəfdaşlığı Proqramına qoşulan zaman Avropa Birliyi ilə enerji təhlükəsizliyi ilə bağlı ayrıca sənəd imzaladı. Təbii ki, bu ölkə enerji sahəsində vacib partnyor statusuna malik olduğunun nümunəsi kimi dəyərləndirilir. Başqa sahələrdə əməkdaşlığa həvəslə can atmayan Azərbaycan onunla fərdi olaraq “strateji əməkdaşlıq” müqaviləsinin imzalanmasında təkid edir. Digər Şərq Tərəfdaşlığı Proqramı ölkələrindən fərqli olaraq, Azərbaycanda insan hüquqlarının pozulması, azad söz, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına AB və ona üzv olan ölkələrin hədsiz diqqət göstərməsi ölkədə məmurları qıcıqlandıran amilə çevrilib”.

“Gözü çıxmış qardaşdan alınan dərs...”

Təhlilçi qeyd edir ki, Azərbaycan Ukrayna və Gürcüstanın tələsik addımlarından sonra hansı sonluğun olduğunu əsas götürərək, Şərq Tərəfdaşlığı Proqramı ilə əməkdaşlığı fərdi qaydada razılaşma əsasında qurmaq istəyir: “Azərbaycan həm də bu əməkdaşlığın yaxın qonşusu olan Rusiyaya qarşı yönəldilməsində də maraqlı deyildir. Lakin, Azərbaycan faktiki olaraq neft və qaz layihələrinin əsas hədəfi kimi Avropa ölkələrini seçməklə Rusiyanın həmin bazara təsirini azaltmağa ən böyük töhfə verir. Elə ona görədir ki, Azərbaycan hökuməti Şərq Tərəfdaşlığı Proqramında əvvəlcədən müəyyən olunmuş formada bütün üzvlər üçün nəzərdə tutulan “Assosiasiya Razılaşması” əsasında əməkdaşlığı öz xeyrinə dəyişməyə cəhd edir. Ölkə özünün enerji təhlükəsizliyi sahəsində strateji yerini yaxşı başa düşdüyündən siyasi inteqrasiyanı sərfəli şərtlər əsasında qurmağa can atır. O üzdən, bu sahədə tələsik addım atmağa meylli deyil”, - Əvəz Həsənov bildirir.

XS
SM
MD
LG