Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:59

Aslan İsmayılov: “Yanğın hakimiyyətə təhlükə yaradır...”


Prezident Bakıda baş vermiş fəlakətli yanğınla əlaqədar bir neçə bəyanatlar verib. O bildirib ki, insanların ölümünə səbəb olanlar ağır cəza alacaqlar. Amma bu bəyanatlara inananların getdikcə azaldığı iddia edilir.

.

“Cinayət törətmiş insanlar cəzalanmalıdırlar. Günahsız insanların ölümündə əli olan bütün qurumlar, şəxslər cəzalandırılacaq. Məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”

Bunu prezident İlham Əliyev Bakıda baş verən yanğınla bağlı yaradılan Dövlət Komissiyasının mayın 20-də keçirilən ilk iclasındakı çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, binaların təmirində istifadə olunan materiallar araşdırılmalıdır:

“Bu məsələ də araşdırılmalıdır ki, binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub? Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Ekspertizadan keçibsə, o rəyi kim verib? Ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub».

Gözlə

No media source currently available

0:00 1:00:00 0:00

“DEDİM Kİ, GEDİN O VİLLALARI DAĞIDIN”

Prezident İlham Əliyev Bakıda qanunsuz evlərin tikildiyini də bildirib və bu məslədə vəzifəli şəxslərin günahı olduğunu dilə gətirib:

“Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikintilər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər. Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Mən 7-8 il əvvəl “Dostluq” parkına getmişdim.

Görmüşəm ki, burada ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, yenə görürəm ki, düz “Dostluq” parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar.”

İLHAM ƏLİYEV BUNDAN ƏVVƏL DƏ SÖZ VERİB...

İlham Əliyev bundan əvvəl, müxtəlif vaxtlardakı çıxışlarında da bəzi cinayətləri törətmiş şəxslərin tapılıb cəzalandırılacağı, özbaşınalıq törətmiş vəzifəli şəxslərin cəzasını alacaqları ilə bağlı açıqlamalar vermişdi.

Bu açıqlamaların bir çoxu hələlik, elə söz olaraq qalır.

Məsələn, 2005-ci il martın 2-də “monitor” jurnalının baş redaktoru Elmar Hüsüynov qətlə yetiriləndə İlham Əliyev bu hadisəni dövlətçiliyə “qara ləkə” adlandırmışdı. O, həmin vaxt ictimaiyyəti əmin etmişdi ki, cinayətin üstü tezliklə açılacaq, sifarişçilər və qatillər tapılıb cəzalandırılacaq. Həmin hadisədən 10 il keçsə də nə cinayətkar, nə də qatil tapılmayıb.

2011-ci ilin mart ayında İlham Əliyev öz çıxışımda ərzaq məhsullarının qiymətinin süni qaldırılması haqda danışmışdı. O, xüsusi ilə yumurtanın qiymətinin bir neçə dəfə qalxmasını inhisarçılıqla bağlamışdı. Prezident yumurtanın qiymətini qaldıranlara qarşı cinayət işi açılması haqda göstəriş vermişdi və həmin şəxslərin cəzaladırılacağına söz vermişdi. Bundan sonra cinayət işi açılsa da, həmin işin nəticəsi ilə bağlı hələlik ictimaiyyətə məlumat verilməyib.

2013-ci ilin fevral ayında sahibkarların bölgələrdə incidilməsi ilə bağlı İlham Əliyev rayon icra başçılarına xəbərdarlıq etmişdi. O bildirmişdi ki, bu cür icra başçıları cəzalandırılacaqlar. Sahibkarları incidən hansısa icra başçısının cəzalanması ilə bağlı hələlik ictimaiyyətə məlumat verilməyib.

Bu siyahını xeyli uzatmaq da olar.

Bəs, görəsən İlham Əliyevin son çıxışında qeyd etdiyi məsələ ilə bağlı əsl günahkarlar cəzalanacaqmı?

“BU ŞƏXSLƏR PREZİDENT ADMİNSTRASİYASINDA OTURURLAR”

Aslan İsmayılov
Aslan İsmayılov

Hüquqşünas Aslan İsmayılov deyir ki, son baş verənlər hakimiyyət üçün ciddi təhlükə olduğundan əsl günahkarların cəzalandırılması vacibdir. O bildirir ki, əks təqdirdə hakimiyyəti ciddi təhlükə gözləyir:

“ Baş prokuror özü etiraf edir ki, bu işlər sənədsiz görülüb. Bəs, hüquq-mühafizə orqanları hara baxırdı? Baş verən bu qanunsuzluqda korrupsiya var. Bu korrupsiyadan rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanları, Bakı şəhər icra hakimiyyəti, baş prokurorluq yararlanıb. Baş verənlər hakimiyyət üçün təhlükədir. Əgər belə davam edərsə, bir gün bu alov bütün ölkəni bürüyəcək. Həmin alovun içində birinci növbədə hakimiyyət təmsilçiləri, onların qohum-əqrabaları yanacaq, sonra biz də onun içərisində yanacağıq. Bunu prezident qarışıq ən üst qatda olanlar dərk ediblər ki, bundan o tərəfə təhlükədi, qırmızı xəttdir. Bundan o tərəfə hakimiyyət gedəcək. Yanan binanın yerləşdiyi rayonun icra başçısı, prokuroru, polis rəisi həbs olunmalıdır. Çünki, bunlar görüb axı hər şeyi. Zavod direktoru tutulub, bu yaxşıdır, ən ağır cəzanı almalıdır. Gəlin görək, onun “krışası” kimdir. Bu şəxslər birbaşa Prezident Adminstrasiyasında otururlar. Onlar olmasaydı zavod direktorunun bu qanunsuzluqları etməyə cəsarəti çatmazdı. Mən güman edirəm ki, onlar da cəzalandırılacaq. Bu labüddür”.

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 15 nəfər həlak olub, onlarla insan yaralanıb.

XS
SM
MD
LG