Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:43

Günel Mövlud. Gürcüstanda azərbaycanlını heyrətə salan səhiyyə


Günel Mövlud
Günel Mövlud

-

Biz xəstəxanadan çıxandan sonra anam nə qədər pulumuzun çıxdığını soruşdu.

Dedim ki, kassaya filan qədər ödədim. Anam məbləğdən heyrətə gəldi. Sonra soruşdu ki, bəs, həkimə nə qədər vermisən? Dedim heç nə qədər...

Günel Mövlud

ANAM VƏ DƏRMANLARI...

Anam şəkər xəstəsidir. Təzyiqi çox yüksəkdir. Gündə iki dəfə şəkər və təzyiq üçün dərmanlar qəbul etməlidir.

Qanuna görə anamın şəkər dərmanlarını dövlət verməlidir. O, beş ildən artıqdır ki, qeydiyyatda olduğu yerin poliklinikasında qeydiyyata düşüb.

Qaydaya görə, il uzunu bu poliklinikadan həkimin yazdığı dərmanı, dozanı almalıdır. Amma düz beş ildir ki, anam bu poliklinika ilə müharibəyə girib. Öz dərmanlarını almaq əməlli-başlı müharibə tələb edir.

Poliklinikadan hər dəfə deyirlər ki, dərman çatmır. Ona görə bu ay verə bilmərik. Dərman niyə çatmır, necə olur çatmır, Səhiyyə Nazirliyinin sayla göndərdiyi dərman necə olur, çatmır, anlamaq olmur.

Dərd bircə bu olsa nə var? Ona verilən (çox vaxt verilməyən) dərmanlar həkimin yazdığı dərman deyil. İldə bir-iki dəfə verilən dərman da tərkibi nədirsə, necədirsə, anamın şəkərini salmır.

Məcbur qalırıq, il uzunu onun şəkər, təzyiq dərmanlarını pulla alaq. Ayda 70 manat dərmanlara pul xərcləyir.

Bu yaxınlarda anamın səhhətində ciddi problem yarandı. Əməliyyat tələb olunurdu. Anam çox götür-qoydan sonra əməliyyatı Tbilisidə elətdirməyə qərar verdi.

Gəldi Tbilisiyə.

Məsləhət üçün bir cərrahın yanına getdik. Gürcüstan səhiyyəsi anamın qəlbini elə həkimin münasibəti ilə fəth etməyə başladı. Gülərüz, mehriban həkim anamı diqqətlə yoxladı. əməliyyat gününü təyin elədi.

Əməliyyat günü 5 nəfər anamın başına fırlanmağa başladı. Onun bütün prosedurlarını gülərüzlə, mehribanlıqla həyata keçirdilər.

Əməliyyatdan sonra həkim gün ərzində beş dəfə gəlib anama baş çəkir, zarafat edir, kefini açır, yemək yeyib-yemədiyini soruşur, yarasına baxır, tibb bacılarına nəsə tapşırır, qayğıkeşliklə mənə deyirdi ki, get uşağına bax, anan burda əmin əllərdədi, nəsə olsa biz hər an onun yanında olacağıq.

Anam heyrət içində idi. Gün ərzində tibb bacıları ona hər iki saatdan bir şəkərini, təzyiqini qaydaya salan iynələr vurur, katetrə baxır, “ördəyini” dəyişirdilər. Hər dəfə tibb bacısı otaqdan çıxandan sonra anam pıçıltıyla mənə deyirdi ki, bəs niyə iynə vurduğuna görə ona pul vermirsən?

Izah edirdim ki, burda belə şey yoxdur, tibb bacısı bunu təhqir kimi qəbul edə bilər.

Anam xəstəxanadan çıxan gün həkim, tibb bacıları onu təntənə ilə yola saldılar. Tapşırdılar ki, filan gün tikişləri sökdürməyə gəlsin.

Biz xəstəxanadan çıxandan sonra anam nə qədər pulumuzun çıxdığını soruşdu.

Dedim ki, kassaya filan qədər ödədim. Anam məbləğdən heyrətə gəldi. Sonra soruşdu ki, bəs, həkimə nə qədər vermisən? Dedim heç nə qədər. Niyə nəsə verməliyəm ki?

Anam çox pis oldu. Tikişi sökülən günə qədər həkimə bahalı hədiyyə almaq barədə düşündü.

Ona izah elədim ki, o hədiyyəni həkim qəbul eləməyəcək. O çox narahat idi. Çünki, öz ölkəsindəki səhiyyə qaydaları, tələb olunan pullar, verməyə borclu olduğun “şirinliklər”, “hörmətlər” onu başqa şeyə öyrəşdirmişdi.

O özünü pul verməyə, şirinlik verməyə, “hörmət” eləməyə borclu hiss edirdi. Anam buna pis şey kimi baxmır, məhz belə olmalı olduğunu düşünürdü.

Çünki başqa cür mümkün deyil. Əgər ölkədə hər sahədə yuxarılarda korrupsiya baş alıb gedirsə, sadə vətəndaş tez ya gec o korrupsiyanın bir parçasına çevrilir, korrupsiyada iştirak etməyə başlayır.

Nəticədə bütün cəmiyyət korrupsiyalaşır. Və sonda, rüşvət bir dəyərə çevrilir, nə qədər təəccüblü görünsə də, insanlar rüşvətə dəyər kimi baxır, o rüşvəti alan deyil, rüşvəti verməyənlərə pis baxır, özləri rüşvət verməyəndə narahat olurlar.

Mənim anam korrupsiyalaşmış bir cəmiyyətin simvolu idi. Rüşvət vermədiyinə görə özünü pis hiss edir, nəsə pis bir iş tutduğunu düşünürdü.

P.S. Anam Tbilisini tərk edən gün dedi ki, Azərbaycandakı dərmanlar onun şəkərini salmır. Məndən xahiş etdi ki, onun bir neçə aylıq ehtiyatını burdan alım. Aptekə getdik. Anamın Azərbaycanda 11 manata aldığı “Amaril“ burda manatla hesablayanda 2 manat yarım idi. Dörd dəfə ucuz! Onun təzyiq dərmanlarını da aldıq. Anamın Azərbaycanda ayda 70 manat tutan dərmanları burda 18 manat elədi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG