Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:35

Ağ Şəhər bulvarı - əncir, heyva ağacları, göz oxşayan yaşıllıqlar, bir də çirkli dəniz...


Ağ Şəhər bulvarının təməli 2013-cü ildə qoyulub.
Ağ Şəhər bulvarının təməli 2013-cü ildə qoyulub.

-

Əvvəllər Bakıda bir bulvar var idi. Sevgililərin görüş yeri, məktəblilərin gəzinti ekskursiyasının əsas marşrutu, yaşlıların, körpələrin dəniz havası aldığı yer. 2012-ci ildə Yeni Bulvar açılıb ona qoşulandan sonra dillərdə «ikinci bulvar» sözü yarandı. Bu günlərdə isə üçüncü – Ağ Şəhər bulvarı açılıb. Əslində yeni açılanlar köhnə bulvara qoşulanlar, belə deyək, onun davamıdır.

Mayın ortalarında prezident İlham Əliyev buraya baş çəkəndən sonra Ağ Şəhər bulvarı camaatın da üzünə açıldı.

KÖHNƏ SƏNAYE ZONASININ YERİNDƏ YAŞILLIQLAR

Sahəsi 33 hektar, uzunluğu 2.7 km olan Ağ Şəhər bulvarı köhnə, neçə illərdir istifadəsiz qalan sənaye zonasının yerində salınıb.

Bura daha sadədir, yaşıllıqlarsa daha çoxdur. Əsas bulvardakı kimi bahalı xarici ağaclar yox, gözümüzün öyrəşdiyi küknar, qovaq, söyüd ağacları əkilib. Hətta əncir, heyva, ərik, tut ağacları da var.

Bura daha sadədir, yaşıllıqlarsa daha çoxdur.
Bura daha sadədir, yaşıllıqlarsa daha çoxdur.

Skamyaların üstündəki etiketdən İtaliya istehsalı olduğu görünür. Zibil qabları ağ rəngdədir. Oturacaqların yanındakı iri qablarda güllər əkilib. Hələ əyləncə yerləri, kafe, çayxanalar açılmayıb deyə, buranın sakit mühiti var. Uşaqlar, yaşlılar, sevgililər daha çox dənizə baxır.

Nəvəsini gəzməyə gətirmiş Kübra Məmmədova deyir ki, «artıq bizim də bulvarımız var. Çox gözəldir. Kaş həmişə belə sakit olaydı».

Dəniz isə eyni dənizdir.
Dəniz isə eyni dənizdir.

DƏNİZ MƏNZƏRƏSİ UZAQDAN GÖZƏLDİR, YAXINDAN ÇİRKLİ

Burdan Xəzərə açılan mənzərə gözəl görünür. Dəniz isə eyni dənizdir – çirkli, suyu tullantılardan min rəngə çalır. Suda nə desən var, hətta köhnə gəminin qalıqları da. Hələ də ətrafda iş gedir, yük maşınları, fəhlələr çalışır.

Bulvarın uzunluğu 2.7 km-dir
Bulvarın uzunluğu 2.7 km-dir

Fəhlələrdən biri deyir ki, onlar burda qış-yay, gecə-gündüz deməyiblər. Gecənin qaranlığında, yağışlı günlərdə belə işləyiblər ki, bulvar may ayına hazır olsun.

«İşlər demək olar ki, 95 faiz görülüb qurtarıb. Kiçik işlər qalıb – harasa daş, ot örtüyü döşənməsi. O da bir neçə günə qurtaracaq» - deyə adını çəkmək istəməyən iş icraçısı bildirir.

«İşlər 95 faiz yekunlaşıb».
«İşlər 95 faiz yekunlaşıb».

Ağ Şəhər bulvarının təməli 2013-cü ildə qoyulub. Ağ Şəhər layihəsinin saytının məlumatına görə, məqsəd ekologiyası bərpa edilən sənaye zonasında həyata keçirilən «Bakı Ağ Şəhər» layihəsini tamamlamaqla Bakını daha da gözəlləşdirməkdir.

XS
SM
MD
LG