Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:30

Eldəniz Quliyev: «Peşəkarcasına küçə süpürməyi öyrənmişəm»


Eldəniz Quliyev
Eldəniz Quliyev

-

Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev məhkəməyə müraciət edib. O, Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsində 480 saatlıq ictimai işə cəlb olunması barədə məhkəmə qərarının ləğvini istəyir. Nəsimi rayon Məhkəməsi həmin qərarı daxili işlər naziri Ramil Usubovun iddiasına əsasən keçən ilin oktyabrında çıxarıb, apreldə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Məhkəmə iyunun 1-də olacaq. Daxili işlər nazirinin iddiası ilə məhkəmə Eldəniz Quliyevin 1000 manat ödəməsi haqda da qərar çıxarıb. Bundan başqa onun ölkədən çıxmasına da yasaq qoyulub.

Eldəniz Quliyev AzadlıqRadiosuna müsahibəsində 10 günə yaxındır küçə süpürdüyünü deyib.

– Eldəniz bəy, daxili işlər naziri sizi niyə məhkəməyə vermişdi?

- Ramil Usubov məni şəxsi «facebook» səhifəmdə yazdığım statusa görə məhkəməyə verdi. Şərəf və ləyaqətinin təhqir olunmasını iddia etdi. Əslində bu, çox absurd və gülməli idi. Ona görə ki, yazdığım statusda Ramil Usubov haqda bircə kəlmə də olsun aşağılayıcı ifadə yox idi. Bircə cümlə o idi ki, «hörmətli nazir Ramil Usubovun diqqətinə çatdırıram». Bir kəlmədən başqa onun adı heç yerdə çəkilmirdi. Amma buna baxmayaraq, statusda yazılan «Azərbaycan polisi davranış qaydalarına riayət eləməlidir, gizlənib radar sistemi ilə sürücüləri narahat eləməməlidir, onları rüşvət verməyə təhrik eləməməlidir» kimi ifadələr yəqin ki, onun xoşuna gəlməmişdi. Amma hamıya aydın idi ki, onun iddia ərizəsi mənim ictimai-siyasi fəaliyyətimlə bağlı idi. Məhkəmə də nə qədər təəccüblü olsa da, onun bu iddia ərizəsini qəbul etdi. Haqqımda 1 ilə qədər həbs cəzası istədi. Sonda məhkəmə məni 1000 manat cərimə etdi. 140 manat da linqvistik ekspertiza xərci. Bununla yanaşı, iki cəza növü də tətbiq etdilər. 480 saat ictimai işlə məşğul olmaq haqda qərar da çıxarıldı, ölkəni tərk etməyimə də yasaq qoyuldu. Bir şeyi deyim ki, pensiya yaşına çatmış şəxsi ictimai işə cəlb etmək qanunla qadağandır. Mənim də yaşım 63-ü keçib, artıq pensiyadayam. Buna görə Nəsimi rayon Məhkəməsinə müraciət etmişəm ki, 480 saatlıq cəzanı ləğv etsinlər.

– İctimai işlərə cəlb olunmaq deyəndə, nə nəzərdə tutulur? Nə iş görməlisiniz?

- Artıq 10 günə yaxındır ki, mən hər gün Nəsimi rayonundakı 14 saylı Mənzil-İstismar Sahəsinə gedirəm. Orda məni sanitar işlərlə məşğul olmağa cəlb ediblər. Hər gün saat 4-də gedib 4 saat bu işlə məşğul olmalıyam. Mən gedirəm. Hər hansı bir iş olarsa, yerinə yetirirəm.

– Bu vaxta qədər nə iş görmüsünüz?

- Bu 10 günün içində peşəkarcasına küçə süpürməyi öyrənmişəm. Xədicə İsmayıl həbs olunmamışdan əvvəl ona da belə bir cəza təyin olunmuşdu. Danışmışdıq ki, yolları bir yerdə süpürərik. Ancaq Xədicə məni aldatdı, getdi Kürdəxanıya (gülür).

– Sizin üçün hər gün iş olur?

- Hər gün də olmasa, günaşırı bir iş tapırlar. Amma bunlar bəzən az qalır məni nəzarət altında işlətsinlər. Mən mətbuata xəbər vermirəm. Mən bu işi görməkdən qətiyyən çəkinmirəm. Hesab edirəm ki, insan mübarizədə bərkiyir. Bu da mübarizənin bir formasıdır. Mənim dostlarım, əqidə yoldaşlarım həbsxanada olduğu bir vaxtda əlinə süpürgə götürüb yolları süpürmək çox yüngül cəzadır. Əlimə süpürgə götürəndə həbsxanada olan bacı-qardaşlarımla həmrəy olduğumu nümayiş etdirirəm.

– Siz bu qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmisiniz. Qərar olmadan həm də icrasına başlamısınız?

- Mən elə bilirdim ki, məhkəməyə müraciət edəndə, bu 480 saatlıq işi müvəqqəti saxlayacaqlar. Ancaq elə deyilmiş. İş icraata götürüləndə hakim icraçılara özü yazılı şəkildə tapşırıq verməlidir ki, icraya götürülüb, ona görə hələlik saxlanılsın. Onlar da bunu etmədilər.

- Bir kinodramaturqun küçə süpürməyi sizə bu obraz haqda yazmağa stimul verirmi?

- Təbii ki, yazacağam. Çox ciddi düşünürəm ki, ədalətlə, ləyaqətlə, öz alın təri ilə yaşayan bir insanın diktaturaya meylli avtoritar siyasi sistemdə addım-addım məhv edilməsi haqda yazım. O ki, qaldı mənə bu cəzanı verənlərə, qoy bu məni sifarişlə bu cəzaya məhkum edənlərin vicdanına qalsın. Əvvəla, yaşlı bir adamam. İkincisi, xəstəlik keçirən adamam. Üçüncüsü, günahı olmayan bir qələm əhliyəm, qeyri-təvazökarlıq da olsa, az-çox tanınan adamam. Mən başa düşürəm ki, mənim sındırılmağım başqalarına mesaj olacaq. Mən qətiyyən sınmıram, qürurumu, ləyaqətimi saxlayıram. Çünki hesab edirəm ki, mübarizəyə qoşulan adam dəmirə bənzəyir. Döyüldükcə daha da möhkəmlənməlidir.

– Eldəniz bəy, kinodramaturgiya sahəsində fəaliyyətiniz necədir?

- Milli Şuranın yaranmasında rolum, Ziyalilar Forumunun təsisçilərindən biri olmağım, Milli Şuranın rəhbərliyində olmağım qırmızı parça göstərilmiş öküz təəssüratı yaradıb. Mənim yeganə qazancım kinossenaridir. Mən peşəkar kinodramaturqam. İndi bütün yollarımı bağlayıblar. Xaricdə də üç ölkənin çəkəcəyi film vardı. Böyük bir layihə idi. Milyonlara başa gələn və milyonlar gətirəcək bir film idi. Mənim siyasi fəaliyyətimə görə Azərbaycan əlini çəkdi. Daha sonra Hacı Zeynalabdin Tağıyev haqqında ikiseriyalı film vardı, ssenarim hazır idi. Başqa ssenarilərim də var idi. Rejissorlar deyir ki, «rəhbərlik bildirir ki, o, müxalifətçidir». Başım çıxmır ki, müxalifətçi olmağımın yazılarıma nə dəxili var? Belə başa düşürəm ki, məni pulla imtahana çəkmək istəyirlər. Hər yerdən qazanc yolumu bağlayırlar. Son bir ildə 10-seriyalıq kinokomediya yazmışam. Neçə aydır hazırdır. Yenə də həmin səbəbdən ki, Eldəniz Quliyev müxalifətçidir, heç hara verə bilmirəm. Verdiyim yerlər də tərifləyirlər, deyirlər ki, professional yazılıb. Ancaq yaxın buraxmırlar. Maşınıma da həbs qoyulub. Fantastik cərimələr yazıblar. Halbuki o yerlərdə olmamışam. Elə bil, qəsdən durublar ki, tutmasaq da, pulsuzluqla boğaq. Sıxaq, əzək, sındıraq.

– Sizin ölkədən çıxmağınıza da yasaq var.

- Olduqca qeyri-humanist bir addımdır. Dünyanın bir çox ölkələri mənə sığınacaq vermək fikirlərini bildiriblər. Mən sadəcə, Azərbaycansız yaşaya bilmirəm. Məhkəmə prosesi vaxtı da çox ciddi xəstəliyim var idi. Ciddi müalicə alırdım, İranda müayinədən də keçmişdim. Həkim getməyim üçün vaxt da təyin etmişdi. Demişdi gəlməsən, çox ağır nəticələri ola bilər. Bunun qarşısını aldılar. Sonra Avropada bir çox tədbirlərə dəvət etmişdilər, onlar yarımçıq qaldı. Yəqin ölkədən çıxıb qayıtmayacağımı fikirləşirlər. Mənim çatışmayan cəhətlərimdən biri odur ki, Azərbaycansız bir həftədən artıq yaşaya bilmirəm.

XS
SM
MD
LG