Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:33

Macar komandası Bakıya iyunun 6-da gələcək


Oyunlarda Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq.
Oyunlarda Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq.

-

Azərbaycanın Macarıstandakı səfirliyinin və Macarıstan Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə «Bakı -2015» birinci Avropa Oyunlarında iştirak edəcək macar komandasının Azərbaycana yola salınması ilə bağlı mərasim keçirilib.

Səfirlikdən AzadlıqRadiosuna verilən xəbərə görə, bu oyunlarda Macarıstanın idman şərəfini 200-dən çox atlet qoruyacaq. Bütünlükdə isə macar komandasının tərkibinə 300 nəfərə yaxın idmançı və idman mütəxəssisi daxildir.

Xəbərdə deyilir ki, mərasimi giriş sözü ilə açan Macarıstan MOK-nin baş katibi Bence Szabó Bakıda yüksək səviyyədə təşkil olunan birinci Avropa Oyunları ilə Avropa idmanının tarixində yeni səhifə açıldığını bildirib. O, ev sahiblərinin əsl idman mübarizəsi üçün tələb olunan bütün şəraiti yaratdığını bildirib və Bakının təcrübəsinin sonrakı illərdə bu cür böyük idman yarışlarının keçirilməsinə ev sahibliyi edəcək ölkələr üçün zəruriliyini vurğulayıb.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev 10 gündən sonra Bakının 49 Avropa ölkəsindən gələcək 6 min atleti yüksək səviyyədə qəbul etməyə hazır olduğunu bildirib. O, bu mühüm idman bayramında bir çox avropalıların həqiqi Azərbaycanı özləri üçün kəşf edəcəklərinə və sevəcəklərinə inamını ifadə edib.

Macarıstan Milli Resurslar Nazirliyinin dövlət katibi István Simicskó və Macarıstan MOK-nin icraçı direktoru László Fábián öz çıxışlarında macar idmançılarının qarşısında duran vəzifələrdən danışıblar.

Macarıstan MOK-nin qərarı ilə «Bakı-2015» birinci Avropa Oyunlarına hazırlıq prosesində ölkənin ali beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığa görə səfir Vilayət Quliyev Macarıstan komandasının fəxri üzvü elan olunub. Ona milli komandanın idman forması hədiyyə edilib.

Yolasalma mərasimi konsert proqramı və furşetlə davam etdirilib.

Macar idmançılarının ilk dəstəsinin Bakıya iyunun 6-da yola düşməsi nəzərdə tutulur.

XS
SM
MD
LG