Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:29

Mən hardayam belə, bura haradır?


-

- Həkim, mən bu əsgərin komandiriyəm, allahın bir qəzasıdır olub. Uşaqlar zarafatlaşırlarmış.

Namiq Hüseynov

Aclıq

Hekayə

Təcili yardım maşını hərbi hissədən dar dağ cığırları ilə aşağıya enəndə səhər hələ açılmamışdı.

Göyün üzündə orda-burda hələ ulduzlar parıldayırdı. Növbətçi zabit Babaşov, hərbi həkim Əlixanov və feldşer Təhməzov xəstənin ətrafında oturmuş, susub əsgər Murquzova baxırdılar.

Hərbi həkim cibindən siqaretini çıxaranda zabit Babaşov bir qədər çaşdı və hələ qeyzləndi də, amma az sonra özünü ələ aldı.

- İlahi, mən əlli-ayaqlı gedirəm. Görün nə günə düşmüşəm. Belə gedişlə yarım saata, ən çoxu qırx dəqiqəyə canımı tapşıraram. İlahi, bədənim bomboş boşalıb, cırıq qum kisəsinə dönmüşəm, məndən adam olmaz. Offf, mən necə də su istəyirəm, bu maşında su yoxdurmu, mənə su verin, – deyə əsgər Murquzov nalə çəkdi.

Lakin maşında oturanların heç biri onun səsini eşitmədi, çünki o, nitq qabiliyyətini itirmiş, amma bundan xəbərsiz idi.

- Sən bu kökə salıbsan gədəni? – deyə hərbi həkim üzünü zabitə tutdu.

- Nə deyirsən sən ey, mənim nə xəbərim var, bu gecə hərbi hissədə mən növbətçi qalmışdım vəssalam. Nə zibil olsa gərək mənim günümdə olaydı.

- Kalan pazlayacaqlar sizi, özü də hamınızı birdən. – feldşer rəhim dolu baxışlarla zabitə baxdı.

- Bu çmonun biri idi, mən neynəmişəm, allah bilir, gecə durub gədələrlə nə qələt edirmiş. Hər əclafa görə mən cavab verməliyəm? – zabit bir qədər həyəcanlı səslə dedi.

Bir neçə dəqiqə səsinə hay verən olmadığını görən əsgər gözünü açıb yüngülcə ətrafına boylandı. Dərhal həkimin də, feldşerin də üzündə bir canlanma yarandı, amma əsgər üzünü nə həkimə, nə feldşerə deyil, zabitə çevirdi.

- Mən əldən gedirəm, gör bunlar nə danışır. Mənim xilasım yoxdur. Anam özünü öldürəcək, atamın ürəyi partlayacaq. Offf mən necə də acmışam, bir az yemək olaydı kaş. Başım partlayır, krupnu ilişmişəm deyəsən. Yox-yox bu ölüm məni buraxmaz, mən gedirəm, – əsgər ancaq özü eşitdiyi nitqini bitirib yenidən gözlərini yumdu.

- Dua elə yaşasın, canını qurtarsın, yoxsa əlli-ayaqlı gedəcəksən. Ya da... – həkim gözünü xəstədən ayırmadan siqaretini sömürərək zabitə baxdı, - Əməlli tərləyəcəksən.

Zabit qəzəblə gözünü yerə dikib susdu.

Maşın rayon mərkəzindəki hərbi xəstəxanaya çatanda artıq müstəntiq yanında iki polis nəfəri ilə xəstəxanın önündə gözləyirdi. Maşının qapısına gətirilən xərəyin təkər səslərini eşidən xəstə diksinib gözünü açdı. Maşından düşənlərlə onları gözləyənlər dayanıb bir qədər söhbət etdilər.

- İlahi, niyə mən? Evə getməyə cəmi 3 ay qalmışdı. Axı niyə belə vaxtda. İndi evdəkilər yatır allah bilir. Yazıqları səhər-səhər oyadacaqlar. Pis xəbəri verəcəklər, onlar da göz yaşı içində gələcəklər. İlahi, mədəm necə qazınır, necə yemək istəyirəm, necə çay istəyirəm.

Əsgəri əməliyyat stoluna uzadanda son bir dəfə də gözünü açıb yumdu. Paltarlarını qayçıyla kəsib bədəninin səthinə soyuq, kəskin qoxulu antiseptik sürtdülər. Həkimlərdən biri onun boynunu yan çevirib digərinə nə isə göstərdi, xəstə ağrıdan yüngülcə zarıdı.

Sonra əsgərin hər iki qoluna iynə vurdular və güman ki, ağrıkəsici iynəydi. İndi o soyuqdan başqa heç nə hiss etmir. Gözləri yumulu olsa da görür, səsə görə ayrıd edirdi.

- İndi daha yaxşıdır hər şey, ağrılarım yoxdur, ürəyim sanki döyünmür. Neynəyirsən elə, ölüm burdadır. O məni dartıb aparacaq. Baxarsan. Burdan qurtulsam hər şeyi edəcəm, lap nəşə də çəkəcəm, bazlığa da gedəcəm. Hər şey-hər şey. Əlbəttə, əgər qurtulsam. Belə baxanda həyatın heç bir mənası, filan yox imiş. Yox, düz demirəm?

Soyuqqanlı baxaq hər şeyə. Burda ölməsəm, burdan çıxanda öləcəkdim eyni şeylər olacaqdı. Bircə ağrısı daha az. Bu allahın altında gözlənilməz heç nə yoxdur, - əsgər içində dayanmadan danışırdı.

Əməliyyat təqribən bir saatdır başlamışdı. Birdən iki nəfər əməliyyat otağına girdi, bunlar müstəntiq və yanında zabit Babaşov idi. Həkim çevrilib onlara çəmkirəndə müstəntiq zabiti dümsükləyib bayıra çıxartdı özü isə həkimi yaxına çağırıb pıçıldadı.

- Həkim vəziyyəti nətəridir? Bayaq gözü açıq idi. Siz allah elə edin ölüm işi olmasın.

- Boynunu qırıblar, yaşasa da çiyindən aşağısı işləməyəcək. Əli-ayağı iflic olacaq.

- Başqa harasından vurublar?

- Kəlləsini ayaqlayıblar, qabırğaları xürd-xəşildir.

- Deməli 3-4 nəfər olublar.

- Mən nə bilim üç olub, ya dörd. A kişi, qoy işimizi görək də – həkim sözünü yarımçıq kəsib xəstənin yanına qayıtdı. Xəstə isə bihuşedici ağrıkəsicinin təsirindən bir qədər keflənmiş, ağrıları kəskin azalmış və yəqin ki bu üzdən daxili nitqi heç dayanmırdı.

- İndi Ülviyyəyə xəbər çatsa yəqin vecinə olmayacaq, bəlkə də bir az təsirlənər, amma o it qızının ağlayacağına inanmıram. Ay Ülviyyə, ay Ülviyyə. Sən neynədin? Bilsəydin öləcəm yəqin eləməzdin. Sağ qalsam gəlib işini görəcəm sənin ay Ülviyyə. Sənin o çolaq nənəni... Ufffff, ürəyim.

Birdən-birə xəstənin ürəyi partlayırmış kimi döyünməyə başladı. Ürək ritmi tamam pozulmuş, az qalmışdı dayana. Tibb bacısı dərhal xəstənin qoluna təzyiq aparatını keçirib təzyiqini ölçü, təzyiqi düşmüşdü.

Görünür, çoxlu qan itirmişdi. Ya da indi itirməkdəydi. Amma xəstə özü bumbuz bədənindən başqa ürəyinin dəhşətli döyünmələrini hiss edirdi, o qədər. Başqa heç nə. Nə ürəkbulanma, nə baş ağrısı, nə də hansısa başqa ağrılar.

- Ohhh, mən gedirəm. Baxın, baxın ölürəm. Allah mənə rəhmət eləsin. İlahi, ürəyim necə də yemək istəyir. Məgər, bu boyda xəstəxanada bircə tikə çörək tapılmırdı. Təbii şirə olaydı heç olmasa, ləzzətlə içərdim. İlahi, gör nə yazıq günə qalmışam. Dərdimi deyə bilmirəm.

- Xəstənin qan təzyiqi azalıb, ürək döyüntüləri get-gedə azalmaqdadır. İynə vurmalıyıq dərhal iynə.

- Yaxşı get gətir, amma tez elə - deyə həkim, assisentinə əmr verib dayandı, dərindən nəfəs aldı.

Bayaqdan bəri əməliyyatxananın pəncərəsindən içəri boylanan hərbi hissə komandiri həkimin əməliyyata ara verdiyini görüb dərhal özünü içəri soxdu, həkimə yaxınlaşıb pıçıldamağa başladı:

- Həkim, mən bu əsgərin komandiriyəm, allahın bir qəzasıdır olub. Uşaqlar zarafatlaşırlarmış. Siz allah, müstəntiqə başqa şey deyin. Döyülüb deməyin, məsəlçün, ürəyi tutub, beyninə qan sızıb deyin. İndi ölən-öləcək qalanın evi yıxılacaq. Baxmayın, hamısı cavandır.

Bax, uşaqların qohumları çıxıblar artıq, yoldadırlar, gəlirlər, sizi də görəcəklər. Yaxşımı? Hə?

- A kişi, ayıbdır, orda xəstə ölür, gör sən nə danışırsan, utanmırsan? Məni niyə əsəbləşdirirsən çıx bayıra – deyə həkim komandiri əməliyyatxanadan qovdu.

Asissent həkim iynəni vurandan sonra xəstəyə elə gəldi ki, ürəyi 4-5 dəqiqəlik tamam dayanıb yenidən vurur. Ya da ola bilsin, bəlkə hələ vurmur, amma vuracaq kimi görünür. Çünki xəstə ətrafda baş verənləri dumanlı da olsa hiss edir, səsləri ayırd edir, pıçıltıların mənasını tutmağı çalışırdı və ara vermədən daxili nitqi davam edirdi.

- Yəqin indi günorta olar, anamgil yoldadılar ya da gəliblər, bayırda məni gözləyirlər. Çıxan kimi mütləq təndir çörəyindən yeyib, təbii şirədən içəcəm. Bu ölüm, oğraş ölüm deyəsən mənim yaxamı buraxdı. Ah, mən ölümü gördüm qayıtdım. İndi Ülviyyə də, İlahə də gözləsin məni.

Əməliyyat artıq başa çatmışdı. Həkim ayaqyolunun qarşısında durub siqaret çəkir telefonu ilə oynayırdı. Belə əməliyyatlar nə birinci, nə sonuncu dəfə idi.

İnsana bir dəhşəti bir dəfə yaşadandan sonra, onu növbəti dəfə dəhşət yox zövq kimi yaşamaq istəyir, yenidən və yenidən onun üzərinə qayıtmağa can atır.

Həkim siqaretini çəkib kötüyünü pəncərədən atmaq istəyəndə, xəstəxanın həyətində bayaqkı komandiri və yanında dayanmış bir neçə mülki geyimli kişini gördü, başını bulayıb dodağının altından nə isə mızıldandı.

Gün yenicə dönmüşdü, günorta saat 3-4 olardı. Əsgər Murquzov üstünə metlax düzülmüş çarpayıya bənzər bir yerdə lüm-lüt vəziyyətdə uzanmışdı. Deyəsən, içəridə istilik sistemi işə salınmamışdı. Əsgərin daxili nitqi isə hələ də işləyirdi.

- Ahh yazıq canım, mən necə də üşüyürəm, niyə məni normal yataqda uzatmayıblar, üstümə niyə ədyaldan, yorğandan atmayıblar. İlahi, necə də acmışam, anamgil çatmış olarlar artıq. Niyə onları yanıma buraxmırlar. Niyə heç kim səsimə səs vermir. Mən hardayam belə. Bura haradır...

XS
SM
MD
LG