Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:25

"Qocalar kimi düşünən gənclərin şeirləri ürək bulandırır"


Oğuz Ayvaz
Oğuz Ayvaz

-

"Məncə, şeir pozitiv, işıqlı və bir az da əyləncəli olmalıdır. Çağdaş dünya qəm-qüssəni, kədəri ironiya hədəfinə çevirir, lağ edir"

"Havada bahar" şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Oğuz Ayvazla müsahibə

- Oğuz, səhv etmirəmsə, 2013-cü ildə qardaşın Ayxan Ayvaz "Ədəbi Azadlıq" müsabiqəsində üçüncülük qazananda mükafatı götürməyə sən gəlmişdin...

- Onda Ayxan əsgərlikdə idi, xahiş etmişdi ki, mükafatı mən götürüm.

Özüm 2008-ci ildən mətbuatda çıxış edirəm. Hekayələr, şeirlər yazıram. Son vaxtlar publisist kimi də çıxış edirəm. (gülür) Köşə yazıları yazıram.

Nəsimi Ədəbiyyat Müsabiqəsində nəsr üzrə xüsusi mükafatı da qazanmışam. Belə.

- Sənin də, qardaşının da ədəbiyyatla məşğul olmasında atanız yazıçı Eyvaz Əlləzoğlunun yolunu davam etdirmək kimi prinsipal məqsəd də varmı?

Oğuz Ayvaz qardaşı Ayxanla (solda)
Oğuz Ayvaz qardaşı Ayxanla (solda)

- Xeyr. Məqsədlə ədəbiyyata gəlinməz. Atam aqronom, fermer, futbolçu da ola bilərdi. Özü də yol dediyiniz hansısa zavod deyil ki, atandan sonra sən başına keçib işlədəsən.

- Yarışmaya özünü tanıtım yoxsa, əsas yerlərdən birini qazanmaq üçün qatılıbsan? "Ədəbi Azadlıq"da nəyə iddialısan?

Oğuz Ayvaz (arxada) atası Eyvaz Əlləzoğlu, anası, qardaşı və bacısı ilə
Oğuz Ayvaz (arxada) atası Eyvaz Əlləzoğlu, anası, qardaşı və bacısı ilə

- Əslində heç bir iddiam yoxdur. Özümü tanıtmaq kimi də bir missiyam yoxdur. Deməli, "Havada bahar" şeirini siqaret çəkə-çəkə eyvanda yazdım. Sonra bir-iki dostuma oxudum. Xoşlarına gəldi. Mən də müsabiqəyə yolladım, vəssalam.

- Sənin şeirlərin adətən olduqca sadə, asan anlaşılan, bir qədər də əyləncəlidir. Bununla müasir şeirin hər cür hikmət və nəsihət yükündən azad olunmasının vacibliyini göstərirmək istəyirsən?

- Ümumiyyətlə, şeir ağsaqqal nəsihəti verməməlidir. Ənənəçiliyə qarşıyam. Qocalar kimi düşünən cavan şairlərin şeirləri adamın ürəyini bulandırır.

Məncə, şeir pozitiv, işıqlı və bir az da əyləncəli olmalıdır. Çağdaş dünya qəm-qüssəni, kədəri ironiya hədəfinə çevirir, lağ edir. Biz hələ də ağlamağı sevirik. Belə şeirə nə ehtiyac var? Mərsiyələr var da.

Məncə, şeirdə insanları güldürmək, sevindirmək lazımdır. Əsas məsələ sözü necə və hansı mənada deməkdən gedir.

Əslində, kədər də bizim həyatımızın bir hissəsidir. Ancaq daha ona bu qədər kədərli don geyindirməyə ehtiyac yoxdur.

Oğuz Ayvaz
Oğuz Ayvaz

Ağlayan qızın qabağına ölü yox, gül qoymaq lazımdır ki, gözlərinin yaşını silib həyatın davam etdiyini görsün.

Mən şeirdə pozitivliyin inqilabını etmək istəyirəm

Oğuz Ayvaz yazıçı Kənan Hacı ilə (sağda)
Oğuz Ayvaz yazıçı Kənan Hacı ilə (sağda)

- Sən şeiri öz zövqün üçün yazırsan, yoxsa bununla həm də cəmiyyətə təsir etmək, özünü təsdiqləməyi hədəfləmisən?

- Məncə, özü üçün yazan adam yoxdur. Boş söhbətdir.

Bu yaxınlarda oxudum, hansısa rəssam deyib ki, mən ancaq özüm üçün rəsm çəkirəm.

Oğuz Ayvaz
Oğuz Ayvaz

Eləməyib tənbəllik həmin o özündən deyən rəssamı aparıb tullayıblar uzaq bir adaya, əlinə fırça, kətan veriblər və onu kimsəsizliklə baş-başa qoyublar. Nəticə: rəssam heç nə çəkə bilməyib.

Özünü təsdiqləyə bilməyən, kitab oxumayan, istedadsız, üzərində çalışmayan, yazarcıqların təsəllisi özü üçün yazmaqdır. Hamı tribuna, dediyi sözün hədəfə çatmağını istəyir.

Ətrafımda məni oxuyacaq adamların olması nə gözəl şeydir. Sən şeir oxuyursan və yüzlərlə adam sənin yanındadır. Onlara məğlubiyyəti deyil, qələbənin, gözəlliyin, işığın tərifini danışmaq lazımdır.

Onsuz da pessimist şairlərimiz çoxdur. Ölkəmiz də xoş xəbərlərlə dolu deyil. Elə isə şair ən azı insanları pozitivliyə aparmalıdır.

Və bu yolda tək olmağı istəyəcək qədər axmaq deyiləm.

XS
SM
MD
LG