Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:08

Bəzi banklar ipotekanı dayandırdı


Azərbaycanda bəzi banklar ipoteka kreditini müvəqqəti dayandırıb, bəzilərində ilkin ödəniş 60 faizə qədər qaldırılıb.

Azərbaycanda bəzi banklar ipoteka kreditini müvəqqəti dayandırıb, bəzilərində ilkin ödəniş 60 faizə qədər qaldırılıb.

Mərkəzi Bankın İpoteka Portalında kredit verən bankların ilkin ödəniş şərtləri ilə bağlı məlumat da yer alır. Həmin məlumatlardan da görünür ki, bəzi banklarda ilkin ödəniş faizi artıb.

Tutalım, Bank Respublikadan istər güzəştli, istər də adi ipoteka kreditləri almaq üçün mənzilin dəyərinin 50 faizi qədər ilkin ödəniş edilməlidir. Yəni, 60 min manatlıq mənzil alırsınızsa, onun 30 min manatını banka bəri başdan ödəmək lazımdır.

BƏLKƏ DƏ OYUNLARDAN SONRA...

İpoteka krediti almaq üçün Bakıdakı bir neçə banka müraciət edən Elşən Quliyev deyir ki, İpoteka Portalında ilkin ödənişlərin artımı göstərilib. Lakin real artım, həmin cədvəldəkindən daha çoxdur:

Mən ötən ay bir neçə banka müraciət etdim. Bəziləri, ümumiyyətlə sənədləri qəbul etmədilər, sənədləri qəbul edənlərsə, ipoteka kreditinin dayandırıldığını, ola bilər ki, Avropa Oyunlarından sonra veriləcəyini bildirdilər.

“Əsas problem bu deyil. Əksər banklar dövlət ipoteka kreditlərinin verilməsini dayandırıblar. Mən ötən ay bir neçə banka müraciət etdim. Bəziləri, ümumiyyətlə sənədləri qəbul etmədilər, sənədləri qəbul edənlərsə, ipoteka kreditinin dayandırıldığını, ola bilər ki, Avropa Oyunlarından sonra veriləcəyini bildirdilər. Krediti verən banklarsa mənzilin az qala yarısını ilkin ödəniş kimi tələb edirlər. Onsuz da Azərbaycanda ipoteka kredit şərtləri sərt idi, indi ümumiyyətlə, almaq mümkün deyil”.

BANKLARIN CAVABI...

AzadlıqRadiosu ipoteka kreditləri ilə bağlı kiçik araşdırma aparıb. Bakıdakı bir neçə banka müştəri kimi müraciət edib. Bankların bəziləri ipoteka kreditinin verilməsinin dayandırıldığını təsdiqləyib.

Həmin banklardan biri – “Qafqaz İnkişaf Bankı” ipoteka kreditinin avqust ayından sonra veriləcəyini bildirib:

“Bir neçə aydır ki, ipoteka kreditinin verilməsi dayandırılıb. Sənəd qəbulu dayandırılıb. Ola bilər ki, avqust ayından sonra sənədləri qəbul edilsin”.

Başqa bir bank – “Bank Respublika”dan bildiriblər ki, ipoteka krediti almaq üçün 60 faiz ilkin ödəniş edilməlidir. Bankın kredit şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, bu artım maliyyə bazarındakı “krizis”lə bağlıdır.

9 İLDƏ 573 MİLYON MANAT...

Azərbaycanda ipoteka krediti 2006-cı ildən verilir. Əvvəllər alınan evin 20 faizi ilkin ödəniş formasında ödənilməli, yerdə qalan məbləği – 50 min manatdan çox olmamaq şərtli ilə banklar ödəyirdi. İpoteka kreditləri maksimum 25 il müddətinə illik 8 faizlə verilir. Şəhid və məcburi köçkün ailələri azı 3 il, dövlət qulluğunda işləyənlər və hərbi xidmətdə olanlar, elmlər namizədi, bəzi idmançılar 30 il müddətinə, illik 4 faizlə güzəştli kredit ala bilirdilər.

İpoteka Fondunun mətbuat xidmətinin rəhbəri Samirə Nəsibova deyir ki, bu fond yalnız yenidən maliyyələşməyə məsuldur. Kreditlərin necə və hansı şərtlərlə verməsini bankların özü müəyyənləşdirir.

2006-cı ildən bəri 16 min 855 nəfər ipoteka krediti alıb. Ötən 9 ildə ipoteka kreditinə 573 milyon manat vəsait ayrılıb.

XS
SM
MD
LG