Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Çayxana sahibi 55 illik obyektdən necə məhrum oldu...


Arxiv fotosu
Arxiv fotosu

-

"O çayxananı əvvəl babam işlədib, sonra atam. Atamdan sonra mən işlədirdim. 1958-ci ildən dədə-babadan işlədə-işlədə gəldiyimiz obyektin binasını və altındakı torpağı Reyestr Xidməti, qarşısındakı torpaq sahəsini isə bələdiyyə bizdən xəbərsiz başqasına satıb. 55 il istifadəmizdə olan çayxananı yoxa çıxartdılar".

Ruslan Əsgərov
Ruslan Əsgərov

"UZUN GET-GƏLDƏN SONRA XƏBƏR TUTDUM Kİ..."

Lənkəran rayonu, Şağlaser kənd sakini Ruslan Əsgərov yerli məmurlardan və bələdiyyədən çikayət edir. Deyir, 4 ildir ki, məmur özbaşınalığının qurbanına çevrilib.

Şikayətçi:

"İşlətdiyim çayxana binası 1958-ci ildə inşa olunub və "Azərittifaq"ın balansında ola-ola, "Lənkəran" MMC-nin tabeçiliyində 2012-ci ilə qədər çayxana kimi fəaliyyət göstərib. Bu çayxananı uzun illər babam, sonra atam, atamdan sonra isə mən işlətmişəm. Mən o binanın qanuni payçısıyam. 2012-ci ildə obyekti özəlləşdirmək üçün "Azərittifaq"ın idarə heyətinin sədri Eldar Quliyevə ərizə ilə müraciət etdim. "Azərittifaq"ın müvafiq komissyası qanuni payçı olduğum üçün obyektin mənə satılmasını məqsəduyğun hesab etdi. 2012-ci il 26 sentyabr 100 № li qərarla obyektin mənə satılmasına rəsmən razılıq verildi. Əmlakı özəlləşdirmək üçün müvafiq sənədləri toplayıb Lənkəran Dövlət Reyestr Xidmətinə təqdim etdim. 2013-cü ildə həmin idarədən mütəxəssislər gəlib binaya baxış keçirtdilər. Binanin eskizini çəkib "1 aydan sonra sənədləri verəcəyik" deyib getdilər. 3 ay gözlədim, səs-soraq olmadı".

Deyir, bir də onda səs-sorağı çıxıb ki, obyekt başqasına satılıbmış:

"Maraqlandım görüm, məsələ niyə ləngiyir. Başladılar məni get-gələ salmağa. Məlum oldu ki, eyni əmlakı mənim baş həmkəndlimə də satıblar. Dedim, mən bu əmlakın payçısı olmuşam və özəlləşdirmək üçün üstünlük məndə olub. Reyestr Xidmətindən isə bildirdilər ki, səni aldadıblar, sənə boş kağız parçası satıblar".

Ruslan Əsgərov 4 ildir ki, adiyyəti dövlət qurumlarına müraciət edir. Amma çifayda...

Mübahisəli çayxana
Mübahisəli çayxana

ÇAYXANANIN ƏRAZİSİNDƏKİ YAŞILLIQ MƏHV EDİLİB

Çayxananın binası Şağlaserin başqa sakini Elbrus Ağayevə satılıb və özəlləşdirilib. İndi eyni məkanın iki sahibi var. Ruslan Əsgərov deyir, çayxananı işlədə bilmir, obyektin ərazisindəki uzun illərin yaşıllığı da məhv edilib.

"Mən Elbrus Ağayevə verilmiş mülkiyyət sənədlərini əldə etdim. Həmin sənədlərə görə, 2011-ci ildə Lənkəran Reyestr Xidməti "Azərittifaq"ın balansında olan tikilini qanunsuz tikili kimi göstərərək "b" kateqoriyası ilə Elbrus Ağayevin adına özəlləşdirib. Yəni Lənkəran Reyestr Xidməti "Azərittifaq"ın balansında olan əmlakı qanunsuz tikili kimi göstərib. Bu özü böyük qanunsuzluq və özbaşınalıqdır. Keçən il isə Şaglaser kənd bələdiyyəsinin sədri Allahverən Mirzəyev binanın qarşısından daha 2 sot torpaq sahəsini həmin adama satdı. Bir sözlə, 55 il istifadəmizdə olan obyekti və altındakı, qarşısındakı torpaq sahəsinni rayondakı məmurlarla bələdiyyə əlbir olaraq yoxa çıxartdı".

Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXİ-nin Lənkəran Ərazi İdarəsi "çayxana söhbətindəki" qaranlıq məqamlara işıq salmaq istəmədilər. Çayxana binasının hazırkı mülkiyyətçisinin Şağlaser kənd sakini Elbrus Ağayev olduğunu bildirməklə kifayətləndilər.

Təhvil-təslim aktı
Təhvil-təslim aktı

SƏNƏDLƏR, ALQI-SATQI MÜQAVİLƏSİ, TƏHVİL-TƏSLİM...

Şağlaserdəki mübahisəli çayxana binası "Azərittifaq" İdarə Heyətinin qərarı ilə 2005-ci ildə ləğv olunmuş Lənkəran Kooperativ Cəmiyyətinin balansından çıxarılaraq yeni yaradılmış Lənkəran TədarükTicarət Təmir Tikinti İdarəsinin balansına verilib. Bundan 7 il sonra isə çayxana binası "Azərittifaq" tərəfindən onun payçısı Ruslan Əsgərova satılıb. Bununla bağlı İdarə Heyətinin 26 sentyabr 2012-ci il tarixli Çıxarışında isə qeyd olunur:

"Lənkəran Tədarük-Ticarət və Təmir Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) Şağlaser kəndində sahəsi 60 kv.m olan çayxana binasının payçı Əsgərov Ruslan Şərafəddin oğluna 1000 manata satılmasına razılıq verilsin. Ruslan əsgərovun əmlak üzərində mülkiyyət hüquqlarının tanınması üçün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması təmin edilsin".

Elə həmin tarixdə MMC sədri ilə Ruslan Əsgərov arasında daşınmaz əmlakla bağlı alqı-satqısı müqaviləsi imzalanıb. 20 gün sonra tərəflər arasında təhvil-təslim işləri aparılıb. Çayxana binası Ruslan Əsgərova şəxsi mülkiyyəti kimi təhvil verilib.

"Azərittifaq" 20 avqust 2014-cü ildə MMC-nin məktubuna cavabda yazıb ki, kooperativ təşkilatların balansında olmuş binaların torpaq sahəsi dövlətə məxsus olmaqla təşkilatın istifadəsində sayılır. Binanın altındakı torpaq sahəsinin başqa adama satılması qeyri-mümkündür. Binaya gəlincə isə, Ruslan Əsgərov əmlaka mülkiyyət hüququ əldə edənədək onun istifadəçisi, bu hüququ əldə etdikdən sonra mülkiyyətçisidir.

Hüquqşünas Fuad Hüseynov işdə məhkəmə perspektivi görür:

"Əgər Ruslan Əsgərov həmin çayxananın payçısıdırsa, o, ilkin alıcı üstünlüyünə malikdir. Hətta bina ona satılmamışdan 1 il əvvəl başqasına satılıbsa, məhkəmə həmin alqı-satqı müqaviləsini Ruslan əsgərovun xeyrinə ləğv edə bilər".

YEGANƏ DOLANIŞIQ YERİ ƏLDƏN ÇIXIR

Bu çayxana Ruslan Əsgərovun yeganə gəlir yeri olub. O, çayxananın fəaliyyətinin son günləri olduğunu deyir. İki bacısını və xəstə anasını buradan əldə etdiyi aylıq 200-300 manatla dolandırdığını deyir.

XS
SM
MD
LG