-
İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına keçmiş Könül Həsənquludan yeni şeirlər
Könül Həsənqulu
QLOBUSUN GÖZ YAŞLARI
Əlimdə tutduğum qlobusu ədayla
Fırladıram barmağımın ucunda –
Bir andaca döndərirəm geriyə
Tarixin başını sürətlə
1930-cu illərə.
Gicəlləndimi
İkinci Dünya müharibəsindən geri?!
Ehmalca
Sol əlimin barmağıyla
Toxunuram Qranada bağlarına –
1936-cı ilində
Tuturam dünyanı
Ovuclarımın içində.
Tüpürürəm bütün əlisilahlı
Frankistlərin üstünə
Vahidin qan-qırmızı tüpürcəyi ilə!
Və
Sol əlimlə əzirəm o qoyun qığını
Lorkanı güllələdikləri yerdə.
Sonra
Bir böcək əzmiş kimi,
Durub silirəm əllərimi...
Daha sonra
Vahidin dodağındakı qanı,
Alnındakı
Soyuq təri...
Və uzadıb bir əlimi Şuşaya
Yelləyirəm iki yaşlı atamın taxta beşiyini –
“Laylaa... Ata, laylaaaa.......”
Mən ovuclarımla
Əzirəm dünyanın gicgahını...
Qoy şairlərə atılası
Güllələr qalsınnnnnnnnn
Silahınnnnnnn
Boğazınnnda!
Qoy udqunsun o silah!
Qoy udsun güllələrini frankist udlağıyla!
Qoy onların da parçalansın içalatı!
Qoy öpsün onların da dodaqlarını
Vahidin qanı.
Sıxın dünyanın gicgahını!
İçin dörd nəhəng suları!
Sonda
Ağlayın o suları günəşin altında
Qupquru Qranada torpağına –
Lorkanın “məzarına”
Ağlayın
Qlobusun
Göz yaşlarıyla...
QADININ ƏSR SURƏSİ
And olsun axşamçağına,
İkindi vaxtına, əsr namazına, zamana və ya
Peyğəmbərin əsrinə ki,
Mən idim o sübh çağı səmada!
Gecədən doğan Günəş kimi!
Gözlərimin yaşıyla yudum Qədr gecəsini...
QAR
Canavarlar ulaşır bu gecənin içində!
Qar meşədə
Ağrısını kəsir ağır yaralının.
Qarı qucaqlayır o, açıb qollarını,
Qanısa bir tərəfdən
Əritməkdədir qarı...
Ağaclar donub kor meşədə!
Tel-budaqlarından axıb sallanır fevral –
Yarımşəffaf
Sırsıralar.
Canavarlar ulaşır bu gecənin içində...
Qan meşədə
Susuzluğunu kəsir canavarların...