Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:32

Qonşuların qazanına göz dikən Qarabağ əlili...


Arxiv fotosu
Arxiv fotosu

-

"Bədənimdə qəlpələr var. Özün də kontuziyalıyam. Dava-dərmanla yaşayası xəstəyəm. Nə dərman var, nə pul... Səfalət içərisindəyik. Buna yaşamaq da demək olmaz".

Zeynalabdin Tağıyev qəsəbəsindən Heybət Əsədov "Qaynar xətt"ə üz tutub. Şikayəti kasıbçılıqdandır. Deyir, 6 uşaq atasıdır. Hamısı da azyaşlıdır. Özü 1-ci qrup Qarabağ müharibəsi əlilidir, 20 ildir ki, bədənində iki qəlpə daşıyır. Həyat yoldaşı Zümrüd xanım heç yerdə işləmir.

MƏNDƏN YARDIMIN 6 AYLIĞINI İSTƏYİRDİLƏR...

"İkiotaqlı darısqal evdə kirayədə yaşayırıq. Hamamı yox, tualeti yox, lazım olanda da qonşulara gedirik. İndi özünüz vəziyyətimizi düşünün. Vaxtilə sənədlərimi dəfələrlə təqdim edirdim Sumqayıtın Sosial Müdafiə Mərkəzinə, deyirdilər sənə ünvanlı sosial yardım kəsək, ancaq sən yardımın 6 aylığını bizə ver. Mən də daha çoxdandır ki, müraciət etmirəm oralara. Uşaqlar məktəbə getmir, çünki məktəbə göndərməyə imkanım yoxdur. Qalmışıq qəpik-quruş təqaüdün ümidinə. Yaxşı ki, qonşularım var. Bişirdiklərindən gətirirlər, uşaqlar acından ölmür".

Şikayətçinin sözlərinə görə, müharibə əlili kimi ev növbəsinə durub. Ancaq rahat ev-eşik sahibi olacağı günü ağlına da gətirmir.

Əlilin qonşuları da onun halına acıyır. Məsələn, Səbuhi Rüstəmov deyir, qonşular əl tutmasa, bu ailə acından ölər:

"Evdə nə bişirsə, 1-2 pay çəkib onlara veririk. Ancaq bir ailə nə vaxta qədər qonşuların əlinə baxacaq?"

ƏLİLƏ EV VERİLƏCƏK. AMMA...

Sumqayıt Şəhər Sosial Müdafiə Mərkəzindən "Qaynar xətt"ə bildirdilər ki, Heybət Əsədov adlı şəxs mərkəzə ünvanlı sosial yardım üçün rəsmi müraciət etməyib. Müvafiq sənədlərini toplayıb Mərkəzin rəhbərliyinə yaxınlaşsa, problemi müsbət həll oluna bilər.

O ki qaldı əlilin evlə təminat məsələsinə, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən bildiriblər ki, əlillərə mənzil növbəli qaydada verilir. Qarabağ müharibəsi əlilləri ön növbələrdədir və yəqin ki, bu əlil də növbəsi çatdıqda mənzillə təmin olunacaq.

Əlil isə ümidinin böyük hissəsini fərdi adamların yardımlarına bağlayıb.

XS
SM
MD
LG