Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:12

Azərbaycandan çıxarılan valyuta 2,5 dəfə artıb


-

"Bakı ətrafında satışa çıxarılan xüsusi zövqlü bağ evləri və villaların sayı artıb"

Mərkəzi Bankın son açıqlağı sənədlərin təhlili göstərir ki, bu ilin yanvar-mart aylarında Azərbaycandan çıxarılan depozit və nağd valyutanın həcmi keçən ilin eyni dövrü ilə müqayisədə təqribən iki dəfə yarım artıb.

2014-ci ilin 1-ci rübündə ölkədən çıxarılan depozit və nağd valyuta təqribən 1 milyard 590 milyon ABŞ dolları idisə, bu ilin birinci rübündə göstərici təqribən 3 milyard 655 milyon ABŞ dolları təşkil edib.

Müstəqil iqtisadçılar bunu ölkədən valyuta axını kimi izah edirlər, səbəb kimi isə iqtisadi sabitliyin pozulması, risklərin artmasını göstərirlər: indi zənginlər pulu xaricə çıxarmağa üstünlük verir.

Müxalif ReAL hərəkatının icra katibi Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir ki, kapital axınının sürətlənməsi gözlənilən idi:

Natiq Cəfərli
Natiq Cəfərli

“Çünki devalvasiyadan sonra hüquqi prosedurların çətinləşdiyi, vergi orqanlarının iqtisadiyyata basqısının, iqtisadi həbslərin, təqiblərin artdığı bir dövrdə biznes sektoru “qorxmağa” başlayıb . Biznes və kapital çox həssasdır və belə dövrlərdə güvənli liman arayışındadır”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan zənginləri üçün güvənli “limanlar” ərazicə yaxın Türkiyə və Gürcüstandır. Onun fikrincə, ölkədən pul çıxaranlar həm ölkə vətəndaşları, həm də xarici investorlardır.

Mərkəzi Bankın hesabatı pulu çıxardanların kim olduğunu göstərmir.

Keçən ilin yayında dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayandan sonra dövlət büdcəsinin 53,5 faizi birbaşa Neft Fondundan formalaşan Azərbaycan iqtisadiyyatı “silkələnməyə” başladı.

Hökumət bu il fevralın 21-də manatı dollara nəzərən 33,5 faiz ucuzlaşdırmaqla bağlı qərar verdi.

Mərkəzi Bankın hesabatı devalvasiyadan sonrakı 37 günü əhatə edir. Natiq Cəfərli kapital axınının mart-iyun arasındakı dövrdə daha da artdığını və tədbirlər görülməzsə, artım tempinin bundan sonra da davam edəcəyini deyir.

Nizami Piriyev
Nizami Piriyev

Mayda bir neçə sahibkar, o cümlədən, məşhur biznesmen «AzMeCo» şirkətinin sahibi Nizami Piriyev həbs olunub, daha sonra azadlığa buraxılmışdı, “Avesta» Konserninin prezidenti Hacı İbrahim İbrahimovun (Nehrəmli) isə ölkədən çıxışına qadağa qoyulmuşdu. Səbəb kimi onların Beynəlxalq Banka olan borcu göstərilirdi. APA agentliyi eyni səbəblə həbs olunub daha sonra azadlığa buraxılan sahibkarların 43 nəfər olduğunu yazır.

ƏMLAKIN KÜTLƏVİ SATIŞI BAŞLAYIB

Mərkəzi Bank AzadlıqRadiosunun ölkədən valyuta axını ilə bağlı iyunun 12-də göndərdiyi informasiya sorğusuna gün ərzində cavab verməyib. Hökumət rəsmilərindən mövzu ilə bağlı kiminsə fikrini öyrənmək mümkün olmayıb.

Daşınmaz əmlak bazarı üzrə ixtisaslaşmış ekspert Rəşad Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, son aylar Bakı ətrafında satışa çıxarılan xüsusi zövqlü bağ evləri və villaların sayı artıb: “Əvvəllər belə zövqlü villalar nadir hallarda satışa çıxarılardı”.

Evelanları.az internet saytında yerləşdirilmiş elanlarda 1,5 milyon manata da satılan villalar görmək mümkündür.

Natiq Cəfərli də deyir ki, Bakıda mağazaların, villaların satışı ilə bağlı elanlar son vaxtlar artıb və bu da vəsaiti ölkədən çıxarmaq arzusu ilə bağlıdır.

Natiq Cəfərli deyir ki, əgər hökumət kapital axınının qarşısını inzibati yollarla almaq istəsə, qeyri-leqal axın başlayacaq. Onun fikrincə, hökumət tezliklə iqtisadiyyatı sağlamlaşdırma tədbirlərinə başlamalıdır.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev iyunun 3-də öz Facebook səhifəsində mövzu ilə bağlı yazıb:

“Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər. Buna hakimiyyətdaxili mübarizənin daha da kəskinləşməsi, hakimiyyətin xarici basqının daha da sərtləşməsi kimi siyasi amillər daha çox təsir edə bilər”.

XS
SM
MD
LG