Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:34

Putin Erdoğanı gözlətdi, heç üzr də istəmədi


Andrey Kolesnikov Rusiyanın “Kommersant” qəzetində yazır ki, Putin Erdoğanın qaldığı “Four Seasons” otelinə gəlməli idi. Bir anlığa Ərdoğan Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu və öz ölkəsinin nümayəndə heyətinin daha bir neçə üzvü ilə ikinci mərtəbədəki geniş danışıqlar otağında göründü.

Bu, yumşaq desək, gözlənilməz idi. Çünki hələ nəinki Putin, heç Rusiya nümayəndə heyətindən də heç kim gəlməmişdi. Erdoğan yəqin ki, həmkarını tapmaq üçün ətrafa göz gəzdirdi. Amma onu tapmadığı üçün qaşqabağını tökdü.

Bu, adi hadisə deyildi. Bu, protokol qaydalarının, özü də görünür, türklərinkinin iflası idi. Türkiyə protokol xidməti öz prezidentini danışıqlar otağına çağırır, Rusiya prezidenti isə hələ heç qaldığı oteldən də çıxmayıb. Yaxud da ola bilər ki, onlara lazımi siqnal verilməyib. Yoxsa onlar nəyə görə çağırmalı idi ki?!

Nəticədə belə mənzərə yarandı: Türkiyə prezidenti ətrafa göz gəzdirir, Putin isə nəinki sadəcə olaraq gecikmir, o, hətta heç yerə getməyə hazırlaşmır. Amma gələn kimi çıxıb getmək də qəribə görünərdi.

Və birdən belə demək mümkünsə, xilaskarlar - Rusiyanın xarici işlər naziri Sergey Lavrov və “Qazprom”un rəhbəri Aleksey Miller iti addımlarla otağa daxil oldular. Onların dalınca “Rosatom”un rəhbəri Sergey Kiriyenko və energetika naziri Aleksandr Novak da gəldilər.

Lavrov dərhal Erdoğana yaxınlaşdı. Erdoğan onunla salamlaşdı, amma gülümsəmədi. Heç etika xatirinə də...

Cənab Lavrov Erdoğanla fəal söhbətə girişdi. Belə görünürdü ki, Türkiyə prezidentinin ona cavab verib-verməməsi rusiyalı nazirdən ötrü əsas məsələ deyildi. Amma Türkiyənin xarici işlər naziri baş verənlərə maraq göstərirdi. Çavuşoğlu söhbətə qoşulub nələrisə əlavə edir, ümumiyyətlə, diqqəti özünə çəkmək istəyirdi. Çavuşoğlu Türkiyənin Krımın ilhaqını tanımadığını və heç vaxt da tanımayacağını dəfələrlə bəyan edən adamdır. Ola bilsin ki, o, bunu Lavrova bir daha xatırlatmaq istəyirdi. Yoxsa Çavuşoğlu nəhayət, nəyə görə Lavrovla kənara çəkilməli və söhbəti ikilikdə davam etdirməli idi? Söhbət zamanı Çavuşoğlu tez-tez gülür, həmkarının çiyninə vururdu. Elə görünürdü ki, türk nazir öz şefini unutmuşdu. Erdoğanın isə əsəblər dözmədi və o, iti addımlarla otaqdan çıxdı.

Vəziyyət artıq tamamilə qalmaqallı kimi görünürdü.

İki azərbaycanlı xidmətçinin sakitliyi isə heyrətamiz idi. Onlar təxminən üç dəqiqədən sonra salona dəyirmi masa gətirdilər, onu iki kreslonun arasına yerləşdirdilər. Sonra isə görünür, nəyisə düz eləmədiklərini başa düşüb gətirdiklərini də geri apardılar.

Birdən Ərdoğan gözlənilmədən və bu dəfə başqa bir qapıdan içəri girdi. Dəhşət içində belə düşünmək olardı ki, o, sonra yenə çıxacaq. Doğrudur, əvvəlcə Lavrov gəlməli, Türkiyə prezidenti ilə bir-iki kəlmə danışmalı və Çavuşoğlu ilə bir tərəfə çəkilməli idi. Yəni Erdoğanın hələ 5-7 dəqiqəsi var idi...

Lakin hər halda cəmi 3 dəqiqədən sonra Putin gəldi. Erdoğan Putini qarşıladı, əlini sıxdı, başını yellədi, amma dodağını da tərpədib bir söz demədi. Erdoğan dərhal da kresloya oturdu. Görünür, əlavə heç bir söz deməyə hazırlaşmırdı. Heç Rusiya prezidenti də tələsmirdi. Beləliklə, onlar jurnalistlərin, ən əsası isə bir-birinin iştirakı ilə heç bir söz demədən, kəlmə də kəsmədən bir neçə dəqiqə oturdular.

Putin mətbuat katibi Dmitri Peskova işarə verə və jurnalistlərdən dərhal otaqdan çıxmağı xahiş edə bilərdilər. Amma Rusiya prezidenti bunu etmədi. Görünür, Putin heç bir diskomfort hiss etmirdi.

Türkiyə prezidentinin isə əsəbləri dözmədi. O, jurnalistlərin getməyəcəyini başa düşdü. Qəfildən dedi ki, Avropa Oyunlarının açılış mərasimi çox xoşuna gəlib, amma burada Avropa İttifaqı liderlərindən heç kim iştirak etməyib.

Erdoğanın niyə məhz belə dediyi aydın deyil. Görünür, onda hamısı üst-üstə yığılmışdı (o cümlədən başqa şəraitdə heç vaxt dilinə gətirməyəcəyi bu müşahidəsi də).

Putin buna çox qəribə şəkildə reaksiya verdi: “Eybi yox! Əvəzində Türkiyə Avropa İttifaqına üzvlüyünə namizəd kimi bütün Avropa İttifaqını təmsil edir”.

Bu da kobud alındı. Axı aydındır ki, bu məsələ neçə illərdir Aİ üzvlüyünə namizəd olan bir ölkənin prezidentindən ötrü necə ağrılı məsələdir.

-Biz bu prosesin içindəyik... - Erdoğan dilucu dilləndi.

Bununla mübahisə etmək çətin idi. Bütövlükdə həmsöhbətlər bir-birinə uyğun idi.

Bundan sonra görüş bir saatdan çox davam etdi. Erdoğan “Türk axını”nın tikintisində iştirak etmək niyyətində olduqlarını təsdiqlədi. Özü də əvvəl razılaşdırdıqları müddətdə...

Bu görüş onların hər ikisindən ötrü görünür, çox vacib imiş.

Erdoğan bunu özü istəməsə də yumşalacaqdı. Çünki onların ikisi də heç-heçəyə məhkumdur.

(Tərcümə vurtualaz.org-undur)

XS
SM
MD
LG