Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:07

Ədəbiyyat kütləviləşəndə...


Şair Yevgeny Yevtushenko, 1960
Şair Yevgeny Yevtushenko, 1960

-

BİRİ DƏRC ETMƏKLƏ, BİRİ DƏ ETMƏMƏKLƏ...

Hamı şeir yazır - məmurlar və deputatlar, akademiklər və tələbələr... Başqa sahələrdə uğur qazanmayanlar da düşünür ki, şeir yaza və beləcə, öz ictimai statusunu artıra bilər...

Sovetlərin vaxtında məşhur jurnalist vardı, özü də gözəl yaponşünas idi – V.Ovchinnikov. Televerilişlərin birində o da şeir yazdığını etiraf etdi. Amma nə qədər xahiş-minnət etdilər,- xeyri olmadı, jurnalist şeirlərini oxumadı ki oxumadı...

Əvəzində çox müdrik bir fikir dedi. Dedi ki, insanlar ədəbiyyata iki cür xidmət edirlər - bir hissəsi öz əsərlərini dərc etməklə, bir hissəsi də bunu etməməklə...

O fikir, bir oxucu kimi, mənim mədəniyyət kredoma çevrilib: hər dəfə əcaib bir şeir görəndə, dərhal o sözləri xatırlayıb deyirəm ki, axı bunu dərc etməmək də olardı...

«ŞAİR XALQ» İFADƏSİ TƏRİFDİR, YOXSA...

Mən ədəbiyyatşünas və ya ədəbiyyat tənqidçisi deyiləm. Olsa-olsa, tələbkar oxucuyam. İndi deyəcəyim sözlər, ola bilsin, elə də yaxşı qarşılanmayacaq. Niyəsi də məlum: axı tərifsevən xalqıq. Elə tərifi sevdiyimizdən də epitetlərə çox həssasıq...

Amerikalıların da 60-70 faizi şeir yazır, yəni onlar da, əslində, «şair xalq»dır, amma bizdən fərqli olaraq bunu ciddi qəbul etmir, hətta buna yumorla yanaşırlar...

Belə epitetlərdən biri də «şair xalq» ifadəsidir. Bunu bizə tərif kimi də, qınaq kimi də çox deyiblər. Amma bir dəfə oxudum ki, sorğulara görə, amerikalıların da 60-70 faizi şeir yazır, yəni onlar da, əslində, «şair xalq»dır, amma bizdən fərqli olaraq bunu ciddi qəbul etmir, hətta buna yumorla yanaşırlar...

Bizsə hər şeyi ciddi qəbul edib, sarılırıq qələmə. Hamımız yazırıq. Bu azmış kimi, hamımız da yazdıqlarımızı dərc edirik. İşin tərsliyindən indi buna maneə də yoxdur: beş-altı yüz dollar tapıb hamı kitab çıxarır və bu kitabı ona-buna oxutdurmağa başlayır...

Beləcə, məlum olur ki, dünyasını dəyişmiş akademik, sən demə, həm də «böyük şair» imiş və ya ömrü boyu kolxozda sürücü-traktorçu işləmiş adamın sinəsində «əsl şair ürəyi» çırpınırmış...

BƏLKƏ ŞEİR YAZMAĞI YASAQLAYAQ?

Bəs vəziyyətdən çıxış yolu nədir? İnsanlara şeir yazmağı yasaqlayaq? Yox, bu, insan haqlarını tapdalamaq deməkdir. Düzdür, tarixdə, məsələn, filosofluğun yasaq sayıldığı ölkələr olub. Amma bu, çoxdan olub və üstəlik, ən yaxşı çıxış yolu deyil. Qərəz, insanlara şeir yazmağı yasaqlamaq, hətta «şeir dəftərcələri» tutmağı qadağan etmək olmaz...

Adam zəif şeirlər oxuyur və ona elə gəlir ki, şeir elə belə də olmalıdır. Sonra da başlayır özü yazmağa... Buradan da bizim faciəmiz başlanğıc götürür.

Hamımız həm də oxucuyuq. Hamının şeir yazmasının bir səbəbini də onda görürəm ki, çoxumuz pis oxucuyuq... Yaxşı oxucu olsaydıq, hamı şeir yazmazdı və hamının şeirlə bağlı yüksək standartları, başqa sözlə, yüksək zövqü olardı...

Amma yoxdur. Niyə? Axı zövqü də təhsil və dünyagörüşü formalaşdırır. Görünür, bunların hər ikisi ölkədə çox aşağı səviyyədədir... Adam zəif şeirlər oxuyur və ona elə gəlir ki, şeir elə belə də olmalıdır. Sonra da başlayır özü yazmağa... Buradan da bizim faciəmiz başlanğıc götürür. Bir də görürük ki, zövqsüzlük baş alıb gedir...

«ŞAİR» OLMAĞIN DAHA BİR YOLU...

Burada yaşının, az qala, ahıl çağlarında «istedadı» parlayanları da qeyd etməliyik. Əslində hər şey çox sadədir: öz cızma-qaranı normal bir şairə və ya redaktora verirsən. O da sənin ya mövqeyinə və vəzifənə, ya da elə puluna görə yazdıqlarına əl gəzdirib, onları alababat bir şeyə çevirir. Beləcə, kimsə əlli yaşından sonra dönüb «istedadlı şair» olur...

Uduzansa biz oxucular oluruq, çünki həmin cızma-qaralar bizə də gəlib çatır və biz də onları oxumağa məcbur qalırıq. Oxuyur və əsəbiləşirik...

Tərcümələrin 90 faizi rus dilindəndir. Onlar adamı elə də özünə çəkmir. Düşünürsən ki, imkan düşər, elə rus dilində oxuyuram da bu əsəri...

TƏRCÜMƏ SAHƏSİ HƏLƏ DƏ «AXSAYIR»...

Son vaxtlar dünya ədəbiyyatı ilə təmaslarımız da xeyli zəifləyib. Əvvəllər, heç olmasa, rus ədəbiyyatını və rus tərcüməçilərinin sayəsində dünya ədəbiyyatını izləyə bilirdik...

İndi Rusiya ilə mədəni əlaqələr zəifləyib. O mənada yox ki dövlətlər arasında problem var. Yox, bunu demirik. Problem - üfüqi əlaqələrin, təmasların, birbaşa oxucu-yazar kontaktlarının zəifləməsidir...

...O vaxtlar orijinaldan tərcümə işinə də çox ciddi yanaşırdılar və tərcümələrin keyfiyyəti yüksək olurdu, amma indi yox. Azərbaycanda hələ peşəkar tərcümə institutu formalaşmayıb. Nə vaxt formalaşacağı da bəlli deyil. Tərcüməçi minimum iki dili - öz ana dilini və tərcümə etdiyi xarici dili mükəmməl bilməlidir.

Bir məqam da var: tərcümələrin 90 faizi rus dilindəndir. Onlar adamı elə də özünə çəkmir. Düşünürsən ki, imkan düşər, elə rus dilində oxuyuram da bu əsəri...

ÜFÜQDƏ KEÇİCİ BAYRAQ GÖRÜNMÜR...

Bax belə səbəblərdən ədəbiyyatla bağlı mənzərə o qədər də ürəkaçan görünmür. Təbii ki, bir qəbilə kimi də mövcud olmaq, yalnız özümüzünkülərin «qaya üstünə çəkdikləri və yazdıqları» ilə kifayətlənmək də olardı. Amma biz qəbilə deyilik, axı...

Bəs nə etmək olar? Razılaşmaq lazımdır ki, ədəbiyyat da ciddi məsələdir və ciddi adamların peşəsidir...

Mərhum V.Səmədoğlu deyirdi ki, təzəcə şeir yazmağa başlayanda müəllimlərimdən biri soruşdu ki, bəs bundan sonra nə ilə məşğul olacaqsan? Deyəndə ki həm poeziya, həm də musiqi ilə məşğul olacağam, müəllimim qayıtdı ki, mən səni ciddi adam sayırdım...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG