Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:09

London teatrının menecerindən məsləhətlər


Patni Art Teatrı
Patni Art Teatrı

-

"Ayrı-ayrı peşəkar studiyalarla müqavilə bağlayırıq. Onlar tamaşa hazırlayıb bizim səhnədə göstərirlər."

London teatrının iş təcrübəsi

Patni Art Teatrının baş meneceri Marie Thackwell Oxu zalının suallarına cavab verib.

- Biz ciddi, klassik, macəralı, yeni, bəzən də axmaq tamaşalar qoyuruq. 1964-cü ildə yaradılıb Patni Art Teatrı, 155 oturacaqlı zalı var. Bizim zalımız həmişə doludur. Londonda ən yüksək standartla işləyən teatrlardan biriyik.

- Tamaşaya qoyacağınız əsərləri necə seçirsiniz?

- İldə səkkiz əsas, böyük tamaşa göstəririk. Qalanları xırda tamaşalar olur. İllik proqramı - böyük tamaşaları seçmək üçün bir siyahı tuturuq, sonra onu Patni ictimaiyyətinə, Patninin daxil olduğu Vandsvors ərazisinin fəal üzvlərinə göndəririk.

Onlar siyahıdan seçim edirlər, səs çoxluğu hansı səkkiz tamaşanı desə, onları da təqdim edirik il boyu. Bizim səhnədə Qrup 64 Gənclik Teatrının da tamaşaları göstərilir. Onlar daha çox yeniyetmələr, gənclər üçün tamaşa səhnələşdirirlər.

Qrup 64 Londonun bir çox teatrlarının səhnəsində öz işlərini nümayiş etdirir, onlardan biri də bizik. Bu il bizim səhnəmizdə J.P. Sartrın "Çıxış yoxdur" pyesi, Jessica Swale "Göy corablar", Evan Placey "Sözönü", John Hodge "Əməkdaşlar" və sair göstərilir.

Bu tamaşaların bəzilərini Qrup 64, bəziləri Patni Art Teatrı təqdim edir. Tamaşaların qiyməti standart 12 funt (19 manat) olur. Bəzən tanınmış komediya ustalarının monoloqları üçün bu qiymət 45 funta qalxır.

- 1964-cü ildə dövlət yaradıb bu teatrı?

- Yox, yox! 1964-cü ildə bir neçə yerli drama qrupu toplanıb. Onlar həmin vaxt Qrup 64 çərçivəsində çıxış edirdilər müxtəlif səhnələrdə. 1968-ci ildə köhnə kilsə binasında məskunlaşmışıq, icarə pulu ödəyirdik onda.

1990-cı ildə İngiltərənin Art Konsulluğuna müraciət etdik, kilsəyə icarə haqqı ödəməmək üçün qrant aldıq.

1999-cu ildə Patni Teatr Şirkəti kimi qeydiyyata düşdük. Qrup 64-dən ayrıldıq, amma onlarla həmişə əməkdaşlıq edirik.

Həmin il artıq ciddi bir teatr şirkəti kimi fəaliyyətə başladıqlarına görə, Patni Art Teatrına bir təşkilatçı, menecer lazım oldu. Mən həmin vaxt baş menecer vəzifəsinə gəldim.

- Azərbaycanda teatrlar tamaşaçı azlığından şikayətlənirlər. Peşəkar bir teatr meneceri kimi öz təcrübənizdən nə deyə bilərsiz?

- Birincisi, biz tamaşaları interaktiv seçirik, yəni tamaşaçıların istəyi nəzərə alınır. İkincisi, teatrın üzvləri var, illlik abunə paketi alırlar və tamaşalara baxmaq çox ucuzlaşır o paketi alanda.

- Neçə nəfər işçiniz var?

- Ştatlı işçilərimiz 4 nəfərdir. Biz ayrı-ayrı peşəkar studiyalarla müqavilə bağlayırıq. Onların hərəsi öz əlaqələrilə, öz aktyor qrupu ilə tamaşa hazırlayıb bizim səhnədə göstərir.

Teatrı yalnız tamaşa göstərəndən göstərənə açmırıq xalqın üzünə. Teatrımız hər gün açıqdır, burda incəsənət-teatr məşğələləri keçirilir, 4 yaşından başlayaraq uşaqlar üçün teatrla tanışlıq saatları olur, anaları onları bir saatlıq qoyub gedirlər. Könüllülərimiz çoxdur, həmin uşaqları teatr əşyalarıyla tanış edirlər.

- İndi sizin binanınızın hər tərəfində Jane Austenin romanı əsasında “Qürur və qərəz” tamaşasının elanı var. Həmişə məşhur müəlliflərə səhnə verirsiz?

- Biz yalnız klassikləri səhnələşdirmirik. Ötən əsrlərdən Şekspir, Çexov, 20-ci əsrdən Alan Bennett, Tom Stoppard, günümüzdən Neil LaBute, Nick Dear, Joe Penhall kimi dramaturqların əsərləri göstərilir bu teatrda.

Burada çox gənc, amma müəyyən uğurları olan müəlliflərin pyeslərinə böyük yer verilir.

Tamaşaçıların özlərinin bizim yaradıcılıq emalatxanamızda yazdıqları pyesləri də göstərmişik, onda elə teatrın öz abunəçiləri oynayıblar aktyor kimi. Bəziləri elə uğurlu alınıb ki, nəşrə və başqa teatrların səhnəsində də göstərişə gedib.

XS
SM
MD
LG