Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:15

Binaları üzləyən ustalar aksiya keçirib


"Heç, hansı şirkətə işlədiyimizi də bilmirik. Bilmirik pulumuzu kimdən alaq"

-

“Bizi tələsdirdilər ki, Olimpiya Oyunlarına kimi bitirməlisiz. Bütün gücümüzü qoyduq, gecə-gündüz bilmədən işlədik, vaxtından da əvvəl təhvil verdik".

İyunun 17-də bina üzlüyü dəyişən 30-a yaxın usta Nərimanov rayon İcra Hakimiyyəti qarşısında aksiya keçirib. Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçılarının özləri məlumat veriblər.

Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Onların bildirdiyinə görə, aksiya keçirmələrinə səbəb gördükləri işin müqabilində maaşlarını ala bilməmələridir. Aksiyaçılar deyirlər ki, Bakıdakı bina üzlüklərinin dəyişdirilməsi qərarı veriləndən sonra rayonlarda bu işi bacaran ustaların axtarışına başlanıb. Maaşını ala bilməyən etirazçıların əksəriyyəti də rayonlardan gətirildiklərini bildirirlər.

“HANSI ŞİRKƏTƏ İŞLƏDİYİMİZİ DƏ BİLMİRİK”

Şəki rayonundan olan usta İntiqam Quliyev bildirir ki, pula ehtiyacı olduğundan, işləmək üçün Bakıya dəvət olunanda sevinib. O deyir ki, digər ustalarla birgə 10 gündən artıqdır ki, tapşırılan işi yerinə yetirsələr də, pulunu ala bilmir:

“Bizi tələsdirdilər ki, Olimpiya Oyunlarına kimi bitirməlisiz. Bütün gücümüzü qoyduq, gecə-gündüz bilmədən işlədik, vaxtından da əvvəl təhvil verdik. Heç, hansı şirkətə işlədiyimizi də bilmirik. Bilmirik pulumuzu kimdən alaq. Bakıya gələndə ehtiyat xərclik üçün ailənin çörəkpulunu götürüb gəlmişəm. O da qurtarıb, əlavə borca da düşmüşəm. İndi çörəkpulum da yoxdur”.

“OLİMPİADAYA GÖRƏ TƏLƏSDİRDİLƏR…”

Rahib adlı digər aksiyaçı MeydanTV-yə deyib:

“Bizi bura Rəhman adlı briqadir çağırıb gətirib. İş başa çatıb, indi bizə yaxın durmur. Heç bilmirik hansı şirkətdir ki, gedib pulumuzu istəyək. Biz də fəhlə adamlarıq. Olimpiadaya görə tələsdirdilər, gecə-gündüz işlətdilər. Binaya quraşdırılmış dəzgahın üstündə yuxu tuturdu bizi. Bir dəfə az qala dəzgah aşacaqdı, hamımız yüksəklikdən yıxılacaqdıq. Bu cür zülmlə işi təhvil vermişik Qarnımız ac, cibimizdə avtobusa verəcək pulumuz da yoxdur. Qaldığımız evin sahibi kirayə pulunu istəyir. Evdəkilər də bir tərəfdən bizdən çörək istəyir”.

“AKSİYANI DAVAM ETDİRƏCƏYİK”

İntiqam Quliyev deyir ki, iyunun 17-də icra hakimiyyətində onları qəbul ediblər və binanı üzlədən şirkəti tapacaqlarına söz veriblər. O bildirir ki, bundan sonra briqadir ustalardan bir neçəsini çağırıb və pullarının cüzi hissəsini ödəyib. Söz verib ki, ayın axırına kimi bütün borcları ödəyəcəklər:

“Biz pulumuzu indi istəyirik. Aldadırlar yenə. 2-3 nəfərə 5-10 manat veriblər. Bəs digərləri necə olacaq? Həftənin sonuna kimi pullarımızı verməsələr, davamlı aksiya keçirəcəyik”.

Nərimanov rayon İcra Hakimiyyətindən etiraz edən ustaların problem ilə maraqlandıqlarını bildirsələr də, onları işlədən şirkətlə bağlı məlumat vermək istəmədilər.

Mayın 19-da Binəqədi rayonunda hündür mərtəbəli binada 16 nəfərin ölümünə səbəb olan yanğın baş vermişdi. Yanğına keyfiyyətsiz bina üzlüklərinin səbəb olduğu bildirilirdi. Bu hadisədən sonra keyfiyyətsiz üzlüklü binaların yeni üzlüklərlə təchiz olunmasına başlanıb. Rəsmi məlumata görə, Bakıda bu cür binaların sayı 140-dan çoxdur.

XS
SM
MD
LG