Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

Əsirlikdən qurtulan qız: «Zorlayır, sonra da başqalarına ötürürdülər...»


İŞİD əsirliyindən qaçan qız
İŞİD əsirliyindən qaçan qız

-

«Biz ayaq üstə güclə dayanarkən onlar baxırdılar ki, hansımız gözəlik, hansımızın beli incədir, ya gözəl gözü, saçı var, üzü gözəldirmi... Zorlayıb, sonra da başqasına ötürəcəkdilər».

Bu, İraqın Kürdüstan regionundan, Sincardan olan 28 yaşlı yezidi qadın Ghazala-nın dəhşətli xatirələridir. O, «İslam Dövləti» (İD) yaraqlılarına əsir düşüb.

Təhlükəsizlik səbəbindən şərti adla çağırılan Ghazala və bacısı Narin ekstremist qrupların Suriyada de-fakto paytaxtları olan Rəqqada 9 ay saxlanıblar. Onlar kölə kimi satılıb, İD yaraqlılarına xidmətə məcbur ediliblər.

Bacılar bir fəal və biznesmenin köməyi ilə əsirlikdən xilas olaraq Dohuk şəhərinin qaçqın şəhərciyinə gələ biliblər. Onlar başlarına gələnləri də burda AzadlıqRadiosunun İraq xidmətinə danışıblar.

2014-cü il avqustun 3-nü yezidi camaatı heç vaxt unutmayacaq. Məhz həmin gün İD yaraqlıları Sincara hücum edib qadın və uşaqları oğurladı, 200 min adamı ev-eşiyini buraxıb qaçmağa məcbur etdilər.

Ghazala və onun dörd bacı-qardaşı panika içində qaçıb. Valideynləri illər öncə ölən yetimlər qərara alırlar ki, yaxın dağda yaşayan əmilərinin evinə getsinlər. Ancaq İD onları orda yaxalayır. «Burda 100-ə yaxın qohum-əqrəba idik. Onlar hücum edib hamımızı – kişiləri, uşaqları, qızları, hətta qoca qadınları əsir götürdülər» - Ghazala həmin günü belə xatırlayır.

Qaçırılandan bir gün sonra Ghazala və onun qohumlarını Sincardan 52 km aralıda yerləşən Tel-Aftara, oradan da Mosula gətirib həbsxanaya salıblar.

Dohukda qaçqın şəhərciyi - 2015
Dohukda qaçqın şəhərciyi - 2015

«AYAĞA DURA BİLMƏYƏNİ DÖYÜRDÜLƏR»

«Burda çoxlu qadın və uşaq vardı, 5 gün onlar bizə kömək etdilər», - Ghazala bildirir. Onun dediyinə görə, yaraqlılar əvvəlcə 7 yaşlı oğlanları, sonra yaşlı qadınları naməlum yerə aparıblar. Qızlar üçün ayrı avtobus gətirib Tel-Afardakı məktəbə aparıblar. Sonradan isə Ghazala-nı, bacısını və qalan qızları Rəqqaya gətiriblər. Burda onları seks kölə kimi tərkibində xarici döyüşçülər olan yaraqlı qruplara satıblar.

«Hər saatda İD yaraqlıları gəlirdi, iki, üç, dörd, beş, altı, yeddi olurdu. Onlar əllərində iri çubuqla qapını açıb ayağa durmağımızı istəyirdilər. Dura bilməyəni rəhmsizcəsinə döyürdülər» - Ghazala deyir.

Ghazala bildirir ki, yaraqlılar qızlara müvəqqəti maraq göstərir, onları zorlayır, sonra da başqa yoldaşlarına ötürürdülər.

VALİ HƏDİYYƏSİ-QIZLAR

O xatırlayır ki, bacıları və yeniyetmə qohumu ilə birgə Homs valisinə hədiyyə kimi göndərilib. Hələ Rəqqada vali onlara deyib ki, vəzifələri ona xidmət etməkdir: «Dedik ki, xidmətinizdə durarıq, ancaq bizimlə evlənmə». Ghazala valinin gecə necə gəlib onları qaranlıq binaya apardığını təsvir edir. Ancaq onlar burda bir gecə qalıblar. Sabahısı Vali onu və bacısı Narin-i Homsa aparıb.

Zorlama qurbanları, Dohuk, 2015
Zorlama qurbanları, Dohuk, 2015

«O qızların taleyi necə oldu bilmirəm», - Ghazala deyir.

Ancaq tale burda da onu rahat buraxmır. 60 yaşlı İŞİD-çi onu dilə tutmaq istəyir ki, evlənsin, ancaq razılaşmır. Qocanı özünü öldürəcəyi ilə hədələyir. Qızlar yenidən başqalarına satılırlar. «İD yaraqlılarının verdiyi əzablara dözmək mümkün deyildi. Bacım yanımda olmasaydı, özümü öldürərdim», - Ghazala bildirir.

Onları Abu-Shujaa adlı bir fəal və biznesmen xilas edir. Ghazala deyir ki, ancaq başqa yezidi qadınlarının İD-dən xilas olma şansları yoxdur.

Yezidi fəalı isə qızları nə cür xilas etdiyini açıqlamayıb.

Ghazala deyir ki, iki qardaşının öldü-dirisindən xəbəri yoxdur. Qızlar indi psixoloji reabilitasiya alırlar. Keçirdiyi əzablar Narin-də psixoloji iz qoyub.

Ghazala dünyaya üzünü tutub xahiş edir ki, İD əsarətində olan uşaqların, qızların, qadınların, kişilərin xilasına çalışsınlar.

XS
SM
MD
LG