Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:52

Büdcə pullarını "gizlincə" qapazlayan şirkətlər [Araşdırma]


-

"Lənkəran və Masallı rayonlarının kəndlərində bir neçə şəxs tərəfindən yaradılan və qeydiyyatdan keçdikləri ünvanlara heç bir bağlılığı olmayan bu şirkətlərin maraqlı “uğur hekayələri” var:

Dövlət qeydiyyatına alındıqdan az sonra dövlət satınalmalarına qatılır və irili-xırdalı, bəzən xarakterinə görə diametral fərqli müsabiqələrin qalibi olurlar".

Araşdırma

“BÜDCƏ PİROQ“NUN BÖLGÜSÜNDƏ "CƏNUB" ƏMƏLİYYATI

Ölkənin cənub rayonlarında yaradılmış 20-dən çox şirkət ləğvə hazırlaşır.

İlk addım atılıb: ləğvə dair təsisçinin qərarı Vergilər Nazirliyinə təqdim olunub.

İlkin araşdırmalar göstərir ki, bu şirkətlərin “işi-gücü” dövlət satınalmalarında iştirak etmək olub.

Onların qalib elan edildiyi satınalma prosedurları üzrə 2010-2014-cü illərdə rəsmi açıqlanan müqavilələrin toplam dəyəri 3,7 milyon manatı aşır.

Ekspertlər, eləcə də dövlət nəzarət orqanlarının nümayəndələri deyirlər ki, qanunvericilikdəki müəyyən boşluqlar haradan idarə olunduqları məlum olmayan bu cür şirkətlərin əl-ayaq açmasına şərait yaradır.

Lənkəran və Masallı rayonlarının kəndlərində bir neçə şəxs tərəfindən yaradılan və qeydiyyatdan keçdikləri ünvanlara heç bir bağlılığı olmayan bu şirkətlərin (siyahı burda) maraqlı “uğur hekayələri” var: dövlət qeydiyyatına alındıqdan az sonra dövlət satınalmalarına qatılır və irili-xırdalı, bəzən xarakterinə görə diametral fərqli müsabiqələrin qalibi olurlar.

Söhbət Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) açıqladığı ən azı 123 kotirovka və tenderdən (siyahı burda) gedir.

Satınalan təşkilatlar əsasən rayon təhsil, səhiyyə, mədəniyyət şöbələri, yerli icra hakimiyyətləri və icra nümayəndəlikləri, xəstəxanalar və Dövlət Sərhəd Xidmətinin hərbi hissələridir.

Bu sifarişləri yerinə yetirmək üçün həmin şirkətlər ölkənin “başından vurub, ayağından çıxmalı” olublar.

Hər halda hesabatlardan belə nəticə hasil etmək olar. Yerinə yetirilən işlər arasında cari və əsaslı təmir işlərindən tutmuş, müxtəlif avadanlıq, inventar və ləvazimatın alınmasınadək müxtəlif işlər var.

Dövlət satınalmalarından başqa adı heç yanda çəkilməyən bu şirkətlərin ləğv edilməsi cəhdini isə mütəxəssislər “izin itirilməsi” istəyi ilə əlaqələndirirlər. Müşahidələr göstərir ki, onların yerini yeniləri tutur.

Azərbaycanda 2012-ci ilin yayından şirkətlərin təsisçilərinin adları və onların təsis payları barədə məlumatlar qanunla konfidensial elan edilib.

Buna görə də sözügedən şirkətlərin əksəriyyətinin təsisçiləri, onların işgüzar reputasiyası haqda heç bir rəsmi və ya qeyri-rəsmi məlumat yoxdur.

“Tural-AH” və “Əhliman” MMC-ni yaratmış Camal İmanov, “Sovqat-M” və “Cənub-2000” MMC-ni ayrı-ayrılıqda təsis etmiş Elnur və Elşad Səfərov qardaşları haqda biznes dairələrində heç nə eşitməzsiniz.

Ləğvinə qərar verilmiş 21 şirkətin yalnız birinin adı (“Dəmirağac” MMC, Masallı rayonu, Qəriblər kəndi) indiyədək KİV-də hallanıb: 3762 manat məbləğində vergi borcuna görə 3410 manatlıq məişət avadanlığı siyahıya alınıb.

Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

“Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin direktoru Rəna Səfərəliyeva Azadlıq radiosuna deyib ki, mənşəyi və ixtisas uyğunluğu şübhə doğuran təchizatçıların dövlət satınlamalarına çıxışını əngəlləmək üçün qanunvericilikdə sərt tələblərin müəyyən olunmasına ehtiyac duyulur.

“Dövlət satınalmaları haqqında” qanuna korrupsiya riskini aradan qaldırmağa yönəlik bir sıra düzəlişlər edilməlidir. Məhz bundan sonra dövlət satınalmalarının keyfiyyəti artar, rəqabət mühiti sağlamlaşar. R. Səfərəliyeva belə hesab edir.

Belə ki, dövlət qurumlarının təchizatçısı statusunu qazanmazdan öncə şirkətlərin bir neçə illik təcrübəsi olmalıdır.

“Dövlət satınalmaları haqqında” qanuna korrupsiya riskini aradan qaldırmağa yönəlik bir sıra düzəlişlər edilməlidir.

Məhz bundan sonra dövlət satınalmalarının keyfiyyəti artar, rəqabət mühiti sağlamlaşar. R. Səfərəliyeva belə hesab edir.

İqtisadcı ekspert Zöhrab İsmayıl da bu fikirdədir ki, dövlət satınalmalarına hər şirkətin buraxılması düzgün deyil. O deyir ki, əsas meyar kimi uyğun təcrübənin olması müəyyən edilməlidir.

Daha sonra şirkətin öncə yerinə yetirdiyi iş həcmləri, maddi-texniki təminat səviyyəsi, eləcə də üzərinə götürdüyü iş həcminin maliyyə zəmanəti nəzərdən keçirilməlidir.

Dolayısıyla, bu gün əksər satınalma prosedurlarında olduğu kimi, vergi və s. ödənişlər üzrə borcun olmaması kimi tələb yetərli deyil.

“Dövlət satınalmalarında iştirak etmiş şirkətlərə olan tələblərdən biri də maliyyə şəffaflığı olmalıdır.

Onlar veb sayta malik olmalı, yerinə yetirdikləri işlər haqda, eləcə də illik maliyyə göstəriciləri haqda məlumatları ictimaiyyətə açıqlamalıdır”, deyə Zöhrab İsmayıl bidirib.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu isə həm də bu fikirdədir ki, şirkət dövlət satınalmasında iştirak edibsə, onun dövlət qarşısında olan öhdəliklərinin həcminə olan tələblər müəyyən edilməli, həmçinin, ləğvi prosesinə də əlahiddə yanaşılmalıdır.

“Bir şəxsin bir neçə şirkət yaratması normal bir şeydir. Amma bir şəxsin bir neçə biznes qurumuna rəhbərlik etməsi məsələsinə yenidən baxılmalı, məsələn əmək qanunvericiliyində qəti şəkildə həll edilməlidir”, deyə Q. İbadoğlu fikrini tamamlayıb.

“Bir şəxsin bir neçə şirkət yaratması normal bir şeydir. Amma bir şəxsin bir neçə biznes qurumuna rəhbərlik etməsi məsələsinə yenidən baxılmalı, məsələn əmək qanunvericiliyində qəti şəkildə həll edilməlidir”, deyə Q. İbadoğlu fikrini tamamlayıb.

SDA-nın aparat rəhbəri Ələkbər Quliyev Azadlıq radiosuna açıqlamasında deyib ki, qurumda dövlət satınalmalarında şübhəli əməliyyatlara dair KİV-də dərc olunan məlumatları oxuyurlar.

Agentlik dövlət satınalmalarına dövlət nəzarətini həyata keçirən təşkilat olsa da, bu nəzarətin forma və metodları işlənmədiyindən bu tipli halları yoxlamaq və onlar barədə tədbir görmək iqtidarında deyil.

Bununla belə qurum rəsmisi hesab etmir ki, mətbuatın etimadsızlıqla yanaşdığı bu tipli şirkətlərə həvalə edilmiş malların (iş və xidmətlər) təchizatı yerinə yetirilməmiş qalır.

“Məsələ burasındadır ki, bağlanmış müqavilələrə uyğun olaraq yerli xəzinədarlıq orqanları təqdim edilən sənədləri yoxlayır və maliyyələşdirməni təmin edir.

Bundan başqa, həmin müqavilələr üzrə yaranmış öhdəliklərin icrasına nəzarət satınalan təşkilatın özü, Maliyyə Nazirliyinin Maliyyə Nazarəti Xidməti, Hesablama Palatası və səlahittəyləri daxilində vergi orqanları tərəfindən aparılır.

Müxtəlif xarakterli işlərin eyni şirkət tərəfindən icra edilməsinə gəlincə isə, güman edirəm ki, bu tipli işlərin icrasında qalib şirkət ixtisaslı subpodrat təşkilatlarının xidmətlərindən istifadə edir”. Ələkbər Quliyev belə deyir.

Qurumun nümayəndəsi əlavə edib ki, mənfi reputasiyalı, satınalma prosedurlarında və müqavilələrin icrasında nöqsanlara yol verən təchizatçıların “qara siyahısı” kimi bir mexanizmin yaradılması üzərində iş aparılır.

“Etibarsız malgöndərənlərin siyahısının hazırlanması Qaydaları” işlənib hazırlanaraq, razılaşdırmaq üçün dövlət qurumlarına təqdim olunub. Təkliflərdən biri ondan ibarətdir ki, siyahıya düşmüş şirkətin və ya fiziki şəxsin adı 3-5 il orada qala bilər. Bu dövrdə onlar dövlət satınalmalarında iştirak etməyə buraxılmayacaqlar” deyə o bildirib.

SDA rəsmisi dövlət satınalmalarında şirkətlərin təcrübə göstəricisinə dair ekspertlərin təklifinə münasibət bildirirkən deyib ki, “Dövlət satınalmaları haqqında qanun”da belə bir norma mövcud olsa da, imperativ xarakter daşımır.

Buna görə də büdcə təşkilatlarının tender komissiyaları bir qayda olaraq iştirakçılar üçün bir növ “açıq qapı” siyasəti tətbiq edirlər.

Ekspertlər bu fikirdədir ki, Azərbaycanda dövlət satınalmalarında şəffaflığı azlığı korrupsiyaya yol açan ən ciddi problemlərdən biridir. Buna görə də insan amilini minimuma endirməyə imkan verən elektron satınalmaların tətbiqi sürətləndirilməlidir.

Beynəlxalq maliyyə qurumlarının icrasına texniki dəstək vəd etdikləri bu işlərin yubanması yalnız büdcə xərcləmələrində sui-istifadə hallarında maraqlı olan tərəflərin işinə yarıyır.

Maraqlıdır ki, 2013-cü ilin sonundan etibarən kommersiya hüquqi şəxslərin ləğvi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərdən sonra müxtəlif büdcə xərcləmələrinə cəlb olunmuş yüzlərlə şirkətin ləğvi sanki daşa dirənib.

Bir müddət öncə mətbuatda Əlirza Kərimov iştirakı ilə yaradılan 74, Mehman Mirzəliyevin direktoru olduğu 141, Ağarəhim Məmmədovun – 100, Miskin Hümbətovun – 108, Ravil Seyfullayev – 46 şirkətin bağlanmasına hazırlıqlar haqda yazmışdı.

Lakin Vergilər Nazirliyinin məlumat bazası ilə tanışlıqdan sonra məlum olur ki, aylar, bəzi hallarda isə bir ildən çox vaxt keçməsinə baxmayaraq, onların ləğvi ilə bağlı məlumat dövlət reyestrinə daxil edilməyib. Əks halda həmin şirkətlərin adlarının qarşısında qanunvericiliyə uyğun olaraq “ləğv prosesindədir” yazılardı.

Görünür, vergi orqanları bu məsələdə soyuqqanlı tərpənərək, müəmma dolu işlərdə adı hallanan şirkətlərin bir qələmlə “kələfin ucunu itirmək” cəhdində şübhəli məqamlar aşkar edib.

Qeyd edək ki, Azərbaycanda hüquqi şəxslərin ləğvi uzun bir prosesdir.

Başqa ölkələrdən fərqli olaraq dövlət qeydiyyat orqanı bu işlərin həyata keçirilməsi üçün hər hansı xidmət haqqı almır, hərçənd şirkətlərin yaradılması zamanı müəyyən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulub.

Məsələn, qonşu Türkiyədə şirkətin ləğvi barədə bilirişlərin rəsmi dövlət mətbuat orqanında dərc edilməsi nə az, nə çox, düz 2500 türk lirəsinə başa gəlir.

Şirkətin ləğvi haqqında qeydin dövlət reyestrinə daxil edilməsi üçün isə təsisçilər 730 lirədən keçməli olurlar.

XS
SM
MD
LG