Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Bakının mərkəzində çal-çağırdır


Basketbol səbətinə top atır.
Basketbol səbətinə top atır.

-

Bu günlər Bakı Bulvarında, Fəvvarələr Meydanında çal-çağırdı.

Avropa Oyunlarına görə hər gün əyləncəli tədbirlər, uduşlu yarışmalar keçirilir.

Karaoke, oxuyanlar-oynayanlar, rəqs edənlər...

Yerlilər, əcnəbilər, hamı oxuyur-oynayır.

Əvvəllər şəhərdə belə tədbirlər ancaq Novruz bayramında olurdu. İndi isə tar-kaman gitaraya, müasir musiqi xalq mahnılarına qarışıb.

HƏM DİNCƏL, HƏM DƏ HƏDİYYƏ QAZAN

Bakı Bulvarında dırmanma yarışlarına daha çox oğlanlar qatıldığından aparıcı qızları həvəsləndirmək üçün onların növbəsiz yarışacağını elan edir. Elə bunu deyir ki, qızlar dırmanmaq üçün qoyulmuş süni təpəcəyi bir-birinin ardınca «fəth» edir, oğlanlardan da yüksək nöqtəyə çıxır.

Böyüklər kimi uşaqlar da basketbol səbətinə top atır. Sərrast atan uşaqlar boyama kitabları qazanır. Stolüstü tennis, futbol, iri şarın içində fırlanma, dırmanma, basketbol, sərrast oxatma yarışlarının qalibləri Avropa Oyunlarına bilet, kepka, qısaqol köynəklə mükafatlandırılır. Başqa bir guşədə isə böyüklərə, uşaqlara pulsuz şarlar, spirtsiz içkilər paylanır.

Süni təpəcəyi «fəth» edir.
Süni təpəcəyi «fəth» edir.

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzadlıqRadiosuna deyir ki, bu tədbirlər Avropa Oyunlarına başa çatanadək davam edəcək:

«Oyunlara sponsorluq edən bir neçə şirkət bulvar ərazisində müxtəlif tədbirlər keçirir. Xüsusi yer ayrılıb, şou proqramlar, maraqlı prizlər oynanılır. İnsanlar həm dincəlir, həm musiqiyə qulaq asır, həm də yarışıb hədiyyələr qazanır».

OXU. HƏM TAMAŞAÇI, HƏM DƏ HƏDİYYƏ QAZAN

Fəvvarələr Meydanında isə bir tərəfdə tar-kaman, o biri tərəfdə müasir musiqi həvəskarları toplaşıb. Öz səslərini sınamaq istəyənlər də səhnəyə çıxır.

Elnur Firudinli
Elnur Firudinli

28 yaşlı Elnur Firudinli çıxışını alqışlarla başa vurur. Elnur deyir ki, bu neçə gündə səsini eşitdirmək üçün ona meydan yaranıb:

«Şəhərin mərkəzidir, bura yığışanlar daha çox müasir insanlardır. Yaxşı qəbul edirlər, beşi bəyənməyəndə biri bəyənir. Qəlbimdəkiləri oxuyuram. Avaraçılıqdan, başqa hərəkətlərdənsə, oxumaq daha yaxşıdır. Burda tanıdığım uşaqlar var ki, 5-6 saatlıq məşqdən sonra çıxıb oxuyur».

Sevinc Kərimova
Sevinc Kərimova

21 yaşlı Sevinc Kərimova da mahnısını oxuyub hədiyyə kepka qazanır. Sevinc deyir ki, evdə oxuyanda bura yığışanlar qədər tamaşaçısı olmur. Ona «nə yaxşı çəkinmirsən, çıxıb oxuyursan» deyənlərə də sözü var:

«Həyatda çəkinməli olan şeylər yalan danışmaqdır, başqasının qəlbini qırmaqdır. Özünü ifadə eləmək qədər gözəl bir şey yoxdur. Bir var tək oxuyasan, tək güləsən, bir də var hər kəslə birlikdə».

Sevgilisi ilə Qız Qalası meydanında rəqs edən litvalı Oksana Kuniqişkite isə deyir ki, Fəvvarələr Meydanındakı tədbirin təsirindən çıxa bilmir:

Sevgilisi ilə Qız Qalası meydanında rəqs edir.
Sevgilisi ilə Qız Qalası meydanında rəqs edir.

«Bakı küləklidir. Hər şey əladır. Küləkdə rəqs eləmək də əladır».

«ACLIQ OLSUN, KEF OLSUN»...

Oxuyub oynayanlara əl çalanlar da çal-çağırın onlara müsbət təsir elədiyini söyləyir. 65 yaşlı Fatimə Əmirullayeva deyir ki, hər gün bura canlı musiqi dinləməyə, oxuyub-oynayanlara baxmağa gəlir. Baş verənlərə etinasız yanaşan qoca isə «hamısı bekarçılıqdandır, «aclıq olsun, kef olsun» buna deyiblər», - deyib etinasız əlini yellədir. Qadın isə ona etiraz edir, «hər şeyə əmma qoyma, a kişi, camaata da qalan budur» söyləyir.

Artan musiqi yaşlıların dialoqunu eşitməz edir. Meydandakılar oxuyur, onlara tamaşa edənlərsə əl çalır.

XS
SM
MD
LG