Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:40

Bu nə biabırçılıqdır?!


-

Nərmin Kamal

Bakı Dövlət Universitetinin ingiliscəsi

Təəccüb edirəm ki, bu mövzuda indiyə qədər çox deyinsəm də, nə əcəb hələ heç nə yazmamışam.

Mövzu Bakı Dövlət Universitetinin İnternet səhifəsinin ingiliscə versiyasıdır.

Əgər mən xarici olsaydım, deyərdim ki, bu mətnləri “Google Translate” robotu çevirib. Amma mən yerli adam olduğuma görə, bunları yaxşı tanıyıram. Basməmmədi, "ötür getsin" iş üsullarından yaxşı xəbərdaram. Bilirəm ki, o mətnləri elə azərbaycanlı katibələr tərcümə edirlər.

Elə bil, bir topa ingiliscə sözü qaynadıb töküblər, hərdən aralarına nöqtə qoyublar.

Gündə qapılara qarovul düzdürüb xaricdən bir qrup elm-təhsil adamı qəbul edən ölkənin bu bir nömrəli universitetinin ingiliscə internet səhifəsinə bax.

Xahiş edirəm, məsələn, bu səhifəni açasınız. Orada universitetin xəbərlərinə və təbriklərinə baxasınız.

Rektor, dekan hər dəfə bir xarici elm-təhsil adamıyla görüşəndə, xaricdən hər dəfə bura bir qrup təşrif buyuranda "ingiliscə" xəbər qoyulur sayta.

Neçə vaxtdır izləyirəm. Hər dəfə baxıram, görüm düzəldiblərmi. Görürəm, daha da betər olub.

Əgər əvvəllər səhvlər - hərf səhvləri, bütün xəbərlərin beş dənə çiy söz çərçivəsində yazılması, zaman qrammatikası pozuntuları, universitetin adının gah “the Baku State University”, gah “Baku State University”, gah da “The Baku State University” göstərilməsi, “which” (hansı ki) sözünün hədsiz dərəcədə zorlanması, isimlərdə “a” artiklini arzuolunmaz hesab etmələri, magistratura şöbəsinin adını qısaldıb “MAD department” yazmaqları və bu kimi başqa pinti-lələş məsələlər idisə, indi bunlara daha betərləri əlavə olunub.

Buna baxın hələ:

“Then Nobel Laureate George Fitzgerald Smoots read a lecture to teachers”.

“Nobel Laureate George Fitzgerald Smoots has been in Nanoresearch laboratory too and he interested in the research works and estimated they with the high value”.

“Head of department «Chemical physicists nanomaterials» the professor M.A.Ramazanov was in the city of Dubna participated from May, 11 till May, 13th, 2011 annual the report of the Center of the Innovation on nanotechnologies”.

“Prof. M.A.Ramazanov was in scientific to business trip the cities of Donetsk and Moscow”.

O boyda universitetdə bir dənə ingiliscə bilən adam yoxdurmu ki, bunlara nəzarət eləsin?! Bəs o qədər ingilis dili kafedraları, hərəsində də on-on beş müəllim nədir?

Bu mətnləri yazanlar, yaxud tərcümə edənlər bəlkə elə ingilis dili müəllimləridir?!

Ancaq mən yenə də fikrimdə qalıram, bunları katibələrə tərcümə etdirirlər.
İşə işçi götürəndə "ingiliscə bilən, kompüterdə sərbəst işləyən" tanışı, qohumu, pulverəni götürəndə axırı da belə olar.

Bu yaxınlarda Britaniyada seçkilər oldu, UKIP adlı millətçi partiyanın sədri Nigel Faraj-ın komandasından seçki təbliğatı vərəqəsi alan ingilislər orada iki dənə hərf səhvi tapıblar. Vərəqələrin fotosunu çəkərək, mətbuata göndəriblər.

Nə qədər doladılar cənab Faraj-ı. Partiyanın öz təbliğat vərəqəsinə qeyri-ciddi münasibətinə görə, nə qədər xal itirdi o.

Xaricilər yazı məsələsində çox həssasdırlar. "Ofisiant", "bərbər", "makler" kimi dil tələb olunmayan işlərin adamlarından da məktub alanda görürsən ki, necə yüksək səviyyəli, səhvsiz məktub yazırlar...

İnternet səhifəsi bir universitetin binasından əvvəlki simasıdır. Bu gün bütün dünya universitetləri internet saytları üzərindən qəbul həyata keçirir, elanlarını yayır, tədbirlərinə çağırır.

Bu universitet bir öz həmkarlarının səhifələrini açsın, bir onların ingiliscəsinə baxsın, bir öz ingiliscəsinə. Adam “Xarici tələbələrimiz üçün elanlar” bölməsini belə dillə yazsa, daha o xarici o universitetdə niyə oxusun?! Adama deyərlər, ya bu "ingiliscə" səhifəni bağlayın, ya da o qədər pulunuz var, bu işi normal bir tərcüməçiyə gördürün də.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG