Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:35

Qalib idmançılar milyonları bölüşdürür


Azərbaycan idmançıları Avropa Oyunlarının bağlanış mərasimində - 28 iyun 2015
Azərbaycan idmançıları Avropa Oyunlarının bağlanış mərasimində - 28 iyun 2015

-

Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 milyon 5 min manat pul mükafatı ödəniləcək.

İlk Avropa Oyunlarının bağlanışında Azərbaycan millisinin üzvləri səhnədə məmnunluqla addımlayırdılar.

Bu rahatlığı onlara ümumi medal hesabında Rusiya komandasından sonra ikinci olmaları gətirmişdi. Qızıl medal qazanmış karateçilər Rafael Ağayevlə Firdovsi Fərzəliyev isə medalı dişləyərək kameralara görüntü vermələriylə yadda qaldı.

«DİŞLƏDİM, DADI YOX İDİ...»

Avropa Oyunlarında Azərbaycan 56 medal qazandı. Onlardan 21-i qızıl, 15-i gümüş, 20-si bürüncdür.

Azərbaycan millisinə ilk qızıl medal gətirən 21 yaşlı karateçi Firdovsi Fərzəliyev AzadlıqRadiosuna deyir ki, sevinc, qarışıq həyəcan hisslərindən indi də ayrıla bilmir. Qızıl medalı dişləməsi, medalın dadı haqqında isə bunları deyir:

«Özümüzdən asılı olmayaraq sevincimizi elə bildirdik. Dişlədim, dadı yox idi...».

Çoxları ondan medal gözləməsə də, Firdovsi ilk Avropa Oyunlarında ilk qızıl medal qazanan azərbaycanlı oldu. Deyir ki, indidən gələn il keçiriləcək Avropa, dünya çempionatlarına hazırlaşacaq.

İDMANÇILAR GÖZLƏNİLƏNDƏN DƏ ARTIĞINI ETDİLƏR

İdman rəsmiləri və şərhçilərin çoxu oyunlardan əvvəl millini ilk onluqda gördüklərini deyirdilər.

Azərbaycan birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılıb - 12 iyun 2015
Azərbaycan birinci Avropa Oyunlarına 291 idmançı ilə qatılıb - 12 iyun 2015

İdman şərhçisi Sərxan Musayev isə lap əvvəldən Azərbaycan komandasını ilk beşlikdə görürdü. O, deyir ki, idmançılar gözləntilərdən də artığını etdilər:

«Burda rəqabət dünya arenası ilə müqayisədə daha zəif idi. Ona görə ilk beşliyə düşə bilərdik. Belə də oldu. Bəlkə heç kim yığmamızın ikinci yeri tutacağını gözləmirdi. Sırf idman baxımından bu, böyük nəticə oldu. Ən böyük qazancımız isə o oldu ki, idman infrastrukturu quruldu. Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Olimpiya Stadionu tikildi. Yeni-yeni idman növləri yarandı. Məsələn, triatlonun Azərbaycanda əsası qoyuldu. Üzgüçülük yenidən dirçəlməyə başlayacaq».

GÜCLÜLƏR VƏ ZƏİFLƏR

Sərxan Musayevin fikrincə, Azərbaycan idmançılarının daha çox medal qazandığı - boks, taekvando, güləş növlərində rəqib komandalar Bakıya güclü, komanda növlərində isə nisbətən zəif heyətlərlə gəlmişdilər:

«Azərbaycan idmançılarının uğur qazandıqları bir çox növlərdə ən güclülər gəlmişdi. Təsəvvür edin, 49 olimpiya çempionu, ondan da qat-qat çox dünya çempionu Bakıya gəlmişdi. Təbii ki, ilk dəfə keçirilən yarışa birmənalı münasibət olmur. Bəzən ehtiyatlı, bəzən qeyri-ciddi yanaşma olur. Heç də bütün ölkələr optimal heyətlə gəlməmişdi. Ancaq bu, o demək deyil ki, Azərbaycanın uğurları sırf buna görə idi».

Pərviz Bağırov
Pərviz Bağırov

OLİMPİYA OYUNLARINA VƏSİQƏ YOXDUR

Azərbaycan idmançıları elə bu dəfə də daha çox fərdi idman növlərində qalib gəldi. Ancaq bu qalibiyyət onlara 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazandırmadı. Çünki vəsiqə qazandıran növlərdə Azərbaycan idmançıları uğurlu çıxış etmədi.

Ancaq Avropa Oyunlarında qızıl medal qazanmış boksçu Pərviz Bağırov bu fikirdədir ki, hər bir yarış təcrübə qazandırır:

«Döyüş çətin keçdi. Çünki finala ən güclülər yüksəlir. Şükür Allaha ki, qalib gəldim. Hər bir yarış təcrübə verir. Oktyabrda Dünya çempionatı keçiriləcək. Bu yarış da Dünya çempionatı üçün böyük təcrübə oldu. Ümid edirəm ki, orda da qızıl medala layiq olacağam».

VƏ UĞURSUZLUQLAR

İdman şərhçisi Sərxan Musayev deyir ki, Avropa Oyunlarında bəzi idman növlərində birinci olacaqları gözlənilən Azərbaycan idmançıları bunu bacarmadılar. Məsələn, cüdoçulardan heç biri qızıl medal qazanmadı. Yaxud voleybol yığmasından da gözləntilər böyük idi:

«Yarışın gedişində biz voleybol yığmamızdan uğur gözləyirdik. Çünki qrupda çox gözəl oyunlar keçirmişdilər. Ancaq uduzdular, bürünc medal da qazanmadılar. Samboçular dörd gümüş medal qazandı. Hansı ki, onlardan ən azı ikisi qızıl ola bilərdi. Çüdoçular isə fiaskoya uğradı, cəmi bir medal oldu. Bundan əvvəl onların maliyyə ilə problemləri vardı, bəlkə bu da təsir edib».

Azərbaycan-Hollandiya 3:0
Azərbaycan-Hollandiya 3:0

Cüdo Federasiyasından heç kim bu uğursuzluqla bağlı danışmadı. Azərbaycanın qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Aleksandr Chervyakov isə yetirmələrininçıxışlardan narazı deyil:

«Qarşımıza qoyduğumuz məqsədə çatmadıq. Medal qazana bilmədik. Ancaq yaxşı oyun göstərdik. Komanda ona verilən tapşırıqları yerinə yetirdi. Bizi hələ qarşıda çoxlu yarışlar gözləyir».

Avropa Oyunlarındabirinci yeri 164 medalla (79-40-45) Rusiya, üçüncü yeri 47 medalla (18-10-19) Böyük Britaniya yığması qazanıb.

AZƏRBAYCAN İDMANÇILARINA 8 MİLYON MANAT VERİLƏCƏK

I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 milyon 5 min manat pul mükafatı ödəniləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə qızıl medalçılara və onların şəxsi məşqçilərinə 3 milyon 450 min manat, gümüş medalçılara və onların məşqçilərinə 1 milyon 895 min manat, bürünc medalçılara və onların məşqçilərinə isə 2 milyon 660 min manat veriləcək.

«Bakı-2015» I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 100 min manat prezident, 50 min manat Milli Olimpiya Komitəsi, onun məşqçisinə 50 min manat prezident, 25 min manat Milli Olimpiya Komitəsi mükafat verəcək. II yeri tutanlar 50 min və 30 min, onun məşqçisi 40 min və 15 min, üçüncü yeri tutan idmançı 30 min və 20 min, məşqçisi 15 min və 10 min pul mükafatı alacaq.

XS
SM
MD
LG