Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:50

Ədəbiyyatda mebellər


Yazıçı heykəli, Hampstead
Yazıçı heykəli, Hampstead

- Gənc yazıçılara məsləhətlər

"Tamaşa tərtibatsız, boş səhnədə oynanılsa necə maraqsız olarsa, mebelsiz evdə gəzən və danışan xarakter də o qədər maraqsızdır"

"Çoxlu detal vermək düzgün yol deyil, açar detalları seçə bilmək düzgün yoldur"

"Yazmaq sənəti" rubrikasında bu həftə Mary Rosenblum-ın məkan səhnələri haqda məsləhətlərini təqdim edirik.

Məkan hissini necə yaratmalı?

Süjet, xarakter, qurğu üçlüyündə ən az diqqət yetirilən hissə adətən qurğu olur.

Hadisələrə və dialoqlara diqqət yetirdikcə xəyalında açılmaqda olan ssenarini oxucunun görmədiyini unudursan.

Tutaq ki, sənin qəhrəmanın Viktorian üslubunda bəzədilmiş, ağır məxməri pərdələri olan səliqəsiz bir evdə klassik mebellərin arasında gəzir. Barmaqlarının ucunda gəzib ev sahibini axtaran xarakteri başdan ayağa təsvir etmək məcburiyyətində deyilsən.

Saçları, paltosu kimi bir neçə detal onun oxucunun xəyalında canlanması üçün kifayət ola bilər. Bu, məkana da aiddir.

Sənin xəyalınla oxucunun fikirləri arasında telepatik hiper-link yaranana qədər həmin otağı onlar üçün təsvir etməlisən. O detallar süjet üçün zəruri deyil, amma bir tamaşa tərtibatsız, boş səhnədə oynanılsa necə maraqsız olarsa, mebelsiz boş evdə gəzən və danışan xarakter də o qədər maraqsızdır.

İkitiyəli qılınc

Amma məkanı təsvir etməyə aludəçilik hərəkətliliyi yubada bilər. Məkanı dozasından artıq təsvir etmək gərginliyi azalda, hekayə gücünü, oxucu isə sujetin ipini itirə bilər.

Həddən artıq çox detal az detal qədər pisdir. Bəs orta xətti necə tutmalı? Hekayəni rəyini bilmək istədiyin ilk oxucuya verəndə ondan "Xoşuna gəldi?", "Necə idi?" soruşma, belə spesifik suallar ver:

“Səhnəni gözlərinin qarışısına gətirə bildinmi?"

"Heç qəhrəmanları itirdiyin oldumu?"

"Təsvir həddən artıq deyildi ki?"

Hər bir oxucunun öz "az" və "çox" anlayışı olsa da, əgər onlar özlərini səhradakı kimi hiss ediblərsə, onda sən daha çox detal artırmalı olacaqsan.

Cəngəllik səhnəsində oxucunu yuxu tutubsa, bu, çox pis əlamətdir, deməli, cəngəlliyin detalları kifayət qədər deyil. Bəs nə qədər və hansı detalları seçib yazmalı?

Toxum ək

Hekayələr yazıçılarla oxucuların birgə əməyinin bəhrəsidir.

Əgər sən oxuculara bir neçə toxum versən, onda onlar bütün səhnəni özləri gözləri qarşısına gətirəcəklər, bütün detalları yazmağına ehtiyac qalmayacaq.

Bəs otağı bir neçə detalla necə təsvir etmək, oxucunun təsəvvürünün ixtiyarına vermək olar?

Bunun cavabı açar detallar – nümayəndə detallardır.

Bütün oxucularda bənzər vizual mənzərə yaradan bəzi detallar var. Bunların hansı detallar olduğunu bilmək üçün əvvələlər heç vaxt olmadığın bir məkana get. Sənə tanış olmayan dükana, parka, idarəyə, yaxud yad bir evə.

Oradan çıxan kimi deyil, bir müddət keçəndən sonra otur və bu suallara cavab tapmağa çalış: Həmin məkanda sənin diqqətini daha çox nə cəlb etdi? Nəyi daha asan xatırlayırsan?

Xatırladığın detallar həmin məkana oranın "dadını" verən detallar olacaq. Bir səhnə üçün zəngin qurğu yaratmaq istəyəndə qalanını oxucunun özünün dolduracağı açar detallar tapmaq haqda düşün.

Öz oturduğun otağa bax. Tutalım, sən əşyalarla həddən artıq doldurulmuş, səliqəsiz, çox isti, köhnə dəbli bir ev təsəvvürü yaratmaq istəyirsən.

Nail olmaq istədiyin bu təsviri əlbəttə ki, birbaşa deməli deyilsən. Bəs hansı açar detalları göstərəsən ki, oxucularda o təsəvvür yaransın?

Bəlkə tünd rəngli ağır taxtadan mebel, tozlu ağır məxməri pərdələr, qapının ağzında fil ayağı şəklilndə bir çətir qabı?

Bunları yazmaq kifayətdir ki, hər bir oxucu qalanını özü doldursun. Daha bir-bir qəhvə stolunu, divanı, kresloları təsvir etməyə ehtiyac yoxdur.

"Medelin qapıya özü cavab verdi. Gələn kişini tanımadı. Amma onu içəri dəvət etdi. Kişi onun ardınca gedib mətbəxi keçən kimi kiçik iş otağına girdi, stulda əyləşdi və Medelin çay süməyə getdi."

Bu səhnədə drama əskikdir. Yavaş səhnədir, bəlkə də daha aktiv səhnələr arasında bir fasilədir və elə bu səhnə məkanı oxucuya göstərmək üçün ən uğurlu yer ola bilər. İçəridə nə görürük? Heç nə. İndi gəlin məkana dair açar-detallar artıraq.

"Medelin qapıya özü cavab verdi. Gələn kişini tanımadı. Amma onu içəri dəvət etdi. Kişi içəri girən kimi otağa göz gəzdirdi. Ağır pərdələrə, rəngi solmuş yüzillik mebellərə baxdı, royalın üstündəki vazada bir yasəmən vardı.

Qadın onu modern, ağ kaşı döşənmiş mətbəxə apardı, boz rəngli böyük buz dolabının yanından balaca bağa açılan pəncərənin qarşısında üzlüyü yeyilmiş stulda oturtdu və çay gətirməyə getdi."

Burada daha çox detal var. Mebel, pərdə, gül və royal - oxucular bu detallardan otağı doldurmaqdan ötrü toxum kimi yararlanacaqlar. Mətbəx və ofisə də dair toxum detallarımız var.

Biz Medelin və onun qonağını ağ səhnədən real mebelləri olan, təsəvvürdə asan canlandırıla bilən bir evə gətirdik.

Beləliklə, çoxlu detal vermək düzgün yol deyil, açar detalları seçə bilmək düzgün yoldur. Toxum ək və oxucuna həmin vizual bağıı böyütmək imkanı yarat.

Oxu zalı

XS
SM
MD
LG