Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:11

"Həlal olsun Əşrəfə..."


-

"Bir vaxt babasının dayanmadan vurduğu təpəsinə şimdi bir də gecənin bir aləmi cin vurar, o da hövlnak ayılıb bu işi edər"

Malik Məmmədli

Hekayə

Keyfim gələndə...

(Həsən bəy Zərdabinin 178 illiyinə həsr olunur)

Vallah, bu dünyanın işləri çox qərib. O həddə qərib ki, bəzən bu əjdaha başlı zalım gərdişdən baş açmaq olmur ki, olmur.

Və həm adəm bilmir hamən başı götürüb hangi biyabanə qaçsın. Gərçi, başı götürüb qaçsan, pəs şu zavallı bədənin halı necə ola? Al, bu da sənə daha bir əziyyətli sual.

Şübhə yox ki, etdiyim bu şikayətlərin bir parə səbəbi olmamış deyil, çün ta əzəldən şübhənin şeytandan olduğu bilinər. O yüzdən gecikmədən ərz edim, halimdən siz də xəbərdar olun. Çox güman, elə sizin aranızda da mənim halimdə olanınız az deyil.

Biləsiniz ki, məmləkətin bu bürkülü, qonaq-qərəli, bir batman əcaibliklər yüzündən hali-pərişan günlərində mən, bəndəyi-fəqiriniz, Məhəmmədhəsən əminin eşşəyi sayaq hər iki qulağımı şəkləyib o yana, bu yana vurnuxuram ki, bəlki adam bir xoş xəbər-ətərdən eşidə, bu vəsiləylə könlü şadlana, əhvalı durula.

Və derəm, şükür kəramətinə ki, nəhayətində eşidə: həp olduğu gibi köyün ta qənşər əyağından Çərənçi Səlman bu səfər də əlində bir firqə gazetası ilə qəhvəxanəyə təşrif buyura və ərz edə:

"Sevinin, əğalar!"

Hər kəs, orada toparlanan tüm əhli-hikmət yerbəyerdən "Nə olubdu, Səlman? Nədən sevinək, Səlman? Yenə nə işdi, Səlman?", "Çabuk ərz elə Səlman..." və burda qeyd edilməsi imkansız bir parə başqa şeylər deyib qışqıra.

O da, dəxi bir çevrək səat çərənçilik edə, ardıycan da baş verən qəzaya keçib soruşa ki, pəs "Bizim köyün poçt Novruzəlisi vardı, deyilmi?!"

Hamı səbirsizlənə və yenidən bir ağızdan "Vardı, Səlman, vardı, sən olaya gəl..." bağıra. Səlman da dəvam edə:

"Bax, o hamən nökər Novruzəlinin torunu gözünə döndüyüm Əşrəf insanların cin və şəytanlarla bir məskun olduğu uzaq Əmirkada məmləkətinin, obasının namını ta Zöhrə ulduzunadək ucaldıb."

Səlmanın bu sözlərindən qəhvəxanəyə vəlvələ düşə, cocuq, böyük hər kəs bir-birinə dəyə. Necə, nə cür, hangi üsulla? Bu yenə nə çərənlər, a kişilər?

Bu minvalla, orda olan hər kəsin qaşları bir anda çatıla, ağlı o saət son günlərin məmləkətdəki bayraq ucaltma olaylarına gedə və Səlmanın ağızından çıxacaq cəvaba daha artıq diqqət kəsilib, ürəyində də düşünə ki, görəsən bu pəzəvəng yenə hangi kafəri alıb başına çaxıb yerə ki və ya babalarımızın igidliklərini kölgədə qoyub qürbətdə ün salan necə bir quldurluğa qol qoyub ki, bu çərənçi böylə iftixarla danışa.

Olmaya...? Lənət, min lənət cinlərin və şeytanların ən böyüyünə, o şəxsə ki, Səlmanın adını çəkdiyi hamən uzaq məmləkətdə tüm şər qüvvələri başına toplar və Allahdan qorxmadan şərə hökümətlik edər. Bir səbr edək, hərgah olay şimdi anlaşılar, tələskənlik şeytandadı.

Sən bunları düşünürkən, Səlman da ərz etməyə dəvam edə və görəsən ki, yox baba, dəxi bu iş o işdən deyil. Təmam ayrı bir olay vaqe olub ki, misli-bərabəri ta babamız Adəmdən üzü bu yana görülməmiş.

Böylə ki, bizim hala sünbülündən qan daman bu cocuq Əşrəf mürtədlərin aya və ulduzlara uçan nəsnələr buraxan idarəsində iş düz-qoş etməzmi? Kəndi elmi ilə çox əzəmətli bir məqama yüksəlməzmi?

Amma zalım oğlunun xasiyyəti o həddə tündməcaz ki, buna da bəs deməz, iblisin əlaltılarına son bir dağ çəkmək niyyətiylə şunların ən hikmətli darül-elmlərinin birisində təhsilata qədəm qoyar.

Baaah, Səlmanın bu xoş xəbərinə hər kəsin əhvalı durula, şükran nidaları bir-birinin ardıyca ərşə yüksələ, tüm əhli-qəhvəxanə bir-birini təbrik edə, xoş xəbər də yıldırım sürətiylə çaparaq el-obaya yayıla, toy-bayram başlaya.

Həm ikiqat sevinc ola. Çün, dəxi dün bu hamən Novruzəlinin torunu deyildimi ki, dədəsinin poçt hekayəsi və bir parə cahiliyyəsi dillərdə dəstan olub, ərəb-əcəm demədən tüm dünyanı dolaşıb sorağı ta kafər toprağı Firəngistanadək çatmışdı?

Sən şimdi fələyin düşdüyü tora bax ki, bu köylü fəqirin torunu Allahu-Təalaya gecəbəgündüz etdiyi ibadət və nəzir-niyazların sonucu necə bir hikmətə sahib olmuş və Yaradanının rizasıyla hangi məqama ucalmış.

Derəm, kaş ki Novruzəli əmi sağ olaydı, gözləri görməsə dəxi eşidəydi, eşidəydi ki, zalim fələkdən intiqamı necə alınmış. Kaş şimdi sağ olaydı...

Tüm bunları düşünüb də xəyal edərkən Çərənçi Səlmanın cır səsi məni ayıltdı. Hər kəs gibi mən də dediklərinə diqqət kəsilmək zorunda qaldım. Əlində nə qəzetə, nə dərgi, nə də kağız cinsindən hər hangi bir şey vardı, amma çabuk ərz etmək üçün bir xəbər gətirdiyi təlaşından o saət anlaşılandı.

Çərənçi Səlman, Novruzəlinin torunundan danışmağa başlayıb kəndi adəti üzrə 1 çevrək səat cocuğun tüm əsil-nəcabətindən arayış verdi. Bu anlarda ürəyim gup-gup döyünməyə başladı, gərçi Tanrının bizlərə mərhəmət etdiyini, az sonra xəyalımın gərçəkləşəcəyini zənn etdiyimi deməyə sanıram lüzum yox.

Ancaq, Səlman arayışını bitirdikdən sonra mənimkindən təmam ayrı bir mətləbə keçid etdi. Dediklərindən anlaşıldı ki, pəs bizim bu Novruzəlinin qonşu köydə məskun olan torunu dəllək Əşrəf yoxmu?

Bizim hamən bu Əşrəf dün sübh namazından öncə yuxudan ayılıb yanında yatan arvadının başını ədəb-ərkanla kəsməzmi?

Həm də kəndi üsulu ilə. Uf belə demədən qara mal başı kimi kəsər. Səlmanın ərz etdiyi olay bu məqamına çatanda qəhvəxanədəkilərdən kimsənin cınqırı dəxi çıxmaz oldu.

Hər kəs bilirdi ki, Əşrəf kəsər. Hər kəs Əşrəfin ta əzəldən necə tündməcaz olduğunu da bilirdi.

Gərçi Səlmanın dediklərindən o da anlaşıldı ki, olay səbəbsiz vaqe olmayıb: səbəb o olub ki, bizim bu Əşrəfə gülə-şada üç qarın oğlan doğmuş Sürəyya ərinin yuxusuna bənna Səlimlə bir yerdə oynaşarkən, öpüşüb qoxlaşarkən girib.

Əşrəf də hirsli cocuq, bir vaxt babasının dayanmadan vurduğu təpəsinə şimdi bir də gecənin bir aləmi cin vurar, o da hövlnak ayılıb bu işi edər.

Səlman olayı ərz edib susandan sonra qəhvəxanəya ani bir sükut çökdü. Amma bu səssizlik çox uzun sürmədi. Sürəməzdi də.

Qəfildən köyün ağsaqqal kişilərindən birisinin səlavatı ilə hamən sakitlik pozuldu, ardıyca da qəhvəxanədəkilərin həpsi bir ağızdan "Həlal olsun, həlal olsun Əşrəfə!" deyib qışqırışmağa başladılar.

"Əgər ki, yuxuda görübsə, demək ki, aralarında gərçi nəsə var. Xüsusilə, nəzərə alsaq ki, sübh çağı görülən yuxular yalən olmaz... Həm, xəyanət xəyanətdi, istər yuxuda olsun, istər gərçəkdə. Bir halda ki yuxuda edib, demək, ayıq vaxtı dəxi bu əməlindən qalmaz."

Bu sözləri əlindəki qazamat təsbehinin dənələrini ehmalca çevirə-çevirə deyən kişi bir vaxtın yol kəsən, kərvan soyan, vurub-yıxan baba quldurlarından, dillərə dəstan bu türdən igidlikləri ilə köyümüzün namını ucaltmış kəl Qulamrza idi.

O Qulamrza ki, şimdi həm köyümüzün sözü qeyd-şərtsiz keçən ağsaqqallarından birisidi, həm də xeyli zamandı tövbə edib həqq yoluna dönmüş, bununla da qalmaz, tüm xeyir-şər işlərində böyüklük edər.

Böyləcə, Qulamrzanın sözləriylə məsələ kamalına çatıb, söhbətin nöqtəsi qoyulmuş oldu. Mənsə, qənşərimə qoyduğum papağımı əlimə alıb qəhvəxanədən dışarıya çıxdım.

Dərin bir nəfəs almaq istədim, amma çifayda, hava ciyərlərimə çatmadı. Gün də dəxi o səviyyəyə qalxmışdı ki, adamın təpəsini aman vermədən deşirdi. Buna baxmayaraq, dayanıb yerimdə qaldım; çün, hangi yönə üz tutacağımı bilməz olmuşdum.

XS
SM
MD
LG