Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Dövlət Departamenti: “Cəzasızlıq başlıca problemdir”


​AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin tərcüməsini ixtisarla təqdim edir

-

AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsinin tərcüməsini ixtisarla təqdim edir.

Bölmə 1. İnsan ləyaqətinə hörmət

  1. Özbaşına və ya qanunsuz azadlıqdan məhrumetmə

Orduda əsgərlərin döyülməsi problem olaraq qalıb və bəzi hallarda ölümlə nəticələnib. Yerli hüquq müdafiə təşkilatları noyabrın 1-ə qədər il ərzində orduda azı 75 ölüm halının qeydə alındığını bildiriblər. Bunun da 48-i özünəqəsd, hərbi xidmət yoldaşları tərəfindən qətlə yetirilmə kimi döyüşlə heç bir əlaqəsi olmayan səbəblərdən baş verib.

İl ərzində atəş xəttində gərginlik yüksək olub. İyul və avqust aylarında, eləcə də payızda aparılan hərbi əməliyyatlar nəticəsində atəşkəs rejimi dövründə bir il ərzində ən çox tələfat qeydə alınıb.

  1. Yoxaçıxma

İl ərzində siyasi motivli yoxaçıma halına rast gəlinməyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dekabrın 10-a olan məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4009 vətəndaş itkin düşmüş sayılır.

  1. İşgəncə və başqa qəddar, qeyri-insani, yaxud alçaldıcı rəftar və ya cəza

İl ərzində hüquq-mühafizə orqanları tərəfindən zorakılıqla bağlı yerli hüquq müdafiəçilərinə 324 şikayət daxil olub. Dörd halda işgəncə ölümlə nəticələnib. Məsələn, dekabrın 22-də məhbus Elşad Babayev ölüb. Bacısı bildirib ki, o, işgəncə səbəbindən ölüb. Həbsxana rəhbərliyi ittihamları təkzib edib.

Pis rəftar hallarının əksəriyyəti polis məntəqələrində baş verib. Hüquq-mühafizə orqanları zaman-zaman etirafedici ifadə almaq üçün işgəncə və digər zorakı metodlardan istifadə edib. Belə metodlardan biri kimi bəzən şübhəli şəxslər zorlanmaqla hədələniblər. Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun bildirdiyinə görə, o və əri Arif Yunus aprelin 28-29-da saxlama məntəqəsində olarkən zorlanmaqla təhdid ediliblər.

İstintaq təcridxanasına köçürüldükdən sonra, bir qayda olaraq, zorakı rəftara son qoyulub. Yalnız Leyla və Arif Yunusovlara qarşı onlar istintaq təcridxanasında olarkən də zorakılıq davam edib. Leyla Yunusun vəkilinin məlumatına görə, sentyabrın 23-də təcridxananın rəisi mayor Yaqubov müvəkkilini yerə yıxaraq, saçından dartıb, böyrəklərinə zərbələr endirib.

Pis rəftara məruz qaldıqlarını iddia edən saxlanılan şəxslərin müstəqil müayinəsinə de-fakto qoyulmuş qadağa qalmaqda davam edib.

Həbsxanalarda və saxlama məntəqələrində şərait

Həbsxanalarda şərait pis, bəzən isə həyat üçün təhlükəlidir. Bəzi penitensiar müəssisələrdə saxlanılanların həddən artıq olması, qeyri-adekvat qidalanma, isitmə və havalandırma sisteminin pis olması, zəif tibbi qayğı səbəbindən yoluxucu xəstəliklərin yayılması problem olaraq qalır.

Ədliyyə Nazirliyinin məlumatına görə, penitensiar müəssisələrdə 104 ölüm halı qeydə alınıb. Onlardan 79-u müalicə müəssisəsində baş verib. Daxili İşlər Nazirliyi isə ilin ilk 9 ayı ərzində nazirliyin saxlama yerlərində 2 ölüm halının baş verdiyini bildirib. Prokurorluğun məlumatına görə, hər iki hal ölənin səhhəti ilə bağlı olub.

Məhbuslar nəzarətçilər tərəfindən döyüldüklərini və təcrid kameralarına salınmaqla cəzalandırıldıqlarını bildiriblər.

Məhbusların çoxu məhkəmə orqanlarına və Ombudsmana şikayət edə bildiklərini söyləsələr də, həbsxana rəhbərliyi məhbusların yazışmalarını daim oxuyublar.

Hökumət bəzi beynəlxalq və yerli təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin, Avropa Şurası Parlament Assambleyası sədrinin və İşgəncələrə qarşı Azərbaycan Komitəsinin həbsxanalara ziyarətinə icazə verib. Ədliyyə Nazirliyi İşgəncələrə qarşı Azərbaycan Komitəsindən penitensiar müəssisələrə baş çəkməzdən qabaq məlumat verməyi tələb etsə də, Daxili İşlər Nazirliyi belə bir məlumatlandırma şərti qoymayıb. Sentyabrın 17-də BMT-nin İşgəncələrə qarşı alt komitəsinin müstəqil ekspertləri hökumətin bəzi saxlama yerlərinə baxışa icazə verməməsi səbəbindən səfərlərini qısaltmalı olublar.

  1. Özbaşına həbs və ya saxlama

Qanun özbaşına həbs və saxlamanı qadağan etsə də, hakimiyyət ümumilikdə bu qadağaya riayət etməyib və cəzasızlıq başlıca problem olaraq qalıb.

Polis və təhlükəsizlik aparatının rolu

Polis kütləyə nəzarət etmək üçün müxtəlif metodlardan istifadə edib. Bəzi hallarda dinc etirazçıları saxlayaraq, onlara qarşı həddən artıq güc tətbiq edib.

Ümumilikdə, təhlükəsizlik qüvvələri cəzasız qalsa da, Daxili İşlər Nazirliyi il ərzində vətəndaşlara qarşı pis rəftara, əsassız saxlama və həbsə görə 190 polis əməkdaşı barəsində intizam tənbehi tədbiri görüldüyünü açıqlayıb.

Həbs proseduru və saxlanılanlara qarşı rəftar

Aprel ayında parlament Cinayət Məcəlləsinə dəyişiklik edib. Polisin fərdi məhkəmə qərarı olmadan saxlamaq müddətini 48 saatdan 96 saata qaldırıb. Ayrı-ayrı vaxtlarda məhkəmə qərarı olmadan günlərlə saxlanılma halları baş verib. Bəzən isə məhkəmə fərdin həbsi barədə qərarı onun həbsindən sonra çıxarıb. İstər siyasi həbslərdə, istərsə də adi həbslərdə vəkillə təmin edilmə hüququ tez-tez pozulub. Bakıdan kənarda vəkillə təmin olunma məsələsi xüsusilə acınacaqlıdır.

Müxalif fəal, hökumətin Facebook-da tanınmış tənqidçilərindən olan Fərəc Kərimov heç kimə xəbər verilmədən 10 gün saxlanılıb. Məlumata görə, həmin 10 gün ərzində o, narkotiklə bağlı ittihamı boynuna alması üçün döyülüb. Amnesty İnternational Fərəci və ondan 6 gün əvvəl həbs edilmiş qardaşı Siracı “vicdan məhbusu” elan edib.

Bəzi hallarda fərdi yaxalamaq üçün polis onun yaxınlarından girov kimi istifadə edib. Avqustun 2-də polis Facebook və AXCP fəalı Ruslan Nəsirlinin atasını saxlayaraq, onu yalnız Nəsirlinin polisə təslim olmasından sonra azad edib.

Özbaşına həbs: Polisə müqavimət, qanunsuz narkotik vasitə və ya silah daşıma, yaxud ictimai asayişi pozma kimi qondarma ittihamlarla özbaşına həbslər həyata keçirilib. Məsələn, yanvarın 24-də Facebook fəalı və bloqqer Ömər Məmmədov həbs edilərək, qanunsuz narkotik maddə daşımaq ittihamı əsasında 5 il azadlıqdan məhrum olunub.

Amnistiya: Mayın 26-da prezident 171 məhkumu əfv edib. QHT-lər onlardan 3-nün siyasi məhbus olduğunu bildiriblər. Oktyabrın 7-də daha 84 məhbus əfv edilib. Onların arasında 4 NİDA-çı siyasi məhbus olub. Hakimiyyətin həmin 4 şəxsi əfv üçün peşmançılıq ərizəsi yazmağa məcbur etdiyi bildirilir. Nəhayət, dekabrın 29-da aralarında 10 siyasi məhbusun olduğu daha 87 məhkum əfv olunub.

  1. Ədalətli mühakimədən imtina

Konstitusiyanın müstəqil məhkəməyə təminat verməsinə baxmayaraq, hakimlər icra hakimiyyətindən müstəqil fəaliyyət göstərmirlər. Məhkəmə sistemi korrupsiyalaşmış və qeyri-səmərəli olaraq qalır. Bir çox məhkəmə qərarı hüquqi cəhətdən əsassız olub, məhkəmə çəkişməsində təqdim edilən sübutlara uyğun gəlmir. Etibarlı məlumatlara görə, hakim və prokurorlar Prezident Administrasiyasından və Ədliyyə Nazirliyindən təlimat alırlar.

Məhkəmə proseduru

Bir çox hallarda hakimlər öz qərarlarını yekunda oxumayıb. Yaxud qərarlarını əsaslandırmayıblar.

Çox az sayda oturacaqları olan kiçik məhkəmə zallarından istifadə, habelə iclasın başlanma vaxtının son anda dəyişdirilməsi bəzi məhkəmə işlərində ictimaiyyətin iştirakına əngəl törədib.

Hakimiyyət hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevə qarşı işlərdə onların müdafiə komandasında bəzi vəkilləri uzaqlaşdırmaq üçün müxtəlif metodlara əl atıblar. AzadlıqRadiosunun Bakı Bürosunun bağlanmasından və onun işçilərinin istintaqa çağırılmasından sonra hakimiyyət bir yerli vəkilin onları təmsil etməsinə imkan verməyib.

Həssas işlərdə vəkil kimi çıxış etmək istəyən bir sıra vəkilə müxtəlif yollarla, o cümlədən Vəkillər Kollegiyasının qərarı ilə qadağa qoyulub. Məsələn, dekabrın 10-da Kollegiya Leyla Yunusun işindən uzaqlaşdırılmış iki vəkildən biri olan tanınmış hüquqşünas Xalid Bağırovu öz sıralarından xaric edib. Vəkillərə qarşı istifadə olunan başqa metodlara misal olaraq, tanınmış hüquqşünaslar Əlabbas Rüstəmovun iyunun 28-də, İntiqam Əliyevin isə avqustun 8-də həbs edilməsini göstərmək olar.

İstintaq çox vaxt maddi sübutlar toplamaqdan daha çox etirafedici ifadə almağa səy göstərib.

Siyasi məhbuslar və saxlanılanlar

Noyabrın 1-ə olan məlumata əsasən, ayrı-ayrı QHT-lər siyasi məhbusların sayını 24-dən 135-dək qiymətləndirirlər. Avqustun ortalarında yerli hüquq müdafiəçiləri vahid siyahı tərtib ediblər. Bu siyahıda siyasi motivlərlə həbs edilmiş və ya məhkum edilmiş 98 nəfərin adı var. Onlar arasında müxalif REAL hərəkatının sədri, sabiq prezidentliyə namizəd İlqar Məmmədov, jurnalist, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu, QHT rəhbəri Anar Məmmədli, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus, onun əri Arif Yunusov, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, beynəlxalq aləmdə tanınmış hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev, dinşünas alim Taleh Bağırzadə, müstəqil araşdırmaçı jurnalist Xədicə İsmayılova, çoxlu gənc fəal və başqaları var.

Polis şübhəli şəxslərin ailə üzvlərini, müxalifətçiləri, habelə bəzi QHT-lərin rəhbərlərini və işçilərini, eləcə də onların ailə üzvlərini təhdid etmək, bəzən də həbs etmək təcrübəsindən yararlanmağa davam ediblər. İyulun 30-da Siyasi Məhbuslarsız Azərbaycan təşkilatının koordinatoru və keçmiş siyasi məhbus Oqtay Gülalıyevin 17 yaşlı oğlu Əli Gülalıyevə qarşı cinayət işi qaldırıb. Atanın siyasi məhbusları müdafiə fəaliyyətini dayandırmadığı təqdirdə oğulun hədəfə alınacağı barədə polisdən təhdidlər səslənib.

Əmlak hüququ ilə bağlı şikayətlərin sayı əvvəlki illərlə müqayisədə artmaqda davam edib. Mülkiyyətçilər ekspropriasiya olunan əmlaklarının qarşılığında bazar dəyərindən çox aşağı kompensasiya alıblar. Məhkəmə sisteminə inanmadıqlarına görə onlar ədalətli kompensasiya üçün məhkəməyə müraciət etməyə həvəs göstərməyiblər.

Azərbaycan hökuməti: qərəzlidir, qara piardır

ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqlarını tənqid edən bu hesabatı hökumət nümayəndələrinin sərt reaksiyaları ilə qarşılaşıb. Rəsmilər tənqidləri “qərəzli kampaniya”, “qara piar” adlandırıblar.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hesabatla bağlı deyib ki, Dövlət Departamenti Azərbaycanla bağlı iddiaları yanlış məlumatlar əsasında hazırlayıb, hesabat subyektiv və qərəzli xarakter daşıyır.

Prezidentin mətbuat katibi Azər Qasımov deyib ki, “Azərbaycana qarşı iftira, böhtan, qərəzli kampaniya aparan ölkələr və ayrı-ayrı qüvvələr bilməlidirlər ki, bütün bunlar Azərbaycanı gələcəkdə də müstəqil siyasət həyata keçirməsi, regional əməkdaşlığın və ölkədə sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində tutduğu mövqedən döndərə bilməz”.

XS
SM
MD
LG